Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar - Dövlətin süqutu

Şirvanşah Şahrux hakimiyyətə gəldiyi dövrdən Osmanlı xanədanı ilə əlaqəyə girərək Sultan I Süleymana məktub göndərərək ona sadiq olduğunu bildirmişdi. Şirvanşah Şahruxa qarşı üsyanların baş verdiyi bir dövrdə Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah I Təhmasib əlverişli bəhanə tapdı. H.945 (1538)-ci ilin baharında Əlqas Mirzə, Qorçubaşı Padarın müşayiətilə Kürü keçdi, Şirvana girərək, 300 nəfər qarnizonla birlikdə Surxab və Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın ən möhtəşəm qalası olan Gülüstanı mühasirəyə alındı. Eyni zamanda Buğurt qalası da mühasirəyə alındı. Şirvanşah Şahrux doqquz ay Buğurt qalasında mübarizə apardı. Cənnabinin məlumatına görə Buğurta gələn şah Təhmasib adamlarını Şahruxun yanına göndərərək, ona aman, böyük iqta və müxtəlif hədiyyələr veriləcəyini vəd etdi. Lakin bunların hamısı yalan çıxdı. Sonra şah Şamaxının bütün sərkərdələrinə və rəislərinə hər cür nemətlər vəd edərək onlara xəyanət edərək aldatdı. O, şəhərin yüksək rütbəli sakinlərindən zorla iri məbləğdə pul alaraq, sonra onların çoxunun edam olunmasını əmr etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və Şirvan əmirləri hədiyyələrlə Təhmasibin hüzuruna gələrək saraylarının və xəzinələrinin açarlarını itaətlə şahın vəkillərinə təqdim etdilər. Şirvanşahların hələ XIII əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə I Təhmasib sahib oldu.

Qəley-Buğurt qalasının süqutundan sonra, Şahrux, Hüseyn bəy və Məhəmməd bəy həbsxanaya salındı. Buğurt qalasını uçurmaq əmr edildi. H.945-ci il cəmadiyüləvvəl ayının üçündə cümə günü (27 sentyabr 1538-ci il) Gülüstan qalasının kütvalı Nemətulla bəy şahın hüzuruna gəlib qalanı ona təslim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam olundu.

Şah Təhmasib Şirvanı iqta kimi qardaşı Əlqas Mirzəyə verdi, Şirvanşah Şahruxu da əsl qul kimi qandalladaraq özü ilə götürüb Təbrizə qayıtdı və h.946 (1539)-cı ildə onu gizlincə edam etdirdi, "onun həyatı şahın əmri ilə söndü". Təhmasib Şirvanı tutduqdan sonra Şirvanşahlar xanədanın devrildiyini elan etdi və Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Ölkə şahın qardaşı bəylərbəyi Əlqas Mirzənin idarə etdiyi vilayətə çevrildi. Şirvanın, demək olar ki, bütün zadəganları məhv edildi, onun torpaqları qızılbaş tayfalarının başçılarına, əmirlərə paylandı.


Tarix: 12.02.2015 / 13:51 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Şirvanşahlar dövləti
loading...