Fəaliyyəti
III Fəribürzdən sonra Şirvanda hakimiyyətə onun oğlu II Axsitan keçdi. II Axsitan hakimiyyətə h.641 (1243/4) – 653 (1255/6)-cü illər arasında başlamışdır. Bu dövrdə yaşamış Zəkəriyyə Qəzvini (1203-1283) öz əsərində II Axsitanın adını çəkərək yazır: "Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır". Zəkəriyyənin sözlərinə görə, "Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi". O, sonra Axsitanın o vaxtlar Zirehgəranı tutmaq üçün ora yollandığını, lakin əhalinin bundan əvvəl Dərbənd hakimlərinin hücumu kimi, onun da hücumunu dəf etdiyini deyir. Göründüyü kimi, bu məlumatlar II Axsitanın hökmranlığın lap başlanığıcına, Hülakü xanın ölkəni işğal etməsindən əvvələ aiddir. Daha sonra Şirvanda son dərəcə möhkəmləndirilmiş Biqur (Buqrurt) adlı qala barəsində məlumat verilir.
II Axsitanın hökmranlığı az sürmüşdür. O, h.658 (1260)-ci ildə Hülakü xanın əmri ilə öldürülmüşdür. Ərəb müəllifi ibn əl-Füvatanın məlumatına görə "Əla əd-Din Fəribürz ibn Güştəsb əl-Şirvani Şirvanın hökmdarıdır. Qədim nəsldəndir. Adı çəkilən Əla əd-Din böyük sultan Hülakü xanın h.658 (1260)-ci ildə öldürdüyü Şirvan hakimi məlik Axsitanın atasıdır". Mənbələrdə II Axsitanın öldürülməsinin səbəbi xəbər verilmir. Yalnız ehtimal edilir ki, Şirvanşah monqol hökmdarının sadiq vassalı kimi Hülakü xanın Abbasi xəlifəsinə qarşı yürüşündə kifayət qədər cidd-cəhd göstərməmişdir. II Axsitan ibn III Fəribürziin hakimiyyəti h.641 (1243/4) və 653 (1225/6)-cü illər arasında başlamış və h.658 (1260)-ci ilə qədər – ölənədək davam etmişdir.
Hülakülərdən asılılıq
Azərbaycan monqollar tərəfindən işğal olunduqdan (təqribən 1234) sonra XIII əsrin sonuna qədər Şirvanda, Şamaxı, Bakı şəhərlərində və Abşeronda əhəmiyyətli binaların tikintisi dayandırılır ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində tənəzzülə uğradığını göstərir. Münke xan h.655 (1257)-ci ildə öldükdən sonra Çingiz xanın nəvəsi Hülakü xan h.556-cı il səfər ayını 14-də (21 fevral 1258) Bağdadı alaraq, sonuncu Abbasi xəlifəsi əl-Müstəsimi edam etdirdi. Hülakü xan iri bir dövlət yaradaraq, Cənubi Azərbaycanda Hülakülər, yaxud Elxanilər sülaləsinin əsasını qoydu. Elxanilər Azərbaycanın təbii ehtiyatlar və otlaqlarla zəngin olan şimal vilayətlərini, habelə Ermənistan və Gürcüstanı işğal etdilər. Onlar Cucilərin bu vilayətlər barəsində iddialarını rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilər dövləti arasında toqquşmaya səbəb oldu. 1260-cı ildə Cucilərin qoşunları Şamaxıya yaxınlaşdı. Lakin Hülakü xan onları məğlub edib Dərbəndi tutdu və şimala doğru hərəkət etdi. Tezliklə Hülakü özü də Terek çayı yaxınlığında Bərkə xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndi və Şirvanı itirdi.
1265-ci ildə Bərkə yenidən Şirvana soxuldu və Kür çayının sahilinə qədər gəldi, lakin bu vaxt xəstələnərək öldü. Yüz ilə qədər davam edən hərbi əməliyyatlarla əlaqədar iki dövlət arasındakı sərhədlər tez-tez dəyişərək, gah Dərbənd, gah da Bakının yaxınlığından keçirdi. Şirvan da, vassal ölkə kimi Elxanilər dövlətinin tərkibinə qatıldı. Hülakü xan 1258-ci ildə Şirvan və Arranı tutarkən Bakı Azərbaycanda möhkəmlənən Elxanilərin hakimiyyəti altına düşdü. II Axsitan tam itaətkarlıq göstərməklə Şirvanı dağıntıdan xilas etdi. Elxanilərin Şirvan üzərində hakimiyyətinin güclənməsi onlarla Qızıl Orda arasında hərbi əməliyyatlar zamanı Şirvan ərazisində monqol şahzadələrinin başçılığı altında böyük ordunun olması ilə bağlı idi. Elxanilər dövründə öz torpaqlarında vassal kimi hakimiyyət sürən Şirvanşahlar öz adlarından pul kəsdirməkdə davam etsələr də, artıq təmtəraqlı titullarını göstərmir, öncə monqol xanının adını çəkirdilər.
Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə iştirak etməli və öz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi. Məsələn, Şirvanşah II Axsitan ibn III Fəribürz h.653 (1256)-cü ildə Rum, İraq, Xorasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan feodal hakimləri kimi, malikləri, sədrləri və əyanları ilə birlikdə "layiqli hədiyyələrlə" ismaililərə qarşı səfərə çıxmış Hülakü xanın yolüstü qərərgahına gəlmişdi.
Sikkələri
Şirvanşah II Axsitanın hakimiyyəti dövründə Şirvan dövləti çox ağır vəziyyətdə idi. Sikkələrində təmtəraqlı titul və ləqəbləri göstərilən sələflərindən fərqli olaraq, II Axsitanın XIII əsrin ikinci yarısında kəsilmiş bütün sikkələri şirvanşahın monqol xanlarından vassal asılılığını və itaətkarlığını göstərir. II Axsitanın adından iki növ mis sikkə kəsilmişdir. Birinci növ sikkənin üz tərəfində Çingiz xanın dördüncü varisi Munke xanın (h.648-655 (1250-1257)-ci illər) "əl-adil, əl-əzim" titulları ilə adı və h.653 (1256)-cü il tarixi, əks tərəfində isə dini rəmz, xəlifə əl- Müstəsim-billahın və onun aşağısında heç bir titul göstərilmədən Axsitan ibn Fəribürzün adları həkk olunmuşdur. Bu sikkə Bağdad h.643 (1258)-cü ildə Hülakü xan tərəfindən tutulandan və sonuncu Abbasi xəlifəsi Müstəsim öldürüləndən əvvəl zərb edilmişdir. Sikkədəki tarix göstərir ki, o, Hülakü xanın Şirvanı və Zaqafqaziyanın digər ölkələrini istila etməsinə qədər kəsilmişdir. Həmin hadisələrdən sonra kəsilmiş tarixi silinib getmiş ikinci növ sikkədə adı göstərilməyən "xan əl-adil" titulu, monqol tamğası, dini rəmz və Axsitan ibn Fəribürzün adı oxunur.
İkinci növ sikkələr, ehtimal ki, xəlifə əl-Müstəsim edam olunduqdan və böyük xan Munke xanın ölümündən sonra, yəni h.656 (1258)-ci ildən sonra kəsilmişdir. Kitabələrin xarakteri monqolların Şirvanda hakimiyyətinin gücləndiyini, Şirvanşahın vəziyyətinin ağırlaşdığını və onun monqollardan vassal asılılığını etiraf etdiyini göstərir. II Axsitandan sikkələrdən başqa Dornun Pirsaatçay xanəgahında aşkar etdiyi kitabə də gəlib çatmışdır. Xanəgahdakı məscidin minarəsindəki farsca kitabədə h.654-cü il məhərrəm ayı (yanvar-fevral, 1256) və Şirvanşah II Axsitan ibn III Fəribürzün adı göstərilir. Keçmiş Şamaxı qəzasında Nağaraxana və Talışnuru kəndləri arasındakı yarımxaraba binada fars dilində başqa bir kitabə də tapılmışdır. Burada deyilir: Bina Bir-e (Pır-e) Siddiq tərəfindən ən böyük hökmdar, böyük Şirvanşah Cəlaləddin Axsitan ibn Fəribürzün hakimiyyəti dövründə tikilmişdir. Altı yüz əlli beşinci il (1257). Həmin kitabələrdəki yüksək titullar monqol işğalçılarına tabe olan və onlardan vassal asılılığını etiraf edən Şirvanşahın real vəziyyətini əks etdirmir.
Tarix: 11.02.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 234 Bölmə: Şirvanşahlar dövləti