1220-ci ildən etibarən bütün YaxınŞərq üçün yeni təhlükəolan monqollar, Şirvanı da hədələməyə başlamışdılar. Monqollar Azərbaycan və Şirvan ərazisinə ilk dəfə h.617 (1220/l)-ci ildə I Gərşəsb ibn I Fərruxzadın hakimiyyəti dövründə daxil oldular. Cəbə Noyonun və Sabutay Bahadurun başçılığı ilə otuz minlik monqol ordusu 1221-ci ildə gürcü qoşunlarını məğlub edib qışı Muğanda qışladı, sonra isə Ərdəbilə qayıtdı, şəhəri dağıdaraq zəbt etdi.
1221-ci ildə Təbriz, Sərab, Beyləqan, Gəncə və Tiflis şəhərlərinə hücum etdikdən sonra monqolların növbəti hədəfi Şirvan və onun mərkəzi Şamaxı şəhəri oldu. İbn əl-Əsir (1160-1234) monqolların şəhəri almasının və onun sakinlərinin qəhrəmanlıqla müdafıə olunmasının təfərrüatını xəbər verir "...tatarlar nərdivanlarla şəhərin divarlarına çıxdılar, başqalarının sözlərinə görə isə onlar çoxlu dəvə, inək, davar və s.yığdılar, habelə, həm özlərindən, həm də düşmən tərəfdən öldürülənləri bir-birinin üstünə qalayaraq, təpəyə bənzər bir şey düzəltdilər, onun üstünə çıxaraq, şəhər üzərində hakim mövqe qazandılar və şəhər əhalisi ilə döyüşə girdilər. Şəhər sakinləri üç gün ərzində ən ağır vuruşmaya tab gətirdilər və nəhayət, bir dəfə az qala məğlub olduqda öz-özlərinə dedilər: "Onsuz da qılıncdan xilas ola bilməyəcəyik, elə isə yaxşısı budur, möhkəm dayanıb, heç olmasa, şərəflə ölək". Şamaxı alınaraq qarət edildi və əhalisinin çoxu qırıldı.
Monqollar Şamaxını tutub qarət etdikdən sonra Dərbənd keçidindən keçib Monqolustana qayıtmaq üçün Dərbəndə yönəldilər. Lakin Dərbənd son dərəcə möhkəmləndirildiyindən onlar buna müvəffəq ola bilmədilər. Onda monqol sərkərdələri hiyləyə əl atdılar. Onlar Şirvanşah Gərşəsbə müraciət edərək, sülh sazişi bağlamaq üçün elçi göndərməyi təklif etdilər. Şirvanşah monqollara inanıb, Cəbə və Sabutayın ordugahına on nəfər əyan göndərdi. Monqollar onların birini öldürüb, qalanlarını ölümlə hədələyərək Dərbəndin yanından keçən dağ yolu ilə Azərbaycanı tərk etdilər.
III Fəribürzün hakimiyyəti dövründə, h.629 (1231/2)-cu ildə Azərbaycan ikinci dəfə 8 il ərzində Qafqaz ölkələrini, o cümlədən Şirvanı işğal etmiş monqolların hücumuna məruz qaldı. Numizmatik və epiqrafik məlumatlar ölkənin monqol işğalı dövründə Şirvanşahın real vəziyyətini əks etdirir. III Fəribürzün də, atası kimi, bir neçə sikkəsi qalmışdır. Onlardan ən qədimi h.622 (1225)-ci ilə aiddir. Onların bir tərəfındə "əl-məlik əl-müəzzəm Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr", digər tərəfındə isə həmişəki kimi din rəmzi və xəlifə ən-Nəsirin (h.572-622 (1180-1225)-ci illər) adı var. İkinci növ sikkədə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-Din Fəribürz ibn Gərşəsb, Nasir əmir əl-möminin" sözləri və xəlifə əl-Müstənsir-billah əmir əlmöminin (h.623-640 (1226-1242)-cı illər) adı, həmçinin ənənəvi dini rəmzi var. Üçüncü növ sikkənin üz tərəfində sonuncu Abbasi xəlifəsi əl-Müstəsim-billahın (h.640-656 (1242-1258)-ci illər) adı, əks üzündə isə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-Din Əbü-1 Müzəffər Fəribürz ibn Gərşəsb ibn Fərruxzad, Nasir əmir əl-mömininin" sözləri həkk olunmuşdur.
Tarix: 12.02.2015 / 13:45 Müəllif: Feriska Baxılıb: 162 Bölmə: Şirvanşahlar dövləti