Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah İsmayılın birinci Şirvan yürüşü

1500-cü ildə qızılbaş əmirlərinin İsmayılın qışladığı Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni olan Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı. Şirvanşahlar tərəfindən öldürülən atası və babasının intiqamını almaq istəyi ilə yaşayan İsmayıl, əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra h.906 (1500)-cı ildə Fərrux Yasara qarşı 7 min qızılbaşla hücuma keçdi. Lakin İsmayıl Şamaxıya daxil olanda, öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmiş, Şirvanşah Fərrux Yasar isə Qəbələ qalasına çəkilmişdir. Lakin Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrəndi. Lakin Şirvanşah qalaya yetişə bilmədi, İsmayıl qızılbaş qoşunu ilə Cabanı adlanan yerdə onu haqladı. H.906 (1500)-ci ilin payızında burada Şirvanşah və Şirvanlılar üçün fəlakətlə qurtaran ən qanlı vuruşmalardan biri baş verdi.

Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğrut qalasına tərəf qaçmağa başladı, lakin qızılbaş dəstəsi Gülüstan qalasının yaxınlığında onu haqladı. Onlar tanımadıqları Şirvanşahı atdan saldılar, qoşqunu əlindən aldılar. Qızılbaşlardan biri, Hüseyn bəy Lələnin Şirvanşahı atdan çəkib salmış cilovdarı Şahgəldi ağa Fərrux Yasarın başını kəsərək İsmayıla gətirdi. Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb onu dəfn etdilər.

Cabanı döyüşündən sonra, İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər. Həmin dövrdə Bakı, Mahmudabad və Salyan ın hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəy idi. İsmayılın yürüşü zamanı Qazı bəy Bakıda olmadığından Bakı qalasının müdafiəsinə onun mənbələrdə adı çəkilməyən arvadı başçılıq edirdi. Uzun müddət müqavimətdən sonra Bakı qalası fəth edildi. Hülafə bəy Bakının adlı-sanlı sakinlərini özü ilə götürdü və sarayda çoxlu qızıl ələ keçirib, Şirvanşahların bütün sərvətini bakılıların qiymətli hədiyyələri ilə birlikdə İsmayıla göndərdi. Həsən Rumlunun məlumatına görə qızılbaşlar Şirvanşah Mirzə Xəlilüllahın cənazəsinin qalıqlarını tapıb yandırdılar. Həsən Rumlu və Xondəmirin məlumatına görə, İsmayıl şeyx Cüneydin öldürülməsində iştirak edənlərin qəbirlərini qazıb, sümüklərini odda yandırmağı əmr etmişdir. Qızılbaşlar Şirvanı tərk edərkən burada Səfəvilərin nümayəndələrini qoyub getdilər. İsmayıl öz dayəsi Hüseyn bəy Lələ Şamlunu Şirvana canişin təyin etdi, o isə öz yerində cilovdarı Şahgəldi ağanı qoydu.


Tarix: 12.02.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 183 Bölmə: Şirvanşahlar dövləti
loading...