Fəaliyyəti
Qardaşı Şirvanşah II Mənuçöhrün ölümündən sonra hakimiyyətə glmişdir. I Əfridunun adına hələlik sikkə tapılmamışdır. Əfridunun adı yalnız III Fəribürzün əcdadı kimi Pirsaatçay çayı üstündəki xanəgahın giriş baş tağındakı kitabədə xatırlanır. Kitabənin tarixi h.641 (1243/4)-ci il göstərilir. Orada deyilir: "Bu ibnanın tikilməsi müdrik, adil, müəyyəd, müzəffər, dünya və dinin ucası, islamın və müsəlmanların məliki, məlik və sultanların tacı, Əbü-1-Müzəffər Fəribürz ibn Gərşasi, ibn Fərruxzad, ibn Mənuçöhr... və i.a. varisi Cəm Əfridunun zamanında əmr edilmişdir". Bu kitabəyə görə, Əfridun III Fəribürzün ulu babasının atasıdır.
Onun adı, habelə III Mənuçöhrün sikkələrində yalnız sonuncunun atasının adı kimi çəkilir. O, Xaqaninin I Axsitanın arvadı şahzadə İsmət əd-Din Səffət əl-İslama ithaf olunmuş mədhiyyəsində da xatırlanır: "Mən şəhid Əfridunun göhər mədənində Daranın tacını bəzəyən daş-qaş görmüşəm". Bu misralarda Əfridun din uğrunda həlak olmuş şəhid adlandırılır. Əfriduna şamil edilən bu təşbihin izahını IV Qurucu Davidin hökmranlığının müfəssəl tarixçəsi verilən gürcü salnaməsi "Kartlis tsxovreba" da tapırıq. Burada xəbər verilir ki, gürcü koronikonuna görə 340 (h.514 (1120)-ci ilin noyabrında Şirvan və Dərbənd hakimləri ilə müharibədə Əfridun öldürülmüş və Şirvanşah məğlubiyyətə uğramışdır. "Tarix-i əl- Bab"dan bilirik ki, salnamədə Şirvanşahın oğlu adlandırılan Əfridun dəfələrlə Dərbəndin hakimi olmuş və Dərbənd əmirləri bir neçə dəfə onu qovmuşlar. O, şəhəri faktik olaraq idarə edən rəislərlə mübarizə aparmşıdır. Y.A.Paxomov yazır: "Əfridunun adının, sadəcə olaraq, salnaməçinin vaxtında hamının tanıdığı bir şəxs kimi çəkilməsi və başqa bir Şirvan hakiminin adının çəkilməməsi, görünür, müəllifin açıq deməsə də, burada həmin hakimin məhz Əfridun olduğunu nəzərdə tutduğunu göstərir". O vaxtlar Dərbənd, əlbəttə, – Şirvan hakimlərinə qarşı mübarizədə Dərbənd əmirlərinin müttəfiqi olan qıpçaq və digər qeyrimüsəlman köçəri dəstələrinin keçib gəldiyi qapı idi və belə "kafirlərlə" döyüşdə öldürülmüş Əfridun, sözsüz şəhid sayıla bilərdi". S. Aşurbəyli qeyd edir ki, Əfridunun dərbəndlilərlə apardığı müharibədə onların "kafir" müttəfiqləri Fəribürzün müsəlmanlaşdırmağa cəhd göstərdiyi qumuqlar, yaxud şəndanlılar, sərirlər və alanlar da ola bilərdi.
Gürcülərlə münasibətlər
Bu dövrün hadisələri "Kartlis tsxovreba"da əksini tapmışdır. 1116 (h.510, k.336)-cı ildə Qurucu IV David "...qızı Katanı imperatorun oğluna ərə verəcək. Yunanıstana (Bizansa) göndərmişdir. Bundan əvvəl o, böyük qızı Tamarı Şirvana hakim göndərmişdir". Şahzadə qızın ərinin adı çəkilmir. Mənbələrdən aydın olur ki, Davidin birinci arvadından olan qızı Tamar Əfridunun oğlu III Mənuçöhrün arvadı idi və onların toyu təqribən h.505 (1111)-ci ildə olmuşdu. XII əsrdə Gürcüstanda və Ermənistanda qədim hökmdarlıq nəslindən olan yəhudi mənşəli Baqrationlar hakimiyyət sürürdü. Qurucu David qızlarından birini Bizansa, digərini isə Şirvana ərə verməklə Zaqafqaziyaya yaxınlaşmaqda olan səlcuqlar işğalı təhlükəsi qarşısında Gürcüstanın siyasi vəziyyətini möhkəmləndirmişdi. "...Səlcuq hökmranlığından azad olmaq uğrunda mübarizədə mənafe birliyi Gürcüstanla Şirvanın yaxınlaşmasını şərtləndirdi və nəticədə sülalə nikahı baş verdi... Şirvan və Yunanıstan (Bizans) tərəfindən ölkənin təhlükəsizliyi təmin olundu və Qurucu David bütün qüvvələrini səlcuqların qovulmasına yönəldə bildi".
Akademik N.A.Berdzenişvilinin fikrincə, gürcü hökmdarı bu addımı atmaqla Şirvanşahla sazişə getməyə və səlcuq türklərinə qarşı mübarizədə onun köməyini qabaqcadan təmin etməyə çalışırdı. "Bu nikah 1105-1106-cı illərdə olmalı idi. Lakin bu addım kifayət etmədi. Əfridun əvvəlki kimi, türklərə meyl göstərirdi və onlarla ittifaqda olmağı üstün tuturdu". Bunun ardınca gürcü hökmdarı aralarındakı qohumluq əlaqələrinə və ittifaqa baxmayaraq, Şirvanşaha qarşı fəal əməliyyata başladı. H.511 (1117)-ci ildə IV David oğlu Demetreni güclü ordu ilə Şirvanşahın üstünə göndərdi. Demetre Kaladzor qalasını tutdu, böyük qənimət və çoxlu əsir götürərək, [İran]ın birləşmiş qüvvələrinin başçısı Sukmanın adamlarını qaçmağa məcbur etdi. Demetre Şirvanlılar üzərində qələbədən sonra təntənə ilə Gürcüstana qayıtdı. Sonrakı iki il dinc keçdi, lakin sonra, h.514 (1120)- cü ildə IV David özü başda olmaqla Şirvana yürüş etdi. Həmin ilin fevralında o, Qəbələ şəhərini tutaraq, çoxlu qızıl, gümüş və digər qiymətli şeylər qənimət götürdü. May ayında o, "Ərəbiyə-Licasdan Şiştlansa və Kürdüvana qədər" Şirvanı viran edərək, çoxlu qənimətlə Kartliyə qayıtdı. Görünür, burada söhbət Lahıc və Şamaxı bölgəsindən gedir. Gürcülərin basqını Şirvanşahı gücdən saldı. Bunun ardınca Dərbəndlə müharibə başladı. H.514 (1120)-cü ilin noyabrında baş verən vuruşmada Əfridunun özü öldürüldü, qoşunu isə darmadağın edildi. Əfridunun nə vaxt hakimiyyətə başlaması məsələsi yeni mənbələr aşkar edilənədək açıq qalır. "Tarix-i əl-Bab"dan bilirik ki, Əfridun I Fəribürzün Dərbənddə canişini olmuşdur: "Şirvanşah Fəribürz öz oğlu Əfridunu Dərbəndə hakim təyin edərək h.458-ci il səfər ayının sonuncu günü (30 yanvar, 1066) oraya göndərdi".
Onun adı bir də 1068-ci il hadisələri ilə əlaqədar çəkilir. "460-cı ilin ramazan ayında (iyul, 1068) Şirvanşah Fəribürzün oğlu Əfridun əl-Babı tərk edərək Şirvana getdi". H.461 (1068)-ci ildə Fəribürz öz qardaşı Güzdəhəm və qoşunla sərhəd vilayətlərinə (səqr) hərəkət etdi və əl-Bab qalasına daxil oldu. O, dörd gündən sonra qalanı iqamətgahına çevirən oğlu Əfridunu oraya hakim qoyaraq geri qayıtdı..." Nəhayət, sonuncu məlumat: "H.464-cü ilin əvvəlində (oktyabr, 1071) Şirvanşah dərbəndlilərdən adamlar girov alaraq onlarla saziş bağladı və oğlu Əfridunu müstəqil hakim kimi ora göndərdi..." Gətirilən məlumatlardan Əfridunun yaşını müəyyənləşdirmək mümkün olmuşdur. Əgər 1066-cı ildə Əfridunun 20 yaşı olsaydı, 1120-ci ildə, öləndə onun 70-dən çox yaşı var idi. Ehtimal edilir ki, II Mənuçöhrün qısamüddətli hakimiyyətindən sonra Əfridun bütün Şirvanın hakimi olmuşdur. Bunu "Tarix-i əl-Bab"a, V.F.Minorskinin fikrincə, Münəccimbaşının əlavəsi də təsdiq edir. O, 1106/7 və 1120- ci illər arasında hökmranlıq etmişdir.
Tarix: 11.02.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 294 Bölmə: Şirvanşahlar dövləti