H.458 (1066)-ci ildə oğuzlar ilk dəfə Şirvana yürüş etdilər, yaşayış yerlərini talan edərək çoxlu qənimət - insan, mal-qara və əmlak apardılar. Şirvanşah I Fəribürz ibn Salar oğuzları Şirvandan gətməyə məcbur etmək üçün böyük təzminat verməli oldu. H.459-cu il məhərrəm ayının birində (22 noyabr 1066) oğuzların başçısı Qaratəkin Şirvana ikinci dəfə Fəribürzün onunla ittifaq bağlamış əmisi Məmlan ibn Yezidlə birlikdə hücum etdi. Qaratəkin Şamaxı şəhərini mühasirəyə alaraq, onun ətrafındakı yərləri viran etdi. Oradan Bakıya enən Qaratəkin burada əhalinin xeyli hissəsini qırdı, qadın və uşaqları, sürüləri qovub apardı. Vəziyyət qorxulu hal alanda Şirvanşah 4000 çox madyandan ibarət cins at ilxısını Məsqətə göndərdi. Qaratəkinin dəstələri Bakıdan Şabranadək qabaqlarına çıxan hər şeyi qarət edib dağıdırdılar. Oğuzlar dağlara qalxdılar və oradan Məsqət üzərinə hücuma keçdilər. Sonra Qaratəkin yenidən Yəzidiyyəni mühasirəyə aldı. Şirvanşahın vəziyyəti daha da ağırlaşdı. Bələ ki, Qaratəkinə 2000 türk döyüşçüsündən ibarət kömək gəlib çatmışdı. Türklərin Fəribürzü aldadaraq qaladan çıxmağa məcbur etmək cəhdləri baş tutmadı. Onlar çayı keçib, topladıqları qənimətlə çıxıb getdilər. Səlcuqlulardan vassal asılılığı
H.459 (1067)-cu ilin sonunda səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Böyük diplomatik bacarığa malik olan Şirvanşah Fəribürz qiymətli hədiyyələrlə onun yanına gedərək öz xidmətini (əl-hədiyyə vəlxidmə) təklif etdi və h.460 (1068)-cı ildə onunla birlikdə səfərə çıxdı. Şəddadi Fəzl ibn Şavur Fəribürzü itaətlə qarşılayıb, xəzinəsinin açarını ona verdi. Şirvanşah sultanın nüfuzundan öz şəxsi düşmənlərini cəzalandırmaq üçün istifadə etdi. O, h.459-cu ilin şəban ayında (iyun, 1067) Qəbələnin qapısı qarşısında kunililər (ehtimal ki, burada məskən salmış xəzərlər) tərəfindən öldürülmüş dayısı oğlu Ləşkəristanın intiqamını almaq üçün Kuni üzərinə hücum etdi. Alp Arslan (1068)-cı il Gürcüstan səfərindən qayıdaraq, Gəncədən keçib Bərdəyə gedərkən əl-Bab əhalisi şəhərin bir neçə rəisini həbs etmiş Şirvanşahdan ona şikayət etmişdi. Fəribürz şəhəri müstəqil idarə etməyə çalışan itaətsiz rəislərlə mübarizəni davam etdirirdi. Sultan onların azad olunmasını əmr etdi. Fəribürz onun əmrini yerinə yetirdi. Lakin sultan Şirvanşahla münasibətini dəyişdi və onu həbsxanaya salmaq əmri verdi. Bir müddətdən sonra sultan Şirvanşahı azad edib Şirvana gönədərərək, onu hər il böyük məbləğdə xərac verməyə məcbur etdi.
Səlcuqlar artıq XI əsrin birinci yarısının axırlarında İranı, İraqı, Suriyanı, Cənubi Azərbaycanı, Ermənistanı, Gürcüstanı və digər ölkələri zəbt etmişdilər. XI əsrin son rübündə türk-səlcuqlar nəinki Zaqafqaziyada, həm də, bütün Yaxın Şərqdə başlıca və hakim qüvvəyə çevrildilər. Gürcü hökmdarı IV David Qurucu qızı Tamarı Şirvanşahın oğlu Mənuçöhrə ərə verməklə Şirvanşahların simasında səlcuqlara qarşı mübarizədə müttəfıq qazanırdı. Digər tərəfdən, IV Davidin özünün möhtəşəm qıpçaq məliki Şəraqənin oğlu Ətrəkin qızı Quranduxtla evlənməsi və sonra 40 000 qıpçağı ailəsi ilə birlikdə Gürcüstana köçürməsi ona səlcuqlarla və öz qonşuları ilə müharibə aparmaq üçün güclü ordu yaratmağa və qıpçaqlar tərəfindən ola biləcək təhlükəni aradan qaldırmağa imkan verdi. Şirvanşah Əfridun IV Davidin qızı Taman oğluna almaqla səlcuqların hücum təhlükəsi qarşısında gürcü hökmdar evi ilə qohumluq münasibətləri yaratmaq kimi siyasi məqsədlər güdürdü. Bu nikahla, göründüyü kimi, Əfridun eləcə də hərbi cəhətdən çox güclü olan və Şirvanın özü üçün Gürcüstandan az təhlükə doğurmayan qıpçaqları neytrallaşdırmaq və öz tərəfinə çəkmək istəyirdi.
Lakin sonralar Əfridun qüvvələr nisbətini və səlcuqların daha təhlükəli olduğunu görüb, Gürcüstanla ittifaqı pozdu və Şirvanşahların hələ I Fəribürz dövründən bəri sonralar da yeritdikləri ənənəvi siyasət daha güclü düşmənə meyl göstərmək və təhlükə qarşısında gözləmə siyasətini davam etdirdi. Buna cavab olaraq IV David 1117-ci ildə Mənuçöhrün evlənməsindən bir az keçmiş Şirvana qarşı təcavüzkar hərəkətlər etməyə başladı, oğlu Demetri Şirvana hücum edib Kaladzor qalasını tutmasını tutdu, sonralar, 1120-ci ildə IV Davidin özü Şirvana iki dəfə hücum çəkərək, Qəbələni və Azərbaycanın digər şəhərləri talan etdi.
Əfridunun ölümündən sonra onun oğlu III Mənuçöhrün hakimiyyəti dövründə vəziyyət dəyişdi. Səlcuq sultanının koalision qoşunu 1121-ci ildə Trialetidəki Didqoru vuruşmasında məğlub edildikdən və IV David 1122-ci ildə Tiflisi və Dmanisini tutduqdan sonra Mənuçöhr sultandan uzaqlaşdı və həmin vaxtlar çox güclənmiş Gürcüstanın tərəfinə keçdi. Şirvanşah Mənuçöhrün siyasətinin dəyişməsində və səlcuq sultanının vassalı və müttəfiqi olmaqdan imtina etməsində, Şirvanşahın arvadı - əri üzərində güclü nüfuza malik olan gürcü şahzadəsi Tamar və onun gürcü əhatəsinin də böyük rolu olmuşdur. "Türklər və digər müsəlman hökmdarları Gürcüstana qarşı uğursuz mübarizə apardıqları bir vaxtda yeni Şirvanşah artıq Gürcüstanın tərəfində idi. Bu səbəbdən qisas məqsədilə Gürcüstana gələn sultan Mahmud öncə Şirvanşahı cəzalandırmaq üçün Şirvana soxulmuşdu".
Tarix: 12.02.2015 / 13:45 Müəllif: Feriska Baxılıb: 220 Bölmə: Şirvanşahlar dövləti