Fəaliyyəti
II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanı onun böyük oğlu, II Xəlilüllah da adlandırılan Sultan Xəlil idarə etməyə başladı. O, Şah İsmayılın qızı Pərixan xanımla evlənməklə, onun himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, "qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi".
O, mənbələrdə ağıllı və bacarıqlı, dəbdəbəli səfərləri, şərab və əyləncəni sevən hökmdar kimi səciyyələndirilir. Onun alim və şairlərlə ünsiyyəti sevməsi, son dərəcə səxavətli olması da qeyd edilir. Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi.
Səfəvilərlə münasibətlər
Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri olmasına baxmayaraq, Xəlilüllahdan şübhələnməyə başladı. Şah Təhmasib Xəlilüllaha etibar eləmir, Şirvanşahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı. Şərəf xan Bidlisinin məlumatına görə Şah Təhmasib h.939 (1532-33)-cu ildə Şirvanın idarə olunmasını qardaşı Əlqas Mirzəyə tapşırdı. Bədr xan Ustaclını isə ona qəyyum təyin etdi. Şahın Şirvanşaha inamsızlığı sonuncunun şaha xəyanət edən və Təbrizi tutan türk sultanı Süleyman Qaziyə qoşulmuş Biye Piş Gilan hakimi, Əmire-Dibac adlandırılan Sultan Müzəffərə sığınacaq verməsindən sonra daha da dərinləşdi.
Sultan Azərbaycanı tərk edəndən sonra Əmire-Dibac qızılbaşlarla vuruşmada məğlub edilərək Gilandan qovuldu və dəniz yolu ilə Şirvana qaçaraq, Şirvanşahın himayəsinə sığındı. Şirvanşah onun bağışlanmasını şahdan iltimas edəcəyini vəd etdi. Lakin Xəlilüllah tezliklə öldü və öz vədinə əməl edə bilmədi. Təhmasib öz adamlarını Şirvana göndərərək, Əmire-Dibacı gətirmələrini əmr etdi. Şirvan əmirləri buna mane ola bilmədilər. Şahın adamları onu yaxalayıb Təbrizə gətirdilər. Şərəfxan Bitlisinin məlumatına görə, "Onu (şahın) əmri ilə taxta qəfəsə saldılar, (qəfəsi) cümə məscidinin minarəsindən asaraq, neft töküb yandırdılar".
Osmanlı ilə münasibətlər
1534-cü ildə İraqeyn yürüşü zamanı Sultan Süleyman Erzincanda olarkən ona səfir göndərmişdir və Osmanlı vassalı olmağı qəbul etmişdir.
Ailəsi və ölümü
Osmanlı mənbələri Şirvanşahın Məhəmməd Mirzə adlı oğlu olduğunu və Sultan Süleyman tərəfindən Təbrizə vali təyin edildiyini bildirirlər.
Şirvanşah Şirvanda 12 ilə yaxın hökmranlıq sürərək h.942-ci il cəmadiyüləvvəl ayının 9-da, cümə günü (6 noyabr 1535-ci il) vərəsə qoyub getmədən öldü. . II Xəlilüllahın bütün hakimiyyəti illərində – h.930-942 (1524-1535)-ci illər – Şamaxıda onun adından gümüş sikkələr kəsilmişdir.
Tarix: 11.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 252 Bölmə: Şirvanşahlar dövləti