Yəzid ibn Əhmədin hökmranhğı dövründə Şirvanşah xanədanında ilkin mənbələrdə əksini tapmayan hansısa hadisələr baş vermişdir. Həmin dövrdən Şirvanşahların adları dəyişmişdir - Yəzid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan və Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943)-ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi. Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.
Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların ərəb mənşəli Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi..."
Rusların Azərbaycana ikinci yürüşü
H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu. Sonra ruslar Kürlə üzüyuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların hərəkətini dayandırmağa çalışaraq, Arazın qabağını bəndlə kəsib, onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin ruslar Şirvanşahın dəstəsini çayda batırdılar. Bununla belə, onların Arazla irəliləməsi dayandırıldı.
H. 421-ci ilin zilhiccə ayında (noyabr 1031) ruslar, yenidən Azərbaycana gəldilər. Bu dəfə Şirvanşahın qaynı olan Şəddadi hökmdarı Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd ibn Şəddad ruslara hücum etdi. Bakuya yaxınlığında onlarla vuruşdu, düşməni ölkədən sıxışdırıb çıxararaq xeyli hissəsini qırdı. "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər. Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən əl-Babın taxta (əl-xəşab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin əhalisi əmir Mənsurun başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldı.
Tarix: 12.02.2015 / 13:44 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Şirvanşahlar dövləti