S. Aşurbəyliyə görə, Sultan Mahmud öldürüldükdən sonra Şeyxşah Şirvan taxtında ancaq Şah İsmayılın ali hakimiyyətini qəbul etmək və onun adından pul kəsdirməklə möhkəmlənə bilmişdi. Lakin Şirvanşah Şeyxşah Şirvanı müstəqil idarə etmək fikrindən əl çəkməmişdi. Şah İsmayılın h.913 (1507/8)-cü ildə zülqədərlər tayfasının iğtişaşını yatırtmaq üçün Maraş vilayətinə işğalçılıq yürüşündən istifadə edən Şeyxşah İsmayıla ödəməli olduğu xəracı verməkdən boyun qaçırdı və onun elçilərinə ehtiram göstərmədi. 1507-ci ildən Şeyxşah yeniden öz adından sikkə zərb etdirməyə başladı. Şah İsmayıl Şeyxşahın xərac vermək istəməməsi ilə əlaqədar h.915 (1509)-ci ilin sonlarında ikinci dəfə Şirvana yürüş etdi. O, Kür çayına çatıb onu ponton körpülərlə keçdi. Şahın gəlməsini eşidən Şeyxşah qüvvələr nisbətini nəzərə alıb Buğurt qalasına çəkildi. İsmayıl əmirlərini Şamaxını tutmağa göndərdi, özü isə qoşunlarının bir hissəsi ilə Bakıya yollandı. Bakı qalasının kütüvalı hədiyyələrlə şahın qərargahına gələrək itaət göstərdi və şəhərin açarlarını ona təqdim etdi. İsmayıl Bakıdan Şəbərana getdi. Bu vilayətin valisi və digər Şirvan qalalarının hakimləri də şahın hüzuruna tələsərək, öz itaətlərini bildirdilər və buna görə mükafata və fəxri paltara layiq görüldülər. Şah həmin qalaların idarə olunmasını Lələ bəy Şamluya həvalə etdi.
Bakının fəthindən sonra İsmayıl Dərbəndə yaxınlaşdı. Dərbənd istehkamlarının möhkəmliyinə güvənən əmirlər Yar Əhməd ağa və Məhəmməd bəy əvvəlcə müqavimət göstərmək fikrində olsalar da, qısa müddət sonra qalanı təslim etdilər. Şah Mənsur bəyi Dərbənd hakimi təyin etdi. İsmayıl Şeyx Heydərin 22 il Təbərsəranda qalmış cənazəsinin qalıqlarını Ərdəbilə köçürüb orada ailəvi türbədə dəfn etməyi əmr etdi. Şirvana səfərindən sonra şahın uğurlarını və qələbələrini görən Şirvanşah Şeyxşah onunla yaxınlaşmaq qərarına gəldi və xərac verməyə razı oldu.
Tarix: 12.02.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Şirvanşahlar dövləti