Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad yalnız Sasanilər dövründən məlumdur. Şirvan, bir vilayət kimi VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərləri ilə yanaşı Şirvanşahların da adları sadalanır. Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir. İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224-241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.
Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Erməni coğrafiyası"dır. Burada Şirvanın coğrafı mövqeyi verilmişdir:
"Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə Şirvan ölkəsinə və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxır ikincisindən isə şimala Atil çayına doğru axan Zərm çayı başlanır. Bu silsilə sonra şimala doğru yönəlir... Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfində massagetlər yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən) dənizin yaxınlığında hun məmləkəti yerləşir..."
Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" sözləri,görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə (VIII-IX əsrlər) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx çayına kimi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."
Tarix: 11.02.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Şirvanşahlar dövləti