Vəliyev Vaqif Əli oğlu — ədəbiyyatşünas, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1972), professor (1976).[Mənbə göstərin]
Həyatı
Vaqif Vəliyev 1924-cü il yanvarın 1-də Qazax rayonunun Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır (1932-1941). Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır (1941). Sovet Ordusu sıralarında xidmət etmişdir (1943-1949), ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1957), Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir (1958-ci ildən). "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1972), 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir. Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır. "Ayrım bəzəmələri" (1983) və "Bayatılar" (1985) kitablarını toplayıb tərtib etmişdir.
1998-ci il sentyabrın 19-da vəfat etmişdir.
Əsərləri
1.Azərbaycan xalq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1968,
2.Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: ADU-nun nəşriyyatı, 1970, 439 səh.
3.Azərbaycan qəhrəmanlıq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1980, 76 səh.
4.Qaynar söz çeşməsi. Bakı: Yazıçı, 1981, 150 səh.
5.Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 411 səh.
Tarix: 19.01.2013 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Şairlər və Yazıçılar