Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı) – nasir, dramaturq, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1973).
Həyatı
Vaqif Əlixanlı 1943-cü il oktyabrın 13-də Azərbaycanın keçmiş Qonaqkənd rayonunun Erfi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta təhsil almış (1949-1959), sonra iki il kolxozda çalışmışdır. ADU-nun kitabxanaçılıq fakültəsində təhsilini davam etdirmişdir (1961-1964). Hərbi xidməti borcunu yerinə yetirdikdən sonra (1964-1967) universitetdə təhsilini başa vurmuşdur.
Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət şöbəsində redaktor (1968-1971), böyük redaktor (1971-1976), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor əvəzi (1976-1979), ssenari-redaksiya heyətinin üzvü (1979), Azərbaycan SSR Mədəniyyət Nazirliyi teatr və musiqi müəssisələri idarəsinin baş redaktoru (1979-1981), idarə rəisi (1981-?) olmuşdur.
Ədəbi fəaliyyətə 1968-ci ildən "Bulaq" radio verilişinə yazdığı etnoqrafik hekayələr və "İncəsənət" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri ilə başlamışdır (1971-1982). Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr oteli" və Alber Kamyunun "Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur.
Filmoqrafiya
Azərbaycanın memarlıq abidələri (film, 1976)
Baba Dağ (film, 2006)
Biz qayıdacağıq (film, 2007)
Dahilərin divanı (film, 2007)
Əlavə təsir (film, 2010)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Günaydın, mələyim! (film, 2008)
Xınalıq etüdləri (film, 1974)
Qoy oturmuşuq (veriliş, 2007)
Şuşa yolu... (film, 2002)
Yüz ilin bir günü (film, 1987)
Tarix: 19.01.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 396 Bölmə: Şairlər və Yazıçılar