Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kamal Talıbzadə

Talıbzadə Kamal Abdulla Şaiq oğlu — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Elm xadimi (1982), Azərbaycanın Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986).

Həyatı

Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K. Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965-1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, eyni zamanda 1957-1975-ci illərdə tənqid və ədəbiyyatşünaslıq bölməsinə rəhbərlik etmişdir. K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971-1978) redaksiya heyətində çalışmışdır.

1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K. Talıbzadə 1972-ci ildə professor seçilmiş, 1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş və elə həmin ildən 1987-ci ilə qədər Nizami adına Ədəbiyyat İnstitutunda "Tənqid tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik etmişdir. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim (1986-cı il) edilmişdir.

Əsərləri
"Abbas Səhhət" (1949)
"Qorki və Azərbaycan" (1959)
"Ədəbi irs və varislər" (1974)
"XX əsr Azərbaycan tənqidi" (1966)
"Tənqidimiz haqqında qeydlər" (1967)
"Sənətkarın şəxsiyyəti" (1978)
"Azərbaycan ədəbi tənqidinin tarixi" (1984)
"Abbas Səhhət" (1986)


Tarix: 16.01.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Şairlər və Yazıçılar
loading...