Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Arif

Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu – tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1955), professor (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1974).

Həyatı

Məmməd Arif 1904-cü il iyunun 10-da Bakı şəhərində fəhlə ailələsində doğulmuşdur. Burada rus-tatar məktəbini bitirdikdən sonra bir müddət müəllimlik etmiş Bakı Xalq Maarifı İnstitutunda təhsilini davam etdirmişdir (1920-1925). ADU-nun şərq fakültəsini bitirmiş, Moskvada Sovet Şərqi Xalqları Elmi-Tədqiqat-İnstitutunun aspiranturasına daxil olmuşdur (1925-1931). Azərbaycan maarif komissarının müavini, eyni zamanda APİ-nin rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləmiş, ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri təyin edilmişdir (1932-38). Keçmiş SSRİ EA Azərbaycan filialının Ədəbiyyatı və Dil İnstitutunda baş elmi işçi (1938-1939), direktoru (1939-1950; 1957-1959), "Vətən uğrunda" jurnalının redaktoru (1941-1945), Azərbaycan EA Rayasət Heyəti nəzdində olan Terminologiya Komitəsinin sədri (1957) kimi çalışmışdır. "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyas müdafiə etmişdir (1954). O, Azərbaycan EA müxbir üzvü (1955), üç il sonra həqiqi üzvü seçilmişdir. Azərbaycan EA-nın ictimai elmlər bölməsi-akademik-katibi (1959), sonra vitse-prezident (1960) olmuş, ömrünün sonunadək bu vəzifədə işləmişdir. Ədəbi fəaliyyətə 1923-cü ildə "Molla Nəsrəddin" məcmuəsi səhifələrində çıxan "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Mərsiyə xəbərləri" felyetonlar ilə başlamışdır. 20-30-cu illərdə dövri mətbuatda şeir və hekayələrlə vaxtaşırı çıxış etmişdir. O dövrdən başlayaraq sovet ədəbiyyatşünaslığı və tənqidinin yaranması, təşəkkülü və inkişafında çalışmışdır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olmuşdur. O, Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. İkicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943-1944), üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1967), "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerki"nin (M.,1963) müəlliflərindən biridir. "Azərbaycan xalqının ədəbiyyatı" kitabı rus, erməni, ingilis və fars dillərində çapdan çıxmışdır. "Azərbaycan ədəbiyyatı tarixi (qısa oçerk)", (B., 1971), "Azərbaycan ədəbiyyatı" (M.,1979), "Azərbaycan ədəbiyyatı tarixi" (B., 1987) kitabları rus dilində buraxılmışdır. 1932-ci ildən başlayaraq onun təkcə və H.Araslı, F.Qasımzadə, Ə.Sultanlı, M.Rəfili, C.Xəndan ilə şərikli orta məktəb şagirdləri üçün yaratdığı ədəbiyyat dərslikləri 50 ildən artıqdır ki, dönə-dönə çap olunub məktəblərdə tədris olunur. O, həm də "Qədim rus ədəbiyyatı (XI-XVII əsrlər)", "Rus ədəbiyyatı (XVIII əsr)" ali məktəb dərsliklərinin redaktoru və müəlliflərindən biri idi. Nikolay Qoqol, Lev Tolstoy, Anton Çexov, M.Qorki, Nikolay Ostrovski, Evripid, Servantes, İ.Bexer, E.Remark və başqalarının əsərlərindən bədii tərcümələr etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və xarici dillərə çevrilmişdir. EA-nın "Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" problemi üzrə elmi şurasının, Moskvada çıxan "Qısa ədəbiyyat ensiklopediyası"nın (1962-1978) redaksiya heyətinin, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin (M., 1970-1974) baş redaksiya heyətinin üzvü idi. İran yazıçılarının I konqresində (1946), şərqşünasların XXV Beynəlxalq konqresində (M., 1960) iştirak etmişdir. Azərbaycan KP XXVI-XXVU qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan Ali Sovetinin (6-cı çağırış) deputatı və sədri olmuşdur. Lenin ordeni (1971), iki dəfə "Qırmızı Əmək bayrağı" ordeni (1939, 1964), "Qabaqcıl maarif xadimi" nişanı (1964), SSRİ medalları ilə təltif edilmişdir. 1975-ci il dekabrın 27-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Bakıda küçələrdən biri və Yazıçılar Birliyinin kitabxanası onun adını daşıyır.

Əsərləri
1.Vladimir Mayakovski. Bakı: Azərbaycan Sovet Yazıçıları İttifaqının Nəşriyyatı, 1940, 86 səh.
2.Qorki faşizm əleyhinə. Bakı: SSRİ EA Azərb. filialının nəşri, 1941, 27 səh.
3.C.Cabbarlı yaradıcılığında xalqlar dostluğu. Bakı: SSRİ EA Azərb. filialının nəşri, 1942, 29 səh.
4.Nə üçün faşizmin H.Heyneni görməyə gözü yoxdur. Bakı: SSRİ EA Azərb. filialının nəşri, 1942, 17 səh.
5.Krılov və Azərbaycan ədəbiyyatı. Bakı: Azərnəşr, 1944, 49 səh.
6.Vissarion Belinski. Bakı: Azərb. SSR Nazirlər Soveti yanında mədəni maarif müəssisələri komitəsinin mərkəzi mühazirə bürosunun nəşri, 1948, 31 səh.
7.Böyük rus tənqidçisi Belinski. Bakı: Bilik cəmiyyəti, 1948, 33 səh.
8.Dahi rus şairi A.S.Puşkin. Bakı: Bilik cəmiyyəti, 1949, 32 səh.
9.Q.Belinski. Bakı: Uşaqgəncnəşr, 1954, 26 səh.
10.C.Cabbarlının yaradıcılıq yolu. Bakı: ADU-nun nəşriyyatı, 1956, 352 səh.
11.Azərbaycan ədəbiyyatının yeni yüksəliş dövrü. Bakı: Bilik cəmiyyəti, 1957, 48 səh.
12.Şair Məmməd Rahim. Bakı: Bilik cəmiyyəti, 1957, 41 səh.
13.Azərbaycan xalqının ədəbiyyatı. Bakı: Azərnəşr, 1958, 84 səh.
14.Ədəbi-tənqidi məqalələr. Bakı: Azərnəşr, 1958, 448 səh.
15.L.N.Tolstoy. Bakı: Bilik cəmiyyəti, 1960,
16.Anton Pavloviç Çexov. Bakı: Bilik cəmiyyəti, 1960, 32 səh.
17.Cəfər Cabbarlının yaradıcılığı. Bakı: Azərb. SSR EA nəşri, 1961, 236 səh.
18.Səməd Vurğunun dramaturgiyası. Bakı: Azərb. SSR EA nəşri, 1964, 238 səh.
19.Seçilmiş əsərləri (üç cilddə). I c. Bakı: Azərb. SSR EA nəşri, 1967, 620 səh.
20.Seçilmiş əsərləri (üç cilddə), II c. Bakı: Azərb. SSR EA nəşri, 1968, 516 səh.
21.Seçilmiş əsərləri (üç cilddə), III c. Bakı: Elm, 1970, 427 səh.
22.Sovet ədəbiyyatı. Bakı: Maarif, 1970, 289 səh. (şərikli).
23.Ədəbiyyat. Bakı: Maarif, 1972, 254 səh. (şərikli)
24.Əsrin oğlu. Bakı: Yazıçı, 1979, 135 səh.
25.Sənətkar qocalmır. Bakı: Yazıçı, 1980, 368 səh.

Tərcümələri

(ruscadan)
1.K.Nikifirov. Fanar işığında. Bakı: Azərnəşr, 1929, 249 səh.
2.L.Averbax. Proletar ədəbiyyatının hegemoniyası uğrunda. Bakı: Azərnəşr, 1931, 104 səh.
3.M.Servantes. Don Kixot. Bakı: Azərnəşr, 1933, 242 səh.
4.M.Servantes. Don Kixot. II çapı, Bakı: 1934, 178 səh.
5.M.Qorki. Makar Çudra. Bakı: Azərnəşr, 1934, 230 səh.
6.A.Barbüs. Yadlar və dostlar (hekayə). Bakı: Azərnəşr, 1935, 16 səh.
7.M.Qorki. Şura ədəbiyyatının vəzifələri. Bakı: Azərnəşr, 1935, 104 səh.
8.N.Ostrovski, Polad necə bərkidi (roman). Bakı: Azərnəşr, 1936, 363 səh.
9.M.Şaginyan. Hidrosentral. Bakı: Azərnəşr, 1936, 304 səh.
10.M.Armqen. 89 nömrəli skaut. Bakı: Azərnəşr, 1936, 208 səh.
11.N.Ostrovski. Polad necə bərkidi. Bakı: Azərnəşr, 1947, 364 səh.
12.L.N.Tolstoy. Hərb və sülh. I cild, Bakı: Azərnəşr, 1968, 392 səh.
13.A.Kojevnikov. Dirilik suyu. Bakı: Azərnəşr, 1951, 568 səh.
14.A.UIyanova. İliçin uşaqlığı və oxuduğu illər. Bakı: Azərnəşr, 1951, 32 səh.
15.M.Makarenko. Pedaqoji poema. Bakı: Uşaqgəncnəşr, 1952, 716 səh.
16.M.Qorki. Seçilmiş hekayələri. Bakı: Uşaqgəncnəşr, 1952, 195 səh. (şərikli)
17.L.N.Tolstoy. Hərb və sülh (IV hissə). Bakı: Azərnəşr, 1953, 341 səh.
18.L.Vaysenberq. Kiçik bacı. Bakı: Azərnəşr, 1954, 608 səh.
19.M.Qorki. Dankonun ürəyi. Bakı: Uşaqgəncnəşr, 1959, 14 səh.


Tarix: 17.01.2013 / 11:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 751 Bölmə: Şairlər və Yazıçılar
loading...