Xalidə Hasilova – Azərbaycanın qadın yazarları arasında özünəməxsus uğurlu və məhsuldar yaradıcılıq yolu ilə keçmiş Xalidə Hasilova Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Həyatı
1920-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Zaqatalada dünyaya gəlmiş Xalidə xanım orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.
Yaradıcılığı
Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir. N.Nosovanın "Şən ailə" (1951), N.Tixonovun "İgid partizan" (1955), İlda Pereranın "Zənci balası Atolo" (1965), Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972), Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir. Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar
Tarix: 16.01.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1295 Bölmə: Şairlər və Yazıçılar