Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlil İbrahim

Xəlil İbrahim oğlu İbrahimov -(1892-1938), publisist, tərcüməçi



Həyatı

İbrahim 1892-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada, real məktəbi Bakıda bitirib. "Azərbaycan"a qədər bir çox qəzetlərdə həm müxbir, bəzən də redaktor kimi çalışıb. 1919-cu ildə qəzetin 4 iyul 216-cı nömrəsindən 1 sentyabr 265-ci nömrəsinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin olrqanı olan "Azərbaycan" qəzetinin redaktoru olmuşdur. Azərbaycanın azadlıq mübarizəsində özünəməxsus yeri olan vətənpərvər Xəlil İbrahim 1938-ci ildə "xalq düşməni" kimi həbs edilərək güllələnib.



Fəaliyyəti

Xəlil İbrahim ibtidai təhsilini Şuşada rus-tatar məktəbində aldıqdan sonra ailəsi Bakıya köçür. Gənc Xəlil təhsilini Bakıdakı realnı məktəbdə davam etdirir. Təhsilini başa vurduqdan sonra – 1912-ci ildə "Nəşri-maarif" Cəmiyyətinin Əmircandakı məktəbində müəllim işləyir. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olur, müxtəlif janrlarda qəzetlərə məqalələr yazır. Dövrünün maarifpərvər ziyalıları ilə bir sırada dayanan Xəlil İbrahim "Səda", "Açıq söz", "İqbal", "Bəsirət", "Qurtuluş yolu" kimi demokratik ruhlu mətbuat orqanlarında müntəzəm çıxış etmiş, hətta bəzilərinə qısa müddətdə redaktorluq da etmişdir. Mücadilə tariximizə daha çox ədəbiyyat, mədəniyyət xadimi, eyni zamanda ictimai xadim, görkəmli jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi kimi daxil olan Xəlil İbrahim 1919-cu il 4 iyul nömrəsindən 1 sentyabr 265-ci nömrəsinə qədər "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru olub. Müdiri olduğu qısa vaxtda qəzetin səhifələrində dövrün ictimai-siyasi hadisələrinə aktiv münasibət bildirilir, parlamentdən müntəzəm yazılar dərc olunurdu. Xəlil İbrahimin özünün müxtəlif mövzularda məqalələri qəzetin səhifələrində yer alırdı. Böyük çətinliklərə baxmayaraq, Azərbaycan qısa zamanda öz ordusunu, dövlət orqanlarını, sivil təşkilatları yaratmağa müvəffəq olmuşdu. Dünya dövlətləri tərəfindən tanınmasını da təmin etimşdir. Lakin qarşıdan şaxtalı, soyuqlu şimal küləyi gəlirdi, fırtınalarla, çovğunla. Bu soyuq şimal havası Azərbaycanın ən qiymətli sərvətini – dövrün ziyalılarını qılınc kimi kəsəcəkdi. Belə dəyərli sərvətlərdən biri də Xəlil İbrahim idi. 28 aprel 1920-ci il süqutundan sonra Xəlil İbrahim vətənində qalır, ədəbi-bədii yaradıcılıqla məşğul olur, xalqının azadlığı uğrunda mübarizəsini ümidlə davam etdirirdi. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi olur. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edir və komissiyanın "Dilimizin silahı" adlı mətbuat orqanının redaktoru olur. 1930-cu ildən başlayaraq "Azərnəşr"də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsinə xüsusi əmək sərf edir. İctimai xadim Xəlil İbrahim ictimai-siyasi məsələlərə, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir. Nəhayət şaxtalı şimal küləyi özünü yetirdi. 1938-ci ilin bir soyuq gecəsi Xəlil İbrahimin də qapısı döyülür. Bir neçə günlük sorğu-sualdan sonra "xalq düşməni" kimi güllələnir. Azərbaycan Demokratik Cümhuriyyəti yaradıcılarının silahdaşı olmuş Xəlil İbrahim xalqımızın istiqlal mücadiləsi tarixinə görkəmli ictimai xadim və xalqının azadlığı uğrunda şəhid olmuş görkəmli oğlu kimi daxil olmuşdur.


Tarix: 16.01.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Şairlər və Yazıçılar
loading...