Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanım İsmayılqızı

Qarayeva Xanım İsmayıl qızı (Xanım İsmayılqızı) — şairə, mahnı bəstəçisi. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999).

Həyatı

Xanım İsmayılqızı 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən goranboyludur. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir (1979). "Gənclik" Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq (1972-1984) işləmişdir. Həbəşistanda yaşaması ilə bağlı nəşriyyat işindən ayrılmış, Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıtmışdır. ADU-nun nəşriyyatında şöbə müdiri (1987-1989), Azərbaycan Tərcümə Mərkəzində şöbə müdiri, sədr müavini (1989-1995), "Bilik" Maarifçilik Cəmiyyətinin "Bayatı" Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini (1995-1998) işləmişdir. 1998-ci ildən həmin Mərkəzin direktorudur.

Yaradıcılığı

Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, ilk şeri "Yol" qəzetində dərc olunmuşdur (1991). Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınamışdır. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlamış, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunmuşdur. AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də "Dünyam qəfil işıqlansa" adlı müəllif verilişi ilə çıxış etmişdir (1992-1993).

"Kimlər keçir bu dünyadan" ilk nəşr olunan kitabıdır (1996). Vasili Şukşinin "İlan zəhəri" adlı əsərini tərcümə etmişdir. Dünya işığından məhrum olan insanların – korların dünyasından, daxili aləmindən bəhs edən "Ruhun da gözü var" adlı fəlsəfi-publisistik əsəri, Pristavkinin "Qızılı bulud gecələri" və Leonid Andreyevin "İblisin gündəliyi" adlı tərcümə kitabları nəşr üçün təqdim edilib.

Şair kimi ilk dəfə bəstəkar Faiq Sücəddinovla əməkdaşlıq etmişdir. F.Sücəddinovun onun sözlərinə yazdığı "Harda qaldın" mahnısı şair kimi onun vizit vərəqinə çevrildi. Mahnı bəstəçisi kimi ilk işi "Sevgimizi qoruyaq" mahnısıdır (1986). Efirdə ilk səslənən manhısı da məhz "Sevgimizi qoruyaq"dır (1994). Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" pyesinə yazdığı musiqi bəstəkarın ilk iri həcmli əsəridir. 300-dən çox mahnının müəllifidir. Ramiz Rövşən, İsmayıl Qarayev, Vaqif Bayatlı Önər, Vahid Əziz, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, D.Aslan, Z.Şahsevənli, Paşa Qəlbinur, Rəşad Məcid, Zakir Fəxri, T.Vəliyeva və b. şeirlərinə musqiqi bəstələmişdir. 300-dən çox şerinə Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Nadir Əzimov, Səyavuş Kərimi, Aygün Səmədzadə, N.Aslanov, M.Əlibəyli, C.Musayev və b. bəstəkarlar musiqi bəstələmişdir. Mahnıları İlhamə Quliyeva, Flora Kərimova, Brilliant Dadaşova, Mübariz Tağıyev, Faiq Ağayev, Mətanət İsgəndərli, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Z.Abdullayeva, G.Məmmədova, E.Cəlilov, Sənubər İsgəndərova, Cavan Zeynallı, Rəşad İlyasov, K.Kərimova, Y.Mustafayev, Baloğlan Əşrəfov və b. tərəfindən ifa olunmuşdur. 1999-cu ildə "Respublika" Sarayında solo konserti keçirilmişdir.
Yazıçı İsmayıl Qarayevin qızıdır.

Əsərləri
1.Kimlər keçir bu dünyadan (şeirlər). Bakı: Bayatı, 1996, 64 səh.
2.Mən Tanrının quluyam (publisistika). Bakı: Bayatı, 1997, 92 səh.
3.Bir məndim, bir də özüm (şeirlər). Bakı: Bayatı, 1997, 192 səh.
4.Ağ və qara. Bakı: Çinar-Çap, 2006,

Ədəbiyyat
1.İsmayılqızı Vəsimə. Goranboy. Ensiklopedik toplu. Bakı: 2000, səh. 349-350.
2.XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı: 2004, səh. 402-403.


Tarix: 16.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 648 Bölmə: Şairlər və Yazıçılar
loading...