Cəfər Qafar oğlu Cabbarlı (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri, aktyor, ssenari müəllifi, rejissor, əməkdar incəsənət xadimi (1932). 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur.[1]
"Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi əngin və rəngarəng, Qorki kimi ideyalı olmağa çalışan, öyrənən, arayan Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu".
Həyatı
XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur[2].
Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır.
Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. Balaca Cəfər ara-sıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü.
Yazıçının anası Şahbikə xanım namuslu və çalışqan bir qadın idi. Onun dörd oğlu vardı. Kiçiyi Cəfər idi. Əri Qafar kişi 1902-ci ildə vəfat etdikdən[3] sonra ailənin bütün ağırlığı onun üzərinə düşdü.
Cəfər Cabbarlı kiçik yaşlarında Quran oxumağı məhəllə mollasından öyrənmişdir. Sonrakı təhsili rus dilində olmuşdur.[4]
İlk təhsil illəri
Cəfər Cabbarlı gənclik illərində
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Cəfər Cabbarlının adı görkəmli klassiklərimizlə bir sırada çəkilir.
XX əsrin ikinci onilliyində yaradıcılığa başlayan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə etmiş, istedadını sınamışdır. Cəsarətlə demək olar ki, müasir Azərbaycan ədəbi dilin formalaşmasında onun müstəsna xidməti var.
Anası Şahbikə heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olmuşdur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlmani və rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cabbarlı sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə vermişdir.
Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cabbarlıda ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də yazmağa başlayır.
Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.
1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat almışdır.
Cəfər Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. O, burada oxumuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azəraycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçılarımızın, realistlərimizin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı.
1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.[5]
Yaradıcılığının ilk dövrü
Lirik və satirik şeirləri. Hekayələri və ilk dram əsərləri
Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.
Cəfər Cabbarlı
Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.
Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi.
Qeyd edildiyi kimi, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdu. "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. Deməli, C.Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur.[6] 1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin "Hophopnamə"si və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.
Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, birincilərin ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini "Boranlı qış gecəsi"[7], "Bayram saxlayanlara", "Dilənçi"[8] və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə"[9] kimi şeirlərində əks etdirmişdir.
Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır. XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının qüvvətli təsirini hiss etmişlər. Gənc Cabbarlı da ilk satirik şeirlərini bu böyük satirikin təsiri altında yazmışdır.
Sabirdən öyrənmək, onun demokratik fikirlərindən mütəəssir olmaq, satirik üsullarından istifadə etmək Cabbarlının müsbət cəhətidir. Sabir yaradıcılığı onun üçün ilk realizm məktəbi, vətəndaş poeziyası məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi idi.
Cabbarlı öz satirik şeirlərini sadə, aydın yazmağa, fikrini real və canlı ifadə etməyə çalışarkən çox vaxt Sabirə müraciət edir və ondan bacarıqla istifadə etməyə müvəffəq olur. Aşağıdakı parçalar buna ən yaxşı misal ola bilər:“Qızıma
Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!
Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Oxuyub elmi, evin eyləmə viranə, qızım!
Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım!
Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə;
Qələmi xarici məzhəb kimi alma əlinə.
Vurma ləkə daha, allahı sevərsən, elinə.
Elm bir şeymi, verə mənfəət insanə, qızım?
Nə rəvadır salasan möhnətə qəmsiz başını,
Edəsən xalqın arasında xəcil qardaşını;
Get bişir evdə, bala, düşbərəni, bozbaşını,
Verginən meylini xingalə, fisincanə, qızım!”
"Qızıma" adlı satirasında[10] qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid edilmişlər. Maraqlıdır ki, Cəfər Cabbarlının "Qızıma" satirası Oksford Universiteti tərəfindən çap olunmuş dərsliyə daxil edilmişdir.
Zahirən yüngül və bir qədər də "məzəli" görünən bu satirik şeirlərdə Cabbarlının qəzəbli səsi aydınca eşidilirdi. Onun ilk satirik şeirlərində qadın azadlığı mövzusuna xüsusi yer verilmişdir.
"Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.
Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şeirlərində pis kişinin qadına, naxələf övladın anaya və eləcə də feodal-burjua cəmiyyətin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır.
İlk şeir, hekayə və dramlarını Cabbarlı 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi vardır. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.
Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır.
C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.
C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərinin üzərindəki qeydə görə əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir.
"Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı "Solğun çiçəklər"də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyədə oynanılmışdır.
Ailə-məişət mövzusuna həsr olunmuş pyes Cabbarlının qüvvətli dramaturq istedadına malik olduğunu göstərir. Cəfər Cəfərov "Solğun çiçəklər" və "Vəfalı Səriyyə" pyesləri haqqında yazır:
"Klassik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq qalan Cabbarlı eyni zamanda özünəməxsus bir səpgisi, orijinal xüsusiyyəti olan, ədəbiyyata yeni mövzular, obrazlar və ideyalar gətirən bir ədib kimi meydana çıxır.
Bu pyeslərin ən qiymətli cəhəti mənfəət düşgünlərinin qəddar, qaba və nadan adamlar olduğunu ifşa etməsidir".
Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.
"Nəsrəddin şah" C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin şah" pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir.
Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.
"Nəsrəddin şah" pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti olmuşdur. Azərbaycan dramaturgiyasında və C.Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi "Nəsrəddin şah"la yeni mərhələ idi. "Nəsrəddin şah" ilk dəfə Aşqabadda 1919-cu ildə tamaşaya qoyulmuşdur.
1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, iztirablı axtarışlar, varlığa estetik münasibətdəki eniş yoxuşlar mərhələsi idi. Azərbaycan Demokratik Cumhuriyyəti dövründə (1918-1920) bir çox yazıçılar kimi, gənc Cabbarlının da dərindən çulğalamış milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazılmış "Ulduz və ya Trablis müharibəsi" (1917), "Ədirnə fəthi" (1917) pyesləri tənqid tərəfindən "ziyanlı sənət", "zərərli təmayül" kimi qarşılanmışdı. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq "Ədirnə fəthi" pyesini "Trablis müharibəsi və ya Ulduz" pyesinin davamı hesab etmək olar. Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar tənqid tərəfindən "pantürkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdır.
"Trablis müharibəsi və ya Ulduz" və "Ədirnə fəthi" əsərlərinin mövzusu qardaş Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911-1913-cü illər) götürülmüşdür.
"Ulduz" (1917) və "Ədirnə fəthi" (1917) əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. C.Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Türkiyə tarixinin Balkan müharibəsi (1911-1913) dövrünü mətbuat məlumatları əsasında diqqətlə izləmiş, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq oxucuları və tamaşaçıları təsir altına, gərgin həyəcanlı anlara sala biləcək, bu gün də Azərbaycanda mövcud olan ictimai vəziyyətlə bağlı əlahiddə aktuallıq kəsb edən dəyərli səhnə əsərləri yaratmışdır.
"Ulduz"da hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan edir. "Ədirnə fəthi" faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirmiş, əsər elə həmin il, dekabrın 15-də tamaşaya qoyulmuşdur. Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.
Yazıçının "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Lakin çox təəssüf ki, əsər bu günə kimi tapılmamışdır.
Cabbarlının satirik və lirik şeirlərdən başlanıb ictimai-məişət pyeslərinədək gələn ilk yaradıcılıq dövrünün ümumi istiqaməti belədir. Cəmi 3-4 il sürən bu dövrü yazıçının ədəbi təcrübə illəri adlandırmaq daha düzgün olar. Bu dövrdə yazdığı əsərlərin bir çoxuna Cabbarlı nəinki böyük əhəmiyyət verməmişdi, hətta onların çap olunmasına da çalışmamışdı.
Lakin buna baxmayaraq, bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şeirlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.
Sənətkarlıq və dil cəhətdən də bu dövr Cabbarlı üçün bir hazırlıq məktəbi idi.
Yaradıcılığının ikinci dövrü
Cəfər Cabbarlıya həsr olunmuş Azərbaycan markası (1999).
C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi "Aydın" və "Oqtay Eloğlu" pyesləri oldu. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş və teatrın repertuarında görkəmli yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.
"Oqtay Eloğlu" əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır. O, səhnə xadimidir. Səhnəni bütün varlığı ilə sevən Oqtay hər şeydən əvvəl yaradıcı bir insandır. Yaradıcılıq onun əsas keyfiyyətidir. O, deyir: "Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam".
Yaradıcılığının ilk dövrundə yazılmış pyeslərində – "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" (1915), "Solğun çiçəklər" (1915), "Ədirnə fəthi" (1917), "Nəsrəddin şah" (1916) – məharətlə süjet qurmaq, fərdi psixoloji xarakterlər yaratmaq yolunda göstərdiyi səylər artıq gənc Cəfər Cabbarlıya oxucu rəğbəti qazandırmış olsa da, onun geniş oxucu – tamaşaçı kütlələrinin hiss və duyğuları, fikir və düşüncələri üzərində əsl dramaturq hakimiyyəti "Aydın" (1919), "Oqtay Eloğlu" (1921) pyesləri ilə başlayır.
Cəfər Cabbarlının əsl peşəkar ustalığı, bədii texniki yetkinliyi, həyati konfliktlər, təbii monoloq və mükalimələr qurmaq məharəti ilk dəfə olaraq bu pyeslərdə tam qüdrəti ilə təzahür edir. Bu pyeslər həm də Cəfər Cabbarlı dramaturgiyası zəminində Cabbarlı teatrını qurmaq və ucaltmaq yolunda iki əsas təməl sütunları idi. İdeoloji təzyiqlərə məhəl qoymadan millilik elementlərini qoruyub saxlayan, səhnə və sənətkar problemini də bu rakursdan həll etməyə çalışan sənətkarın vətənpərvərlik və ziyalılıq ruhu bu pyeslərdə tam gücü ilə duyulur. Xalqın yaşaması, özü-özünün təsdiqi üçün milli mədəni intibahın başlıca şərt olduğunu anlayan Oqtay ("Oqtay Eloğlu") xalqını dahilər, sənətkarlar, şəxsiyyətlər yetişdirməyə çağırır. Lakin doğma səhnəni boş görən sarsılmış gənc aktyor təbiətinə məxsus çılğınlıqla üzünü salona tutaraq: "Səfil xalq, nə bağırırsan. Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl" – deyir. Tragik qəhrəman səviyyəsinə yüksələn Oqtay Eloğlu pərəstiş etdiyi, varlığı qədər sevdiyi səhnəni yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır, faciəli sənət yolu keçir.
Aydının və Oqtayın mübarizə, inkar və etiraz hədəfləri müxtəlif olsa da, onlar talecə eyni bir həyat məcrasında birləşir və qovuşurlar. Qızılın və pulun qəddar dərəbəyliyi, incəsənət, şöhrət və sərvət ehtiraslarının mənhus tuğyanı qarşısındakı əlacsızlıq onları eyni bir ağrı və iztirab dəyirmanında üyüdür.
Vətənə, xalqa, milli mədəniyyətə və sənətə xidmət yolunda hər cür fədakarlığa hazır olan bu qəhrəmanlardakı parlaq romantika, nəcib xəyalpərvərlik hadisələr axarında az keçmir ki, həyatın sərt daşlarına dəyərək çiliklənir. Hər iki əsər faciəvi bir finalla, sarsıdıcı bir sonluqla tamamlanır.
Cəfər Cabbarlının təsvir etdiyi gənc qəhrəmanlar: aydınlar, oqtaylar real və həyatı idilər.
"Oqtay Eloğlu" ilə "Od gəlini" arasındakı illər Cabbarlı yaradıcılığında çox gərgin ədəbi fəaliyyət və yeni inkişaf dövrünə girmək üçün hazırlıq illəri olmuşdur.
"Od gəlini" tragediyası bir körpü kimi iki dövrü bir-birinə bağlayır. "Od gəlini" əsərində Cabbarlı öz həqiqi mübariz qəhrəmanını, yəni aydın və yüksək məqsəd uğrunda mübarizə edən əsl qəhrəmanını tapmışdır. Əsərin qəhrəmanı Elxan azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparan xalq kütlələrinin qəhrəman bir sərkərdəsi olmaqla bərabər, bir mütəfəkkir və islahatçıdır; o, ictimai quruluşun yaramazlıqlarını dərk etmiş və onu dəyişdirmək qərarına gəlmişdir. Bu nöqteyi-nəzərdən Elxan yalnız Cabbarlı yaradıcılığında deyil, bütün Azərbaycan ədəbiyyatında yeni müsbət bir qəhrəman idi.
"Od gəlini" tragediyası şahların, xəlifələrin, hökmdarların həyatına həsr edilmiş əsər deyil. O, zəhmətkeş xalqın həyatını, mübarizəsini, xalqın öz içərisindən çıxan qəhrəmanları təsvir edir. Babək xalq qəhrəmanı, xalq sərkərdəsi və xalq başçısıdır.
"Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. "Od gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. Heç bir əsər üzərində Cabbarlı "Od gəlini" qədər çox və səylə işləməmişdir.
1928-ci ildə dramaturq "Od gəlini" pyesi ilə tarixi mənşəyinə görə olduqca problematik, zamanına görə aktual, aktual olduğu qədər də xətalı, süjet və kompozisiya həllinə görə bənzərsiz möhtəşəmliyə malik bir mövzuya müraciət etmişdi. Mövzunun dərinliyi və genişliyindəndir ki, əsər ilk variantında 38 şəkildən ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 şəklə endirilmişdir.
Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.
Məmməd Əmin Rəsulzadə "Çağdaş Azərbayçan ədəbiyyatı" əsərində yazırdı: "Od gəlini"ni Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.
Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir".
"Od gəlini" əsəri 1928-ci ildə tamaşaya qoyuldu. Əsərin quruluşçu rejissoru A.A.Tuqanov idi.
Cabbarlının yaratdığı pyeslər öz bədii dili və üslubu ilə də seçilirdi. Heç şübhəsiz ki, Cabbarlının ədəbi dil sahəsindəki fəaliyyəti Azərbaycan dilinin inkişafında bir mərhələ təşkil etməkdədir.
Cabbarlının, xüsusən dramaturq Cabbarlının yaradıcılığında dil əsas tipləşdirmə vasitələrindən biridir. Buna görə də yazıçının saf, aydın və müstəqil Azərbaycan dili uğrundakı mübarizəsi bilavasitə onun sənətkarlıq xüsusiyyətləri ilə bağlıdır. Cabbarlı dilinin qüvvəti, hər şeydən əvvəl onun dramlarında meydana çıxır.
Cabbarlı müasir dram dilimizin banisidir: xalq danışıq dilinə əsaslanan dram dilinin yox, normativ bədii dilə əsaslanan dram dilinin yaradıcısıdır. Məhz dramaturqun formalaşdırdığı dram dili Avropa klassiklərinin pyeslərini ana dilimizə tərcümə eləməyə, bu sahədə lazımi adekvatlığa nail olmağa imkan verdi. O, Azərbaycan bədii dilinin normativ dram üslubunun banisi oldu. Dramaturqun yaratdığı bədii üslubu nə nəsr, nə də şeir dili ilə müqayisə etmək olar. Onun yaratdığı dramatik danışıq üslubunu Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Sabit Rəhman, Ənvər Məmmədxanlı kimi istedadlı yazıçılarımız inkişaf etdirmişlər.
Cabbarlı Azərbaycan həyatından alınmış tarixi və əfsanəvi mövzularla çox maraqlanırdı. O, Azərbaycan xalqının azadlıq uğrundakı mübarizə tarixini, əfsanə və nağıllarını öyrənərək, xalqın mənəvi qüdrətini öz əsərlərində əks etdirmək istəyirdi.
Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi "Araz çayı" mənzum faciəsini Cabbarlı oynamaq üçün Dövlət Dram Teatrına təqdim etmişdir. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən "Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!" misrasının da həmin faciədən olması güman edilir. Lakin təəssüf ki, bu əsər tapılmadığı kimi haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq Cabbarlı "Qız qalası" adlı əfsanəvi poemasını "Maarif və Mədəniyyət" jurnalında dərc etdirmişdir. "Qız qalası" 1922-1923-cü illərdə yazılmışdır.
1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsində oxuyarkən Cabbarlı ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı "Azərbaycan ədəbiyyatının son vəziyyəti", "Bizdə teatro", "Azərbaycan teatr məktəbi", 1922-ci ildə "Ədəbi mübahisələr" məqaləsini "Zəhmət" qəzetində dərc etdirmişdir və s. məqalələrində daha səciyyəvi formada öz əksini tapmış, yeni repertuarın yaradılması, sənətkar aktyorlar, aktrisa və rejissorlar yetişdirmək məsələsi irəli sürülmüşdü.
Məmməd Əmin Rəsulzadənin qeydlərindən:
"Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qilyer onun "Şahsənəm" adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. "Qız qalası" mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şeirləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir".
1925-ci ildə dövlət teatrı üçün Şekspirin "Hamlet" faciəsini tərcümə etmiş, 1927-ci ilin əvvəllərində "Dilbər" hekayəsini çap etdirmiş, eyni zamanda F.Qladkovun "Sement" əsərindən bir parça tərcümə etmişdi. 1928-ci ildə Lev Tolstoyun "Uşaqlıq" povestini və Maksim Qorkinin "Üzügülər" hekayəsini tərcümə və çap etdirmişdi.
Yaradıcılığının üçüncü dövrü
Axan çaylar, sən kiminsən? – Mənə körpü salanın!
Doğan günəş, sən kiminsən? – Məndən işıq alanın!
Sonsuz fəza, sən kiminsən? – Mənə qanad çalanın!
Həyat, söylə, sən kiminsən? – Mən həyatı öyrənənin, bacaranın, alanın!
Mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan 1920-1930-cu illər Azərbaycan xalqının həm siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Bolşevik hakimiyyəti, sovet rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat nümunələri çoxdur.
C.Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq, həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir. Cəfər Cabbarlı 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir.
1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.
Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil Məmmədquluzadə kimi Cabbarlı üçün də qadın dərdi "köhnə bir dərd" idi. Yazıçının hekayələrinin əksəriyyəti Azərbaycan qadınının bədbəxt taleyinə həsr edilmişdir. Lakin yazıçı Azərbaycan qadınlarını donmuş bir vəziyyətdə yox, inkişafda təsvir etmişdir. Onlar get-gedə şüurlanır, insanlıq ləyaqətlərini dərk edirlər. Cabbarlının qadın surətləri passiv etirazdan başlayaraq fəal etiraza, ictimai mübarizəyə qədər yüksəlirlər.
Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə düşürdü və Cabbarlının "Sevil" pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir.
30-cu illərin ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan "Sevil" pyesində dramaturq yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının bədii illüstrativ təsvirinə səy göstərmişdir. Əsərdə müti bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. Pyesdə ədib müasir həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirmişdir.
1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı.
"Sevil"dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi.
C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilmişdi. Tamaşa böyük müvəfəqiyyət qazanmışdı.
Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır.
1931-ci ildə Cabbarlı "1905-ci ildə" pyesini tamamlayıb teatra verdi. Əsər xalqlar dostluğundan bəhs edir. Türk Dövlət Dram Teatrı 1931-ci il mövsümünü bu pyeslə açmışdır. Əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü işləmişdir.
1932-ci ildə C.Cabbarlı "Dönüş" əsərini yazmışdır. Həyat yoldaşı Sona xanıma yazdığı məktubda ədib əsər haqqında bunları deyir:
"Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracağam..."
Cəfər Cabbarlı
Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi balaca pyes – "Dönüş" pyesi idi. Yazıçı bu pyesi nə səbəbə "balaca" adlandırmışdı? Bu suala ədibin bir az əvvəl A.A.Tuqanova yazdığı məktub cavab verməkdədir. Həmin məktubda Cabbarlı bildirir ki, Dövlət Dram Teatrının yubileyi münasibəti ilə kiçik satirik bir pyes yazacaqdır. Belə məlum olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya qoymaq üçün nöqsanlarını yoldaşcasına tənqid edən bir pyes üzərində işləyirdi. Bu pyes bir və ya iki pərdəli bir komediya, "səhnəmizin güzgüsü" kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini əhatə edən ciddi bir pyesə çevrilmişdi. Əsəri yazmaqda yazıçının əsas məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq, zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini təmizləmək idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi.
Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kollektivini yeni repertuar, yeni üsul, möhkəm intizam uğrunda mübarizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir. Gülsabah gördüyü nöqsanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan qaldırmağa çalışır. O deyir: "Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: Yenilikdən qorxmaq, köhnəliyə pərəstiş". Gülsabahı hər şeydən artıq bu əsas nöqsan, mühafizəkarlıq narahat edir; o, konservatizmlə, köhnəliklə mübarizəyə girişir. Pyes "Oqtay Eloğlu" əsərinin davamı kimi götürülə bilər.
"Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzərində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu. Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir. Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır. "Yaşar" Cabbarlının son tamamlanmış əsəri idi.
1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.
Kino fəaliyyəti
Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində oxuyuruq:
"Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor".
Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi.
Hacı Qara (film, 1929) filmindən kadr. Ssenari müəllifi Cəfər Cabbarlıdır.
Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" adlı kino-film çəkilir. "Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi.
"Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkilmişdir (1999-cu ildə filmin 70 yaşı tamam oldu). Bu film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi. C.Cabbarlı öz qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarırdı. Cəfər istəyirdi ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə məxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Bu axtarış zamanı aldığı təəssürat əsasında "Gülər" hekayəsini yazmışdı. Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır.
"Sevil" filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı "Almaz" və "1905-ci ildə" pyesləri üzrə kinossenarilər yazdı və "Sevil"dən sonra dərhal "Almaz" filminin çəkilişlərinə başladı.
Sona xanımın xatirələrindən:
"Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz" filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər".
Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu.
Cəfərin bədxahları iddia edirdilər ki, güya yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklər.
Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək:
"...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".
Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.
Kino Cabbarlıni getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sənətin bu sahəsində lazımi kadrların olmaması vəziyyəti çox ağırlaşdırmışdı. Cabbarlı kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələni əsirgəmir, orada həm ssenarist, həm də rejissor kimi çalışırdı.
Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərmişdi. Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət verirdi. "Hara gedir Azərkino" adlı məqaləsində oxuyuruq:
"Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar"-"gözəl qozlar" kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur.
Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətini özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir".
Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə yaddan çıxarmışdı. Sona xanım Cabbarlıya yazdığı 29 avqust 1933-cü il tarixli məktubunda Cəfər Cabbarlı öz gərgin iş vəziyyətini belə təsvir edirdi:
"...Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda "1905-ci il"in pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. "1905-ci ildə" filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, "Səfa"nın ancaq bircə 4-cü pərdəsi qalıb. 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə "Şahsənəm"i qurtarasan, operada oynayaq. Deyirəm vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin "Qaçaqlar"ı, o yandan da "Əfqanıstan" ...Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə yazaram... Sonra, Türk teatrında "1905-ci ildə"ni quruluşda verməliyəm. Rus teatrında da "1905-ci ildə" gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da "Səfa"nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da "Otello"nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, "Od gəlini"ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim işlərim. İndi gələk sənin işlərinə...".
Bir daha qeyd edək ki, Cəfər Cabbarlı Azərbaycanda milli kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.
O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi gözəl filmlər bəxş etmişdir.
Vəfatı
Sona xanımın xatirələrindən:
"Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi".
İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat etdi.
Məhəmməd Əmin Rəsulzadə öz əsərində qeyd edirdi:
"O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".
Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi.
Səməd Vurğunun yazdıqlarından:
"C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir".
Cəfər Cabbarlı mükafatı
Cəfər Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün "Cəfər Cabbarlı mükafatı"nı təsis etdilər. Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edildi.
Əlavələr
Aydın Cabbarlının atasıdır.
Əsərləri
Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş (1915)
Solğun çiçəklər (1917)
Oqtay Eloğlu (1922)
Od gəlini (1928)
Gülzar (1924)
Dilarə (1924)
Dilbər (1927)
Sevil (1928)
Almaz (1931)
Yaşar (1932)
Dönüş (1932)
Şeirindən nümunəTellər oynadı
Bir mən idim, bir sən idin, bir də yamaclar,
Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
Onda ki, ağ umuzlara töküldü saçlar,
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Bir biz idik, bir düz idi, bir də al boya,
Dağ başında uçan quşlar endilər çaya.
Sən dedin ki: "Bütün dünya qoy dönsün toya!"
Çaldı qaval, uzaq kənddə ellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Filmoqrafiya
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(arxiv kadrlar)(şəkil)
Ağasadıq Gəraybəyli (film, 1974)
Almaz (film, 1936)
Azadlığa gedən yollar (film, 1990)
Bakı bağları. Buzovna (film, 2007)
Balıqçılar (film, 1927)
Cavid ömrü (film, 2007)
Cəfər Cabbarlı (film, 1944)
Cəfər Cabbarlı (film, 1969)
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
Cəfər Cabbarlının dəfni (film, 1935)
Hacı Qara (film, 1929)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Qayıdış (film, 1992)
Qəmbər Hüseynli (film, 2007)
Onlar belə sevirdilər (veriliş, 2007)
Səhər (veriliş, 1995)
Sevil (film, 1929)
Sevil (film, 1970)
Solmaz bir bahar kimi (film, 1979)
Yarasa (film, 1995)
Tarix: 12.01.2013 / 16:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3383 Bölmə: Şairlər və Yazıçılar