Mirzəbəyli Elçin Əbdülrəhim oğlu - şair, jurnalist.
Həyatı
Elçin Mirzəbəyli 1967-ci ildə doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtin adamı", "Bütöv Azərbaycan" şeir kitablarının müəllıfıdır. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkəyə və Rusiyada nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gündəlik yayımlanan "Xalq Cəbhəsi" qəzetinin baş redaktorudur. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Yaradıçılığı
AZADLIQ MARŞI
(Azərbaycan Milli Azadlıq Hərəkatının marşı. 1989-cu ildə yazılıb)
Musiqi: Heyrati
Söz: Elçin Mirzəbəyli
Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın,
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.
Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi
Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq,
Biz ki, xalqa bağlı, yurda bağlı, elə bağlıyıq,
Biz ki, haqq yolunda andımızdan dönmərik heç vaxt,
Vuruş zülmə qarşı, ey ulu torpaq!
Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi
Yad qılınc ilə qırıldıq yetər,
Zülmə qarşı qalxaq, qul olduq yetər!
Biz ayağa qalxsaq əgər, ayrılıq bitər!
Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi!
Türkün birliyini poza bilməzsən
Kim tutub mayasın bu sifarişin,
Bu "dil" savaşını kim salıb işə?
Görən yetmədimi dərsi keçmişin,
Nə vaxt səngiyəcək bu "münaqişə"?
Yenə ortalıqda meydan sulayır
Qardaşı qardaşdan ayrı tutanlar.
Kimin qarşısında quyruq bulayır
Fitnə yaradanlar, ara qatanlar?
Açılıb qapısı fitnəbazların,
Yatan iştahlar da ayılıb yenə.
Ucalır sədası yad avazların,
Yırtılır niqablar, boşalır sinə:
"Yox, bu Azərbaycan, o türk dilidir,
Fərqlidir, ayrıdır", - deyir bir "qoçaq".
Dodağı üstündə özgə kilidi...
Açıblar - danışır, yenə susacaq.
Yenə cıdırdadır özgə atları...
Bəlli simaları, bəlli zatları...
Kişnəyir "köhlənlər" ana dilində
Fəqət yüyənləri özgə əlində...
XXX
Dilimin adını kim verib görən?
Onun "Ol" dediyi andanmı gəlir?
Tarixə sığmayan tarix yaradan
Fatehlər doğuran qandanmı gəlir?
Şumerdənmi gəlir?
Hundanmı gəlir?
Dilimin adını kim verə bilər?
Sönmüş ocaqlara od verən mənəm!
Qitədən qitəyə axan çaylara,
Yurdlara, ellərə ad verən mənəm!
Dilimin adını kim verə bilər!
Kimdir bu cəsarət yiyəsi, Allah!
Ruhum varlığını dünyadan silər,
Kəsər sözlərimin "tiyəsi", Allah!
Dilimin adını kim verə bilər?
Adım da, sözüm də Tanrıdan gəlir,
Kimsənin önündə, Tanrıdan özgə,
Yenməyən dizim də Tanrıdan gəlir!
Başımın üstündən göy çəkilməmiş,
Ayağım altından Yer qaçmayınca...
Kimliyim, varlığım, ruhum, vücudum
Soyuq məzarlara yol açmayınca...
Şəhid qanı kimi son damla qanım
Vətən torpağına hopana qədər.
Bilin!
Yürüdükcə ərzin zamanı,
Dünya məhvərindən qopana qədər
Dilimin adı da yalnız Türkdür, Türk!
Amalım dünyanın özündən böyük!
Bir anda dilimə neçə ad gəlir
Altaydan Təbrizə...
Bu yurd mənimdi!
Nədən Türkün sözü Türkə yad gəlir,
Nədən Türkün sözü Türkə qənimdi?
...Kəhər atlarımın dırnaqlarından
Qopan daşlar belə türkcə danışır.
O mavi səmanın ənginliyindən
Uçan quşlar belə türkcə danışır.
Əlçatmaz zirvələr, keçilməz dağlar,
Yaxınlar, uzaqlar türkcə danışır.
Kükrəyən dənizlər, sısqa bulaqlar,
Çiçəklər, yarpaqlar türkcə danışır,
Türk varan torpaqlar türkcə danışır!
Yarıb neçə-neçə qaranlıqları -
Ruhundan yol alan bir gündüzü var.
Fəth edib əlçatmaz ucalıqları!
Hər yerdə, hər yerdə Türkün sözü var.
XXX
Kim tutub mayasın bu sifarişin,
Kim salır ortaya ayrılıq yenə?
Qaniçən iştahlar qıcayıb dişin
Qılınc saplamağa Türkün sözünə.
Mayası yadlardan tutulanlara
Türkün birliyimi göz dağı olub?!
Qoy ruhu qısırlar eşitsin yenə
İstər Azərbaycan, istər Türkiyə,
Qitədən qitəyə Turan elləri
Hər zaman türklərin torpağı olub!
Sözünü geri çək,
Sözümü dinlə!
Sən mənim dilimi bölə bilməzsən!
Tanrı bir yaradıb Türk millətini
Tanrı yazdığını silə bilməzsən!
Şirin layla səsi, telli saz səsi,
Qolça qopuz səsi - Türkün dilidir!
Haqqa əsgər olan Uca Millətin
Əbədi nəğməsi - Türkün dilidir!
Gah həzin, axıcı...
bir bulaq kimi,
Gah alov püskürər gur ocaq kimi...
Dillər arasında durub dağ kimi!
Dillərin zirvəsi - Türkün dilidir!
Hər sözü İlahi -
Cana can gəlir,
Hər sözün içində bir ümman gəlir...
Ruhu göydən gəlir, səmadan gəlir
Tanrı möcüzəsi - Türkün dilidir.
Tarix: 14.01.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 684 Bölmə: Şairlər və Yazıçılar