Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır.
Sərdabə ikiüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülüdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzlərində dayaz sivri tağçalar (içəridə sivri, bayırda düzbucaqlı) verilmiş, iç məkan sferonik, bayır prizmatik tutum isə səkkizüzlü uca piramidavari günbəzlə örtülmüşdür. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir.
Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz şəklindədir. Divar müstəviləri ilə günbəz (qübbə) arasında kiçik çıxıntılar vardır. Sərdabə qübbəsinin təpəsi kəsilmiş səkkizbucaqlı xonça ilə tamamlanır.[1]
Türbənin qülləsi iç və dış tağçalarla işləndiyindən qalın dayaqlar şəklində olan künc hissələr karkas (qəfəsə) quruluşuna bənzəyən konstruktiv sistem yaradır. Belə quruluş abidənin bayır görünüşünün vizual dayanıqlılığını da gücləndirir. Başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan (80 sm) tikilinin uzunömürlüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 oldən artq bir müddərdə salamat qalan tək abidədir.
Tarix: 22.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Ümumi