Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oroysun dövründə Alban ordusunun vəziyyəti

Strabon yazırdı ki, albanlar"...həm piyada, həm at belində, həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular".

Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı; albanlar iberlər kimi başlarına heyvan dərisindən hazırlanmış papaqlar qoyurdular. Plutarx romalılar ilə albanların toqquşmasını təsvir edərək bildirir ki, Albaniya basilevsinin qardaşı Kosis Qney Pompeyə "nizə ilə zərbə" endirmişdi.

Strabon alban qalxanları haqqında da aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun dördkünc ("qapışəkilli") qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey ilə alban basilevsinin qardaşı Kosis arasındakı çarpışmanı təsvir edərkən göstərir ki, "döyüşdən sonra romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazonka peltaları tapılmışdı".

Qoşunların miqdarı haqqında antik müəlliflərin verdiyi konkret məlumat hərbi işin öyrənilməsi məsələsində müəyyən yer tutur. Strabonun dediyinə görə albanlar "[döyüş üçün] iberlərə nisbətən daha çox qoşun düzürlər. Onlar 60000 piyada qoşun və 22000 süvari silahlandırırlar – Pompeylə döyüşə (albanlar) belə bir (qoşunla) getmişlər". Plutarx bildirir ki, Kürü keçib romalılar üzərinə həmlələr edilən zaman albanlar 40000 nəfərdən az olmamışlar. Daha sonra Plutarx romalıları qarşılayan albanların sayı haqqında bir qədər başqa məlumat verir. Qədim müəllif bildirir ki, Pompeyi "döyüşə hazır vəziyyətdə, lakin pis silahlanmış və başlıca olaraq, heyvan dərisində 60000 piyada və 12000 süvari" qarşılamışdır. Birinci halda Plutarx piyadanı süvaridən fərqləndirmir, alban qoşununun ümumi miqdarını verir: döyüşçülər 40000 nəfər idi. İkinci halda Plutarxın məlumatı Strabonun məlumatını xatırladır, lakin alban süvarilərinin sayı cəhətdən ondan fərqlənir.

Deyilənlərdən görünür ki, alban süvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir. Appiana əsasən, albanların basilevsi Oroys və iberlərin basilevsi Artok yeddi miriad döyüşçü ilə Kür çayının yaxınlığında Pompeyi güdürdü. Appian belə müəyyən edir ki, alban və iber qoşunu 70 min döyüşçüdən ibarət idi. Əgər iber qoşununun alban qoşunundan az olması haqqında Strabonun məlumatı əsas götürülsə, deməli, albanların payına təqribən 40 min döyüşçü düşür, bu isə alban qoşununun miqdarı haqqında Plutarxın birinci məlumatı ilə düz gəlir. Beləliklə, görünür ki, alban qoşunu Strabona görə 82 min (60 min piyada və 22 min süvari), Plutarxa görə bir halda 72 min (60 min piyada və yalnız 12 min süvari), başqa bir halda 40 min, Apiana görə təqribən 40 min döyüşçüdən ibarət idi. E.ə. 64-cü ildə alban qoşunlarının romalılarla ilk toqquşması Plutarx və Dion Kassi tərəfindən təsvir edilmişdi. Bu toqquşma eramızın 35-ci ilində parfiyalılara qarşı yönəldilmiş hərbi əməliyyatla əlaqədar Korneli Tasit tərəfindən də xatırladılır.


Tarix: 10.01.2015 / 13:10 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Ümumi
loading...