Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən yeni tarix Müstəqil Azərbaycan dövləti

Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətin həyata keçirilməsi və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.

1991 və 1992-ci ilin I yarısında Respublikaya rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd göstərirdilər. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan geniş miqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşdığı Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra 8 mayda ermənilər Azərbaycan mədəniyyətinin çeşməsi Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşadan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı başa çatdı.

1992-ci ilin mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63341 Laçın sakinləri daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin ilin mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.

1992-ci ilin may-iyun aylarında Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Ölkənin prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy (Əliyev) seçildi. Bu dövrdə hökümətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət ardıcıl, prinsipial bir kursun olmaması idi. Dövlət idarəçilyi vahid bir konsepsiya və sistem əsasında deyil, əksər hallarda bir-birini təkzib edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulmuşdur. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi.

1993-cü ilin martın 27-dən aprelin 3-ü müddətində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu da işğal etdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən hər iki rayonun işğalı bir daha onu göstərdi ki, ermənilər tərəfindən törədilən bu münaqişə Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə ideyasından xeyli uzaq olaraq, əslində qəsbkar və işğalçı siyasətin davamı idi. 1993-cü illin əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial böhrana qərq edib iyun ayındakı Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı.

1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin yeni mərhələsi başladı. Azərbaycan xalqı müstəqil dövlətin bütövlüyü və ümumiyyətlə, mövcudluğunun məhvi təhlükəsi qarşısında Heydər Əliyevi hakimiyyətə gətirdi. Azərbaycan dövlətinin o vaxtkı rəhbərliyi onu rəsmən Bakıya dəvət etdi. Heydər Əliyev hələ 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə Respublika Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyev 1993-cü ilin iyulun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Yeni hökümət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, getdikcə daha da azğınlaşmış erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu. Məhz 1993-cü ilin yay-payız aylarında bir-birinin ardınca Dağlıq Qarabağdan kənarda yerələşən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu. Bu işğallar nəticəsində respublikada qaçqınların sayı bir milyona çatdı.

Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrindən çox torpağı işğal olunmuşdur ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqların qarşısı alındı, Beyləqan və Füzuli istiqamətində düşmənə əks zərbələr endirilərək torpaqların müəyyən bir hissəsi azad edildi.

1994-cü ilin mayında Ermənistan–Azərbaycan münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində bu günədək davam edən atəşkəs əldə olundu. Respublika rəhbərliyinin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının respublikaya, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bildi. ATƏT-in Lissabon zirvə toplantısında (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistan istisna olmaqla) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri müdafiə etdi. Respublika rəhbərliyi ölkənin iqtisadi potensialını bərpa edərək inkişaf etdirmək məqsədilə iri miqyaslı beynəlxalq sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyəti öz bəhrəsini qısa müddətdə verdi.

1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir.

Azərbaycan dövlətinin rəhbərliyinin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında TRASEKA–ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda keçirilmiş beynəlxalq konfransı proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı əhatə edən GUEAM birliyinin yaranmasında Respublika Prezidenti Heydər Əliyevin önəmli xidməti olmuşdur.

1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır. 1995-ci il noyabrın 12-də yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Məhz Konstitusiya əsasında fəaliyyət göstərən parlament-Milli Məclis və burada qəbul olunmuş qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi demokratik islahatlar həyata keçirilir. Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir. 1998-ci ilin oktyabrın 11-də keçirilən seçkilərdə Heydər Əliyev seçicilərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.


Tarix: 07.01.2015 / 16:16 Müəllif: Feriska Baxılıb: 134 Bölmə: Ümumi
loading...