Cabanı döyüşü
İsmayıl Səfəvi Anadoluda özünə tərəfdarlar topladıqdan sonra Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və 1500-cü ildə Fərrux Yasara qarşı təqribən 7 min tərəfdarı ilə hücuma keçdi.
Qoşunun Əmir Bayram xan Qaramaninin başçılığı ilə təkəli və zülqədər tayfalarından olan döyüşçülərdən ibarət avanqard dəstəsi Qoyun ölümü deyilən yerdə Kürü keçməli idi. Lakin əmir çayı keçməyi mümkün hesab etmədi. Özünü yetirən İsmayıl birinci olaraq atın üstündə üzərək qarşı sahilə çıxdı və ardınca bütün qızılbaş qoşunu çayı keçərək Şamaxıya doğru irəlilədi.
Bu vaxt İsmayılın qarşısına çıxan Şəki hakiminin qoşunları darmadağın edildi.
Şirvanşah Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Şamaxıda əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədilə İsmayıl adamlarından Qulu bəyi Şamaxıya göndərdi. Lakin İsmayıl Şamaxıya daxil olanda, öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmişdir.
Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz qoşunları ilə Buğurt qalasının yaxınlığındakı meşədə düşərgə saldığını öyrəndi. İsmayıl düşməni təqib etmək qərarına gəldi, lakin onu həmin yerdə tapmadı. Şamaxının tutması xəbərini alan Fərrux Yasar Gülüstan qalasına çəkilməyi qərara almışdı. Lakin o, həmin qalaya çata bilmədi, İsmayıl qoşunu ilə Cabanı adlanan yerdə onu haqladı.
İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyadası olan Fərrux Yasarın qoşunları darmadağın etdi və Şirvanşah özü isə qaçdı. Şirvanşah qoşunlarının salamat qalmış hissələri Gülüstan qalasına çəkildi. Qızılbaşlar qənimət olaraq çoxlu əmlak və mal-qara ələ keçirdilər. Onlar öldürülənlərin başlarından qələbələrini təsdiq edən qala düzəltdilər.
Şirvanşah atla Buğrut qalasına tərəf qaçmağa başladı. Lakin qızılbaş dəstəsi Gülüstan qalasının yaxınlığında onu haqladı. Hüseyn bəy Lələnin cilovdarı Şahgəldi ağa üzdən tanımadığı Şirvanşahı atdan çəkib salmış və başını kəsərək İsmayıla gətirmişdir. Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb onu dəfn etdilər
Fərrux Yasar məğlub edilərək həlak olduqdan və Şamaxı alındıqdan sonra İsmayıl atasının və babasının qisasını almaq üçün tutduğu bütün əsirləri öldürtdü. Qızılbaşlar öldürülənlərin başlarından qələbələrini təsdiq edən qala duzəltdilər.
Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkildi və İsmayıl qoşunları tərəfindən mühasirəyə alındı.
Tarix: 07.01.2015 / 23:45 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Ümumi