Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Demokratik Respublikasının hərbi məktəbi

1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artileriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batolyonu təşkil edilməli idi. Eyni zamanda da hərbi məktəbin təşkil edilməsi qərara alındı. 1918-ci il mart ayında hərbi məktəb açıldı. Poruçik Cahagir bəy Zeynal bəy oğlu Nəsirbəyov (Cahangir Zeynaloğlu) rəis təyin edildi. Bakıda vəziyyət çox mürəkkəb idi. Dəhşətli mart soyqırımından sonra həmin məktəbin Gəncəyə köçürülməsi qərara alındı. 1918-ci il aprelin 2-də məktəbin Gəncəyə gələn bazası əvvəlcə dəmiryolu məktəbinin, aprelin 9-da isə sənət məktəbinin binasında yerləşdirildi. Yeni məktəb çox çətin şəraitdə bir müddət fəaliyyət göstərdi. Gəncədə isə hərbi məktəbə Osmanlı ölkəsindən gəlmiş Atif bəy başçılıq etdi. Bu təhsil ocağı "Praporşiklər məktəbi" adlandı. Cahangir bəy onun köməkçisi oldu. Daşnak S.Şaumyanın başçılıq etdiyi rus-erməni birləşmələri ölkədə at oynadanda Hacıqabulun mühafizəsi üçün polkovnik Maqalovun rəhbərliyi altında silahlı dəstə göndərilmişdi. Gəncə hərbi məktəbinin zabit heyəti də həmin dəstəyə cəlb edilmişdi. Bununla da məktəb müvəqqəti olaraq bağlandı.

Azərbaycanın müstəqilliyi elan olunan kimi, yəni 1918-ci il iyunun ilk günlərində Gəncə hərbi məktəbi yenidən fəaliyyətə başladı. Qəbul norması yüz nəfər olsa da, orada oxumaq istəyən azərbaycanlıların sayı xeyli çox idi. Məktəbdə təhsil alanlar yunker adlanırdılar. Təlim prosesinə türk hərbi qüvvələrinin zabitləri də cəlb edilmişdi. Məktəbə polkovnik Arif bəy rəhbərlik edirdi.

1918-ci ilin oktyabrında Gəncə hərbi məktəbinin ilk buraxılışı oldu. Mərasimdə iştirak etmək üçün Nəsib bəy Yusifbəyli, Əliağa Şıxlinski, Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy, Nuru Paşanın atası Hacı Əhməd Paşa və başqa şəxslər Gəncəyə gəlmişdilər. Oktyabrın 27-də yunkerlər şəhər kənarındakı təlim meydanına yığışdılar. Burada onlar buraxılış imtahanı verməli idilər. Bu məqsədlə xəndəklər, səngərlər qazılmış, süni maneələr yaradılmış, zəruri olan mal-material cəlb olunmuşdu. Səhər tezdən bakılı qonaqlar təlim meydanına gəldilər. Şəhərdən də xeyli adam yığışmışdı. Fərəhli, həyəcanlı anlar idi. Milli ordumuzun ilk qaranquşları pərvazlanırdı. Azərbaycan korpusunun komandiri, general Əliağa Şıxlinski nizamla sıraya düzülmüş yunkerləri salamladı, bununla da buraxılış imtahanları başlandı. Proqram çox geniş idi. Təqribən 20-ə yaxın məsələ üzrə imtahan verilməli idi. Bütün müdavimlər sınaqdan uğurla çıxdılar. Axşam şəhər rəhəbrliyi bu əlamətdar hadisə ilə bağlı geniş ziyafət verdi. 1918-ci il dekabrın 1-də Gəncə hərbi məktəbinin statusu dəyişdirildi və praporşiklər məktəbi yaradıldı. Sonralar həmin məktəbin bazasında hərbiyyə məktəbi açıldı, istehkamçılar məktəbi yaradıldı. İstehkamçılar məktəbi əvvəl Gəncədə, sonra isə Hacıkənddə fəaliyyət göstərib. Bundan başqa, hərbi dəmiryolçular və hərbi feldşer hazırlayan məktəblər təşkil olundu. Hərbi zavod fəaliyyətə başladı. Gəncə praporşiklər məktəbi bütün Azərbaycan üçün gənc kadrlar hazırlayırdı və onların təhsili, təyinatı ilə birbaşa hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov şəxsən özü məşğul olurdu. Nazirin 22 mart 1919-cu ildə imzaladığı bir sənəddə deyilir: "Gəncə praporşiklər məktəbinin əlli nəfərdən çox məzununa əziz Novruz bayramı ərəfəsində praporşik rütbəsi verilsin. Onlar xidmət üçün birinci Azərbaycan süvari diviziyasına, üçüncü Gəncə süvari alayına, əlahiddə Zaqatala batalyonuna, birinci yüngül artilleriya divizionuna və üçüncü ləzgi süvari alayına göndərilsin. Gəncə praporşiklər məktəbini əla qiymətlərlə bitirdiklərinə görə, praporşik İsrafil ağa Şıxlinskiyə, Bahadır bəy Vəkilova, Musa ağa Şəmsəddinskiyə, Nəsim bəy Sultanova, Həmid Mustafayevə, Mahmud Mustafayevə, Əliağa Şıxlinskiyə və Süleyman xan Sultanov-İlsuluya bayram münasibətilə pul mükafatı verilsin". Xalq Cümhuriyyəti əsgəri hissələrin döyüş bacarığının yüksəldilməsi ilə yanaşı, onların müvafiq tibbi təşkilinə də xüsusi diqqət yetirirdi. Bu məqsədlə 1918-ci il noyabrın 15-də ümumi qərargahın tərkibində hərbi tibb idarəsi fəaliyyətə başladı. Bir sıra alaylarda və taborlarda müayinə-müalicə otaqları, Bakıda, Gəncədə və Xankəndidə isə hərbi xəstəxanalar təşkil edildi. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919-cu il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində feldşerlər hazırlayan kurs, 1919-cu il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində iki aylıq sanitar kursları açıldı. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş əsgərlər, həmçinin hərbi xidmətə yararlı sayılan 30 yaşınadək olan gənclər qəbul edilirdi. Dərslər Azərbaycan dilində aparılır, buraxılış imtahanlarını uğurla verənlər təyinat aldıqları gündən başlayaraq iki il xidmət etməli idilər. Xalq Cümhuriyyəti həyatın hər sahəsinə beləcə qayğı və diqqətlə baxırdı. Daxili və xarici düşmənlərin təzyiqi ilə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq, hökumətin 1918-ci il 19 iyun tarixli qərarı ilə hərbi vəziyyət elan olunmuşdu. Bununla yanaşı, hərbi dövr üçün qanunların tətbiqi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən, mövcud mürəkkəb hərbi siyasi şəraitlə əlaqədar hakimiyyətə silahlı müqavimət, strateji obyektlərdə oğurluq, soyğunçuluq, milli hisslərin təhqiri, əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması, qadınlara qarşı təcavüz əməlləri və digər qanunazidd hallar müharibə dövrünün qanunlarına əsasən mühakimə edilməli idi. 1918-ci il dekabrın 5-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən,Gəncə dairə məhkəməsi nəzdində hərbi məhkəmə yaradıldı. Bir sözlə, tarixən qısa bir dövr ərzində Gəncədə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi və qanunçuluğun qorunması üçün zəruri sayılan bütün strukturlar təşkil olunmuşdu. Ən əsası isə, Nuru Paşanın və digər türk zabitlərinin köməyi ilə Azərbaycanda təqribən 40 min nəfərlik Milli Ordu yaradılmışdı. Və bu ordu ölkənin ən ağır dövrlərində Azərbaycanın torpaqlarını, xalqın milli ləyaqətini, mənəvi dəyərlərini daxili və xarici düşmənlərdən qoruyub saxladı. Təxminən il yarım ərzində Hərbi Nazirlik tərəfindən görülən quruculuq işləri, ordu rəhbərlərinin təşkilatçılıq fəaliyyəti, insanlara münasibəti, sosial mənəviyyat və tərbiyə sahəsində aparılan işlər, zabitlərdəki əqidə bütövlüyü və saflıq, xidməti vəzifəyə münasibətdə məsuliyyət, sədaqət və alnıaçıqlıq kimi inamları elə indinin özündə də ibrət və qürur mənbəyidir.


Tarix: 07.01.2015 / 12:03 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Ümumi
loading...