Zaqafqaziyada 150-dən artıq Eneolit dövrü yaşayış yeri müəyyən edilmişdir. Onların əksər hissəsi Azərbaycan ərazisindədir. Tədqiqatlar Eneolit dövründə oturaq qəbilələrin çox geniş əraziyə yayılmasını göstərsə də, Zaqafqaziyada qədim yaşayış yerləri müəyyən rayonlarda, başlıca olaraq Kür çayından cənubda məhsuldar düzənlərdə yerləşir. Azərbaycanın erkən əkinçiləri adətən su hövzələri kənarlarında məskən salırdılar. Mil-Qarabağ düzənliyində, xüsusən Qarqar və Xaçın çayları arasında çoxsaylı qədim yaşayış yerləri cəmləşir. Burada yerdənçıxan suların ətrafında salınmış yaşayış yerləri az deyil. Çox güman ki, Mil düzü Eneolit dövründə indiki kimi susuz ərazi deyildi, insanların yaşaması üçün orada şərait daha əlverişli olmuşdur. Daimi axar sular, münbit torpaq və başqa amillər ərazinin mənimsənilməsinə və burada ilk əkinçi mədəniyyətinin inkişafına imkan vermişdir.[11] Muğanda eneolit yaşayış məskənləri bilavasitə kiçik çayların (İncəçay, Mişarçay), qədimdə axar sulu dayaz dərələrin, bəzən də bulaqların kənarlarında cəmlənmişdir. Cənubdan Kiçik Qafqaz dağları, şimaldan Kür çayı ilə araya alınmış Gəncə-Qazax düzənliyində eneolit yaşayış yerləri əksər halda düzənliyin orta hissəsində, hazırda qurumuş çay yataqları kənarlarında yerləşirlər Əkinçi-maldar qəbilələrin tutduğu ərazilər sonralar müəyyən vaxt ərzində boş qalmış və ya az məskunlaşmışdır. Bu rayonlarda eneolit dövrünün sonlarında yaşayışın kəsilməsi, ehtimal ki, quraqlıq dövrünün başlanması və axar suların quruması ilə bağlı idi. Azərbaycanın eneolit yaşayış yerləri adətən kiçik olub, orta hesabla 0,5 ha sahəni tutur, ancaq nisbətən iri (2-4 ha) sahəli abidələr də vardır. Ən qalın mədəni təbəqəyə malik yaşayış yerlərinin hündürlüyü 10 metrdən artıq deyil. Bir qayda olaraq bütün yaşayış yerlərində tikintilər çox sıxdır. Qarqartəpəsi yaşayış yerində tikintilərin birinin divarları ağardılmışdır. Gəncə-Qazax və Qarabağ düzlərinin yaşayış yerlərindən fərqli olaraq Naxçıvanda Kültəpə yaşayış yerinin eneolit dövrü təbəqəsində möhrə divarlar gil palçıqla bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Urmiya gölü sahilində Göytəpə eneolit yaşayış yerində kərpic divarlar daş bünövrə üzərində qurulmuşdur. Urmiya gölü rayonunda çiy kərpic memarlığında Zaqafqaziyadan fərqli başqa tikinti ənənəsi yayılmışdır. Burada bütün tikililər düzbucaqlı formadadır. Belə tikililər Muğanda Əliköməktəpə yaşayış yerində çoxdur və Azərbaycanın Uımiyaətrafı rayonunun memarlığına yaxındır. Məsələn, Əliköməktəpə yaşayış yerində evlər düzbucaqlı formada, iki-üç otaqdan ibarətdir, evlərə adətən kiçikhəcmli dördkünc kameralar birləşir. Belə tikintilər vahid təsərrüfatməişət kompleksi təşkil edirdi. Evlərin divarları iki cərgə kərpicdən hörülürdü. Bu yaşayış yerinin yalnız tək-tək tikintiləri dairəvi plana malik idi. Burada həm də bir dairəvi planlı qazma otaq var idi. Onun ağardılmış divarında boya ilə çəkilmiş həndəsi nəqşin izləri qalmışdır.
Naxçıvan ərazisində Kültəpə yaşayış yerinin eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir. Son dövrdə böyük ölçüdə inşa edilən tikinti divarlarının qalınlığı 1 m-ə çatırdı.
Qarabağ düzənliyində Çalağantəpə və İlanlıtəpə yaşayış yerləri məsafəcə yaxın və oxşar mədəniyyətə mənsub olsalar da, memarlıq xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Çalağantəpədə bütün tikintilər dairəvi planda bir cərgə kərpicdən hörülmüş, bəzən də daxildən ağardılmış və boya ilə naxışlanmışdır. İlanlıtəpədə tikintilər əsasən düzplanlı olsa da, orada dairəvi və yarımdairəvi planlı tikililər də olmuşdur. Tikililərin döşəmələrinə bəzən boya qatılmış gil suvaq çəkilmiş, divarlarda boya ilə naxış vurulması qeydə alınmışdır. Orada gipslə suvanmış sahələrə də rast gəlinmişdir. Ağdam rayonunda Xındırıstan kəndi yaxınlığında Leylatəpə yaşayış yerinin sakinləri çiy kərpicdən yalnız düzplanlı evlər və təsərrüfat binaları tikirdilər. Qərbi Azərbaycanın və onunla qonşu Gürcüstan rayonlarının erkən əkinçi yaşayış yerlərində bir cərgə kərpicdən hörülmüş dairəvi planlı tikililər əsas yer tuturdu.
Beləliklə, Eneolit dövründə Azərbaycan ərazisində həm dairəvi və həm də düzplanlı yaşayış evləri və təsərrüfat tikililəri inşa edilirdi. Əgər bəzi rayonlarda dairəvi planlı, başqalarında düzplanlı tikililər üstünlük təşkil edirdisə, üçüncülərdə hər iki tikinti forması eyni vaxtda mövcud olmuşdur. Mərkəzi Zaqafqaziyada dairəvi planlı memarlıq Kür çayından Araza qədər geniş yayıldığı halda, Muğan və Urmiya vilayətlərində əsasən düzplanlı evlər inşa olunmuşdur.
Tarix: 07.01.2015 / 17:18 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Ümumi