Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl Ordanın Azərbaycana yürüşləri

Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir. Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar. Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan çekirdi və Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla gedirdi. Azərbaycanda Elxanilər dövləti təşkil edildikdən sonra Qızıl Orda tacirlərinin Misirlə, digər Şərq və Qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən çekən tacirlər böyük məbləğdə gömrük haqqı verməli oldular.Azərbaycanda xeyli təbii otlaq vardı və bu, köçəri tayfalar üçün əlverişli idi. Qızıl Orda xanları da Azərbaycanın bu təbii üstünlüyünü nəzərə alaraq ölkəni ələ keçirməyə can atırdılar. Elxanilər dövləti Azərbaycanda ticarətdən,sənətkarlıqdan çoxlu vəsait əldə edirdi. Qızıl Orda xanlan Azərbaycanı istismar etmək, onun təbii sərvətlərinə sahib olmaq istəyirdilər. Azərbaycan tarix boyu əlverişli strateji mövqeyə malik olmuşdur. Elxanilər şimaldan təhlükəsizliyi təmin etmək üçün, ilk növbədə, Azərbaycanda möhkəmlənməli və ölkənin təbii üstünlüklərindən müdafiə məqsədilə istifadə etməli idilər. Qızıl Orda dövləti də bu cəhəti nəzərə alaraq Elxaniləri Azərbaycandan məhrum etməyə və onları daim təhlükə qarşısında saxlamağa cəhd göstərirdi. Beləliklə, Elxanilər dövlətinin təşəkkül tapması və Azərbaycanın həmin siyasi qurumun mərkəzi vilayətinə çevrilməsi Qızıl Orda dövlətinin mənafeyinə zidd idi.


Tarix: 22.01.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Ümumi
loading...