Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayinlər, etiqad

Dəfn adətləri, heyvanların əhliləşdirilməsi, dənli bitkilərin becərilməsi və müxtəlif ev sənətkarlığının inkişafı sayəsində bu dövrdə ibtidai insanın dərketmə qabiliyyəti xeyli artır – və yeni ayinlər yaranır, dil zənginləşir, insanların təsəvvürləri xeyli mürəkkəbləşir. Dini adətdə, əvvəllər olduğu kimi, əcdadlara pərəstiş mühüm yer tuturdu. Erkən əkinçi qəbilələrin çoxunda, o cümlədən Azərbaycanda ölünü bilavasitə yaşayış yerləri ərazisində dəfnetmə adəti yayılmışdı. Tədqiqatçılar adətən onu yenidən doğulma, həyata qayıtma ideyası, son nəticədə məhsuldarlıq, ailə və nəsil artımı ilə səsləşən ideya ilə bağlayırlar. Ola bilsin ki, bu ideya zəminində ölülərin üzərinə qırmızı boya tozu (oxra) səpmək adəti meydana gəlmişdi. Yaşayış yerlərində ölülər basdırılarkən həsirə bükülür, qəbir çuxuruna gil suvaq çəkilirdi. Yaşayarkən malik olduqları bəzək əşyalarına toxunulmur, qəbirə qoyulurdu. Axirət dünyasına inamla əlaqədar olaraq qəbirə gil qablar, əmək alətləri və başqa əşyalar da qoyulurdu. Ölülər tək, bükülü vəziyyətdə, bəzən isə bir neçəsi birlikdə dəfn olunurdu.

Azərbaycanın erkən əkinçiləri adət və ayinlə əlaqədar olaraq əsasən yaşayış məskənlərində xüsusi ibadət yerlərində müxtəlif mərasimlər keçirirdilər. Təbiətin dərkolunmaz hadisələrini aydınlaşdırmaq cəhdi, onlar qarşısında qorxu və acizlik, insanlarda magik vasitələrə (lənət və s.), müxtəlif dini aktlara (yalvarma, dua) müraciət etmək tələbatını doğururdu. Əliköməktəpə yaşayış yerində divarı gillə suvanmış və ağardılmış tikilini ibadətgah hesab etmək olar. Ağardılmış divara boya ilə naxış vurulmuşdur. Divarı ağardılmış və boya ilə naxış vurulmuş bina Çalağantəpə yaşayış yerində də aşkar olunmuşdur. Azərbaycanın yaşayış məskənlərində təsadüf olunan qaralmış hisli daşların magiya ilə əlaqəsi olduğunu güman etmək olar. Qarğalartəpəsi yaşayış yerində belə daşlara təklikdə və koma halında rast gəlinmişdir. Burada gildən xüsusi düzəldilmiş, diametri 0,7 m olan təknəvari bir çuxurda 250 ədəd hisli daş qalağı aşkar olunmuşdur. Çuxura ot yığıb yandırdıqdan sonra daşlar qəsdən oraya atılmışdır. Çuxurun dibi yanıq qatla örtülü idi. Burada quraqlığa qarşı, onu mülayimləşdirmək niyyətini güdən və yağışı çağıran ayinlə əlaqədar aparılmış mərasimin qalıqlarını görürük. Azərbaycanın yaşayış yerlərində insan surətini əks etdiren fiqurlar erkən əkinçilərin ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir. Yanıqtəpədə daşdan düzəldilmiş insan fiqurunun rənglənmiş baş hissəsi tapılmışdır. Onun gözü qara rənglə göstərilmişdir. Hacı Firuzdan gil qadın fiquru və başqa insan fiquru hissələri əldə edilmişdir. Demək olar ki, məlum olan bütün antropomorf fiqurlar qadına aid olub məhsuldarlıq ideyasını təcəssüm etdirirlər. Çalağantəpədən tapılan fiqurlar çox təmtəraqlı bəzədilmişdir. Onlarda boyunbağı, qurşaq kəmərləri, saç hörüklər fiqurların qadına mənsub olduğunu söyləməyə əsas verir. Fiqurlar yarımboydur, qol və qıçları verilməmişdir.

Qarğalartəpəsi fiqurunda yuxarıdan aşağı qadın hörüklərini əks etdirən dalğavari xətlər uzanır. Belə xətlər üfüqi istiqamətdə qıçlar üzərində çəkilmişdir. Etnoqrafiyadan məlumdur ki, qadınlar məhsulu təbii fəlakətdən xilas etmək niyyəti ilə saçlarını tökərək cadugərlik vasitələrinə əl atırlar; görünür, burada yağış çağırmaq əqidəsi özünü göstərir.

Örnəklərin məhdudluğuna baxmayaraq, onlar Azərbaycanın qədim əkinçimaldar əhalisinin ideoloji təsəvvürlərinin müxtəlifliyi haqqında mülahizə yaradır.


Tarix: 07.01.2015 / 17:43 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Ümumi
loading...