Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi və mədəni əhəmiyyəti

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur.

Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları xristianlığaqədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır.

Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif bir-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, özünəməxsus yolla getmişdir. Bütün alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. Odur ki, alban daş yazı nümunələrinin (xaç daşlarının, baş daşlarının və nişan daşlarının) bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.


Naxçıvan MR Culfa rayonu ərazisində Cuğa alban məzarlığı
Orta əsr Albaniyasının xatirə stellalarının memarlıq-kopozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik özümlülüyündən ayrılmazdır. Albaniyanın erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünyagörüş və simvolik təsəvvürlər əks olunurdu. Mütəxəssislər tərəfindən tədqiq edilən bütün xaç daşlarında Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları vardı.

Xalqın inamı ilə bağlı olan mənəvi mədəniyyət sahəsi xüsusi maraq doğurur. Bütün Qafqaz Albaniyasında xristianlığı qədərki inamların və dünyagörüşlərinin izləri xaçdaş və stelalarda özünü çox qabarıq şəkildə göstərir. Ocağa sitayiş, təndirlərin (odun) yanında toy və xaç suyuna salma mərasimlərinin icra olunması, dağ zirvələrinə, qayalara (Mitra kultu), meşələrə, ağaclara (həyat ağacı və idraka), bulaqlara (su kultu), qəbirlərə (əcdad kultu) və s. kultları alban xaç daşlarında izləmək mümkündür. Qədim təsəvvür və inamların çoxlu qalıqları, kosmoqonik görüşlərdə, həmçinin illik sikl bayramlarında saxlanmışdır. Məhz bu əlamətlər alban xaç daşlarını digər qonşuluqda yaşayan digər xristian xalqların (ermənilər və gürcülərin) eyni xarakterli stelalarından fərqləndirir.


Tarix: 10.01.2015 / 12:37 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Ümumi
loading...