1942-ci ilin avqustunda Hitler təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini görən məhdud və muəyyən işlərlə bağlı "Rabitə (irtibat) heyətləri" (Əlaqə qərargahları – almanca: "Ferbindunqştablar) qurulmasını əmr etdi. Azərbaycan "Rabitə hеyəti"nin başına da Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski gətirildi. Azərbaycan legionerlərinə əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan.
"İrtibat Heyəti" — Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri fəaliyyət göstərirdi. Hərbi şöbəyə Ə. Düdənginski, mülki işə F. Əmircan, diplomatik sahəyə isə A. Atamalıbəyov rəhbərlik edirdi. Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına gondərildi. Həmin diviziya Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarında hərəkət edirdi.
Nalçik və Mozdok istiqamətlərində olan döyüşlərdə əsasən 111-ci Azərbaycan taburu vuruşurdu. General-leytenant Qrayfenberqin məlumatında digər taburlarla yanaşı, azərbaycanlılardan təşkil edilmiş 804-cü və 805-ci taburların da meşəlik rayonlarda ayrı-ayrı dəstələrə qarşı uğurlu döyüşləri qeyd olunurdu. Məhz belə uğurlu döyüşlərdən sonra ayrı-ayrı taburlara "alman forması daşımaq şərəfi" nail olurdu.
Azərbaycan legionunun əsas bazaları Polşa və Almaniya ərazilərində yerləşirdi. Sonralar isə legion Polşanın Rodom məntəqəsindən Fransanın cənubunda yerləşən Rodes şəhərinə köçürüldü. 1944-cu ildə Azərbaycan legionerlərindən Ə.Fətəlibəylinin, İ.İsrafilovun, R.Babayevin, T.Məmməd və Ə.Qazıyevin fəallığı ilə "İrtibat Qərargahı"nın (Ferbindunqştabın) Paris filialı yaradıldı. Paris filialına Nuşibəy Zulqədərov, Rza Tağıyev və Əlibəy Hacınski daxil oldular. 1944-cu ildə Parisin almanlardan azad edilməsindən sonra Paris filialı da buraxıldı. Azərbaycan legionunun bir hissəsi məhv edildi, bir hissəsi isə ingilis-amerikan qoşunlarına təslim oldu.
Tarix: 10.01.2015 / 13:22 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Ümumi