Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gərgin baş ağrıları

Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Məlumata görə həmin ağrıların bir çoxu gərginlikdən qaynaqlanır. Xüsusilə stress altında olanlarda bu cür baş ağrıları təkrar olaraq baş verir.
Keçmişdə bəzilərinin fikrincə boyunda, üzdə və başda olan əzələlərin sıxılmaları və gərginliklər baş ağrılarına səbəb olurmuş. Daha sonra beyində bir dəyişmənin səbəb ola biləcəyi düşünülürdü. Son dövrlərdə isə elmi mənbələrdə baş ağrılarının eyni səbəbdən deyil, müxtəlif səbəblərdən meydana gəldiyi bildirilir.
Gərginlik baş ağrıları ən çox rast gəlinən baş ağrıları növlərindən biridir. Bu zaman gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda orta intensivli ağrı qeyd edilir. Ağrı 30 dəqiqədən bir neçə günə qədər davam edə bilər. Bundan əlavə həmin səbəbdən insanlarda "tələffüzün aydın olmaması", "aydın düşünə bilməmə" kimi hallar da olur. Bəzi məqamlarda gərgin baş ağrısı keçirən insanlarda əlavə olaraq ürəkbulanma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlər müşahidə olunur. İstənilən baş ağrısına ciddi yanaşmaq və onun requlyar xatakter alması hallarında həkimə müraciət etmək vacibdir.
Təsadüfən meydana çıxan və təkrarlanmayan baş ağrıları ev şəraitində və istənilən ağrıkəsici dərmandan istifadə etməklə müalicə oluna bilər.
Bir çox insan reseptsiz satılan aspirin kimi sadə bir ağrı kəsici ilə gərgin baş ağrılarını yaxşılaşdıra bilir. Lakin bu ağrı kəsicilərin düzgün istifadəsi məsləhətdir.
Belə, olmadığı təqdirdə dərmanın təsiri keçməyə başlayanda yenidən həmin ağrılar meydana gələr və bunun effektli təsiri olmaz.
Dərmanın istifadə qaydasını ya aptekdən, ya da dərman qutusunda olan təlimatdan öyrənə bilərsiniz. Dərman qəbulu zamanı ehtiyatlı olmalısınız.
Elə dərmanlar var ki, onlar mədəyə zədələyici təsir göstərir və yeməkdən sonra qəbul edilməlidir. Bunlara Aspirin, Voltaren, İbuprofen tipli dərmanları misal gətirmək olar. Parasetamol baş ağrılarına qarşı güclü təsir göstərsə də onun həddən ziyadə qəbulu qaraciyər çatışmazlığı törədə bilər.
Bəzi insanlar gərgin baş ağrılarını xroniki keçirir. Yəni tez-tez baş ağrısı yaşayırlar. Əgər qəfləti başlayan kəskin baş ağrıları, ürəkbulanma, huşsuzluq, yaddaşın zəifləməsi və hərarətin yüksəlməsi halları olarsa dərhal həkimə müraciət etmək və lazımi bir formada müalicə olunmaq vacibdir.


Tarix: 08.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Saglamliq
loading...