Bismilləhir-Rəhmanir-Rəhim
Həmd və səna olsun bütün kainatın və aləmlərin Rəbbi olan Allaha. Salat və salam olsun Onun Rəsulu və sevimlisi Muhəmmədə (S.A.S) və eləcə də Rəsulullahın ailəsinə, yaxınlarına və səhabələrinə.
Əziz oxucular və xüsusən də gənc qardaşlarım! Bunu, bir qardaşın öz qardaşına verdiyi nəsihət kimi demək istəyirik sizlərə.
Yazdıqlarımızı səmimi qarşılayın! Gənc qardaşlarım, bir azacıq vaxtınızdan ayırın, qəlblərinizi bizlərə açın və yazılanları təmkinlə oxuyun! Xeyirdirsə kömək etmiş olarıq inşAllah.
Qardaşım sən hələ gəncsən, cavansan. Ağlın öz yerində və enerjin kifayət qədərdir. Bu Ramazan ayına nə hazırladın? Cənnətin qapıları açılan və Cəhənnəmin qapıları bağlanan bu müqəddəs və uca ayda nə hazırladın özün üçün? Günahlardan əl çəkməyi, pisliklərdən çəkinməyi və Allaha dönərək tövbə etməyi planladınmı bu ayda? Göylərin və yerin Rəbbi olan Allahu Təalaya gündəlik ibadət etmək üçün bir program hazırladınmı? Bu mübarək ayın gündüzlərini və gecələrini hansı əməllərlə keçirməyə qərar verdin?
Bu suallara səmimi olaraq öz daxilində cavab verməlisən və özün üçün bu ayda nə isə hazırlamalısan! Bu müqəddəs ayın boşuna gəlib keçməsinə imkan verməməlisən, ibadət və itaətlərini ciddi şəkildə yerinə yetirməlisən!
İlk olaraq tövbə ilə başla! Sənə tövbə ilə başla dedikdə səni hansısa bir əməldə ittiham etmirəm. Sadəcə Allahın yolunu tutmağın ən düzgün forması budur. Bütün günahlardan və səhvlərdən tövbə edərək yalnız Allaha üz tutmaq olar. Həmçinin tövbə etmək, bəzilərinin düşündüyü kimi ancaq günahkarlara və fasiqlərə aid deyil. Peyğəmbərimiz (S.A.S) buyurbki: "Ey insanlar! Allaha tövbə edin, mən gündə Allaha 100 dəfə tövbə edirəm" (Müslim rəvayət etmişdir). Eynilə də Allahu Təala Nur surəsinin 31-ci ayəsində belə buyurmuşdur: "Hamınız Allaha tövbə edin ey möminlər, bəlkə bununla nicat tapasınız"
Vaxtını hədər keçirmə, qardaşım! Keçmişdə olanlara və etdiyin səhvlərə peşmançılıq çəkərək, itirdiyin vaxtın qədrini bil. İndidən öz vaxtını səmərəli keçirməyi planlaşdır. Vaxtın boş yerə itirmə, çünki vaxtını faydasız itirsən, gələcəyini və səadətini itirəcəksən.
İmam İbn Əl-Cövzi belə demişdir: (Gördümki camaat öz vaxtlarını çox qəribə halda sərf edirlər; Gecə uzanarsa, faydasız söhbətlər edərlər yaxud da əyləncə üçün kitab oxuyarlar. Gündüz uzanarsa vaxtları yatmaqla keçər.) Bir də əlavə etmişdirki: (İnsan gərək zamanının şərəfini və vaxtının qədrini bilsin. Allaha yaxınlışmaq üçün çalışsın və bunu etmədən bir an belə keçirməsin. Bunun üçün ən xeyirli əməllər etsin və ən xeyirli sözlər danışsın.)
Müsəlman qardaşım, gör bizdən əvvəlkilər və ən fəzilətli insanlar necə olublar;
- Peyğəmbərimiz (S.A.S) o qədər namaz qılardı ki, hətta ayaqları (dabanları) çatlayardı, soruşulduqda isə: Şükr edən qullardan olmayımmı?! - demişdi.
- Əbu Bəkr (A.O.R.O) çox ağlayardı və xüsusilə də namaz qılarkən və Qur'an oxuyarkən
- Ömər bin Əl-Xəttabın (A.O.R.O) sifətində iki qara xətt var idi, bu da çox ağlamaqdan idi.
- Osman bin Affan (A.O.R.O) Qur'ani Kərimi bir rükətdə xətm edərdi.
- Əli bin Əbu Talib (A.O.R.O) öz mehrabında o qədər ağlayardıki, saqqalı təmiz islanardı. Bir də belə deyərdi: (Ey dünya, məndən başqasını azdır, mən artiq səni 3 dəfə boşamışam, geri qayıda bilmərsən!)
- Qatədə (A.O.R.O) hər həftə Qur'ani Kərimi xətm edərdi. Ramazan ayında hər 3 günə və Ramazan ayının son 10 günü isə hər gün xətm edərdi.
- Səid bin Əl-Museyb o qədər məscidə bağlanmışdı ki, 40 il o, bir camaat namazı keçirməmişdi.
Ramazan ayı gənclər üçün gözəl bir fürsətdir. Müsəlman qardaşım, bu mübarək mövsümdən bacardığın qədər faydalan, fürsəti əldən vermə, günahlarını yu, Allahdan Cənnət istə! Bu bərəkətli mövsümdə ciddi olaraq paltarının qollarını çirmələ və itaətlərdən güclü yapış!
Müsəlman qardaşım, yadına salmaq istəyirəmki oruc bir ibadətdir adət deyil.
Ramazan ayı bizlərə nemətdir, buna görə şükr etməliyik. Təsəvvür etki kimsə Ramazan ayından bir gün əvvəl vəfat edib və artıq onun əməl dəftəri bağlanıb, artıq o bircə dənə də olsa xeyir iş görə bilməyəcək. Amma sən artıq bu aydasan və bu da sənin üçün bir nemətdir.
Ramazan ayı Qur'ani Kərim ayıdır və Qur'ani Kərim bu ayda nazil olmuşdur. Bu ayda çalışıb Qur'anı çox oxumalıyıq.
Gecə namazlarının adı vaxtlarda sünnət olduğunu bilirsən, bunu daim Peyğəmbərimiz (S.A.S) edərdi. Ramazan ayında isə buna daha çox diqqət yetirməliyik. Gecə namazlarını çoxaltmalıyıq.
Bu mübarək ayda çalış çoxlu sədəqə ver, imkansızlara əl tut, fəqirlərə yardım et! Oruc tutanlara iftar verməyə çalış, xüsusilə də imkanı olmayanlara iftar süfrəsi aç və ya onları iftara dəvət et!
Çalış namazlarının hamısını məsciddə camaatla qıl! Sünnət və nafilə namazlarını keçirmə, əksinə bacardığın qədər onları artır!
Qədr gecəsi kimi böyük fürsət yoxdur, bu gecəni faydasız keçirmə və qədr gecəsini çalış yalnız ibadətlə keçir!
Müsəlman qardaşım, bu gözəl ayda bir çox gözəl və savab olan əməllər görmək olar, hansıki o əməllər sanki itib gedib və ona əməl edənlər yoxdur.
Gözlərini haramdan qoru, harama baxma, günah şeylərə baxmaqdan çəkin!
Allahı daim zikr et, qəlbin və dilin daim Allahı xatırlasın!
İbadətlərin ən üstünü və ən əsası olan duaya əhəmmiyyət ver. Daim dua et, Allahdan istə, Ona dön, Ona yalvar, Ondan dilə! Allahu Təala Ğafir surəsinin 60-cı ayəsində buyurubki: "Rəbbiniz deyibki mənə dua edin, mən sizdən qəbul edəcəm..."
Çox yeyib içmə, çox yemək insanı tənbəlləşdirir və ibadətlərini azaltmağa səbəb olur.
Siqaret çəkirsənsə, təbiiki bunu günorta vaxtı artıq etmirsən. Deməli iradənə güc gələ bilirsən və gündüzü oruc tutursan. Elə isə artıq bunu atmağın vaxtıdır. Günorta bunu etmirsənsə, gecə onu niyə yenidən əlinə alırsan?!
Çalış musiqi dinləmə, həqiqətən musiqi qəlbi yumşaldır və öldürür, qəlbi xarab edir və fəsad törədir.
Televizora çox baxansansa, artıq bu Ramazanda onlardan çəkinməyə çalış!
Çox zarafat etmə və çox gülmə, çünki bunlar qəlbi soyudur və daş edir, artıq Allahın zikrindən qafil edir.
Pis və lazımsız insanlarla gəzmə, çünki sən özünü onlar kimi edirsən.
Sənə haram olan qadınlarla heç bir zaman təklikdə və xəlvətdə qalma. Çünki günahların, fitnə və fəsadların başı elə budur.
Dilini qoru, ağzına gələni danışma, yalan demə, heç kimi aldatma, çox danışma, kiminsə qiybətini etmə! Çünki bunlar orucun savabını və mükafatını azaldır.
Müsəlman qardaşım, arzu edirəm bu nəsihətlərimdən faydalanasan və bacardığın qədər bunlara əməl edəsən. Allah bizləri saleh qullarından etsin və Ramazan ayından səmərəli istifadə etməyi bizə nəsib etsin!
Tarix: 06.01.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 706 Bölmə: Ramazan