Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU AYI GÖZLƏYƏNLƏR VARDI... BU DA RAMAZAN

Günlər-aylar keçdi, neçə-neçə gecələr gəldi ötdü və beləcə ömrümüzün bir ili də geridə qaldı. Budur, Allah ruhumuzu almadan yenə Ramazana qovuşduq. Əlimizə zikr və Quran ayı gəldi. Bu ay yaxşılıq və ehsan ayıdır. Bu ay səbr və dözümlülük ayıdır. Bu ay əcr və savab ayıdır. Bu ay itaət və ibadət ayıdır. Bu ay təravih və təhəccüd ayıdır. Bu ay bədənlərə sağlamlıq və imanlara dəstək ayıdır.

Bu ayı həqiqi gözləyənlər vardı. Bu ayı sağ-salamat qarşılamaq və bərəkətindən məhrum olmamaq üçün onların könülləri ancaq o ayın həsrətini çəkirdi, ürəkləri alışıb yanırdı. Onlar bu ayı görə bildikləri üçün dəlicəsinə sevinirlər və sevinc göz yaşları axıdırlar. Sevdikləri İlahi, Ona olan bütün yolları asanlaşdırıb və Özünə yaxınlaşmağa bol-bol fürsət yaradıb. İnsan sevdiyinə aparan yolun asanlaşdığını görüb sevinməyə bilərmi? !

Bu təbəqədən olan müsəlmanlar, 30 gün içincə 30 bayram qeyd edirlər. Hər gün onların qəlbi, ruhu və könlü bayram əhval-ruhiyyəsi içində olur. Gündüzləri fərəh, gecələri isə nur içində keçir. Ramazan gəlib sanki bütün ilin aylarına zamana və dünyaya deyir ki; Ey dünya, ey ömür dayan! Bəşəriyyəti hara qədər aparırsan?! Öz zinətin və məşğuliyyətlərinlə insanları məftun etdin, yalançı gözəlliyinlə onları aldatdın. Bütün istədiklərini verib onları öz qullarına çevirdin. Artıq nəfslərinə yiyə çıxa bilmədilər, ruhları yaralandı məlhəm tapa bilmədilər. 11 ay boyunca onları dəridən-qabıqdan çıxardın. O qədər yedizdirdin ki, daha da ac-göz oldular. Günahlar damarlarına və qanlarına o qədər işlədi ki, ürəkləri günah üçün susuzladı. Çox istirahət və kef görməkdən tənbəlləşdilər. Daha çox istirahət etdikcə, onları daha çox zəiflətdin. Dayan ey dünya, bu ömrü hara sürükləyirsən?! Məni və səni yaradanın əmri və fərmanı ilə gəlmişəm, səni dayandırmağa. Öz bataqlıqlarında batırdığın qullara, Allah öz mərhəmətini əsirgəmir. İndi iman günəşi işıq saçan, qəlblərin Quranla dirilən bədənlərin və ruhların sağalan, iradələrin möhkəmlənən və səbrlərin artan vaxtıdır. Bu ayı başqa aylardan fərqləndirən xüsusiyyətlər bilirsən nədir? Gör, Allah bu fərqi necə bəyan edir:

«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!» (əl-Bəqərə, 2:183).

«İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir» (əl-Bəqərə, 2:185).

«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!» (əl-Qədr, 97:1-3).


Peyğəmbərimiz də (s.a.s) bu ayın xüsusiyyətlərini və bu ayda tutulan orucun mənasını bizlərə bəyan edib.
Peyğəmbərimiz (s.a.s) buyurub: «Cənnətdə bir qapı var, adı Rəyyandır. O qapıdan oruc tutanlar daxil olacaqlar. Onlar girdikdən sonra qapı bağlanar və başqaları girə bilməz».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Oruc və Quran qiyamət günü öz sahiblərinə şəfaət edəcəklər. Oruc deyəcək; Ey Rəbb! Onu yeməkdən (içməkdən) və şəhvətindən çəkindirdim, onun üçün şəfaətimi qəbul et. Gecə namazı deyir; Ey Rəbb! Gecələri yatmaqdan onu çəkindirdim, onun üçün şəfaətimi qəbul et! Onların ikisi şəfaət edəcəklər ona».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Ramazanın ilk günü şeytanlar və murdar (ən pis) cinlər qandallanar, cəhənnəmin qapıları bağlanar və bir qapısı da açılmaz, cənnətin qapıları açılar və bir qapısı da bağlanmaz “Ey xeyir istəyən, xeyir əməllərini buyur çoxalt. Ey şər istəyən, şər əməllərini dayandır.” – deyə çağırılır. Hər gecə Allahın cəhənnəmdən (həmişəlik) xilas etdiyi qullar var».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Oruc tutanın iftar (oruc açan) vaxtı duası rədd olunmur».

Peyğəmbərimiz (s.a.s) buyurub: «Kim bir gün Allah yolunda oruc tutarsa, Allah onun üzünü (onu) 70 payız (il) cəhənnəmdən uzaq edər».

Ey müsəlman qardaşım və bacım! Madam ki, Ramazan ayının və orucun məqsədlərini, fərqli xüsusiyyətlərini və mükafatlarını bildin, elə isə oruc tutaraq xeyir əməllərini də artır.

Bu bərəkət və mərhəmət dolu ayda çalış bir namazının da vaxtını keçirmə, bütün fərzlərlə bərabər bütün sünnətləri də qıl. Hər gün Quran oxu və çalış məhz bu ay Quranı əvvəldən-sonuna qədər xətm et! Təravih və gecə namazlarını davamlı yerinə yetir! Bacardığın qədər sədəqə ver, ehtiyacı olanlara kömək et və qohumlarınla gözəl rəftar et. Bütün vaxtı isə Allahı zikr et! Qəlbini təmizlə və günahlardan azad et! Ağlını və biliyini bərkit! Bu ayın bərəkətindən bacardığın qədər nə götürdünsə, qənimətdir.


Tarix: 06.01.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 505 Bölmə: Ramazan
loading...