Həmd olsun aləmlərin Rəbbi olan Allaha, həmd olsun Onaki bizə bu xeyrli və müqəddəs ayları bəxş etdi. Həmd olsun Onaki, Ramazan ayını bərəkətli, fəzilətli bir ay etdi və bizləri bu ayda ibadətlərə və xeyir əməllərə çağırdı. Həmd olsun Onaki, bizlərə hədsiz-hüdudsuz nemətlər bəxş etdi və bizi bu bərəkətli aylarda Ona daha çox yaxınlaşmağa çağırdı. Həmd və səna yalnız O Uca Allahadır. Allahın salatı və səlamı olsun Onun qulu və rəsulu Muhəmmədə, xəlq olanların ən xeyirlisi və şərəflisinə, namaz qılanların və oruc tutanların ən fəzilətlisinə. Səlat və salam olsun onun əhlinə və səhabələrinə, eləcə də tabeyinlərə.
Həqiqətən Allahu Təalanın bizə verdiyi nemətlərdən biri də, bu gözəl münasibətlər, bu bərəkətli aylardır. Hansıki bu müqəddəs aylarda bizlər ibadətlərimizi möhkəmləndirməli, itaətlərimizi və xeyir əməllərimizi çoxaltmalıyıq.
Bu müqəddəs aylar qəlbimizdəki imanı sabitləşdirməyə, nəfsimizdə olan dini duyğularımızın aşıb-coşmasına, xeyir əməllərin artmasına və günah əməllərin azalmasına, müsəlmanların qardaşlığına və birliyinə, təmizliyə, paklığa, saflığa, xeyrə, səbrə, şücaətə və bir çox misilsiz gözəlliklərə nail olmaga kömək edir. Başqa aylar kimi Ramazan ayı da bizi bütün ali mərtəbələrə nail olmaq üçün, gözəl əməllərə dəvət edir. Ramazan ayı və başqa müqəddəs aylar, müsəlmanlar üçün xüsusi və əvəz edilməz olmalıdır, bu aylar müsəlmanlara günahlarlarından təmizlənmələri üçün qaçılmaz bir fürsət olmalıdır.
Ramazan ayı, müsəlmanı qoruyan bir qala, ifrat dərəcəsinə çatmış günahlarından tövbə etməsi üçün bir imkandır. Müsəlman özünə yeni, ağ və təmiz bir vərəq açaraq sanki həyatının yeni mərhələsini başlayır bu ayda.
Müsəlman qardaşlarımız və bacılarımız! Hər bir ictimaiyyət, hər bir millət, hər bir nəsil və hər birimiz xüsusi bir müddətə ehtiyac duyuruq. O müddət ərzində özümüzü rahatlaşdırmaq, saflaşdırmaq, təmizləmək və bəzi səhv vərdişlərimizi düzəltmək üçün. O müddət ərzində günahlarımızı və xətalarımızı anlayıb özümüzü doğrultmaq üçün. O müddət ərzində mənəvi xəstəliklərimizi müalicə etmək üçün və imanımızı təmizləyib, təzələmək üçün. Məhz Ramazan ayı da Islam ümməti üçün lazım olan xüsusi bir müddətdirki, ruhlarını və nəfislərini bu ayda təmizləsinlər. Müsəlmanlar Ramazan ayından istifadə edərək vəziyyətlərini və hallarını islah etməlidirlər. Tarixlərini və keçmişlərini xatırlayıb, əcdadlarının zamanına bir də nəzər yetirməlidirlər. Öz izzətlərini və şanlarını qaytarmaq üçün cəhd etməlidirlər. Ramazan ayı bizlər üçün ruhumuzu, əxlaqımızı və iradəmizi yenidən qidalandırmaq və qüvvətləndirmək üçün xüsusi bir limandır. Hansıki bu limana bütün xalqların və ümmətlərin ehtiyacı var, xüsusilə də müsəlmanların yaşadığı millətlərin. Imanlarını yeniləmək, əxlaqlarını və mədəniyyətlərini doğrultmaq, ruhlarını saflaşdırmaq, nəfslərini islah etmək, ehtiras və şəhvətlərini tənzimləmək üçün Ramazan ayı kimi xüsusi bir müddətin olmasına can atırlar.
Ramazan ayı bir məktəbdir. Oruc tutmaqla insan, təqvaya (Allah qorxusuna) nail olur. Allahın əmrinə tabe olmaqla öz nəfsini yenir və iradəsini gücləndirir. Müsəlman özünü lazım olan anlarda canını fəda etməyə hazırlayır. Bu məktəbdə müsəlman, birliyi, qardaşlığı, məhəbbəti və ülfəti öyrənir. O, möhtac olanların və acların hiss etdiklərini hiss edir və onların duyğularını bir an yaşayır. Oruc tutmaq ona möhkəmliyi, cəsarəti və Allaha necə yaxınlaşmağı öyrədir. Ona əxlaqını necə doğruldub və düzgün şəkildə formalaşdırmağı öyrədir. Ona rəhməti öyrədir və həqiqətən onun ruhunu saflaşdırır, onun duyğularını dəyişdirir və mülayimləşdirir.
Bu gün müsəlman ümməti belə bir aya qabaqcadan hazırlaşmalı deyilmi? Onun üzərində olan məsuliyyəti hiss edib, özünü hesaba çəkərək bu xüsusi və bərəkət dolu bir aya hazırlıqlar etməməlidirmi? O, orucun hökmünü dərk edib, ona verəcəyi faydaları sadalayıb, bu aya həqiqətən ehtiyacı olduğunu anlamamalıdırmı? O, bu ayın xeyrini və meyvələrini əldən buraxmalıdırmı?
Əziz müsəlmanlar! Bəs onda biz Ramazan ayını necə qarşılamalıyıq?!
Ən əsası - bu ayın gəlişi münasibəti ilə sevinərək, Allaha çoxlu həmd və şükürlər etməliyik. Bu aya girməmişdən günahlarımızdan tövbə edib Allahu Təaladan bağışlanma diləməliyik. Zülm etdiyimiz və haqqını yediyimiz şəxslərdən üzr istəməli və onların hüquqlarını, haqqlarını geri qaytarmalıyıq. Bu müqəddəs mövsümün bütün günlərini və gecələrini xeyir əməllərlə istismar etməyə çalışmalıyıq. Məhz bu duyğular və hisslərlə biz ümidlərimizi gerçəkləşdirə bilərik, bir müsəlman ümməti kimi şanımızı və kəramətimizi doğrulda bilərik. Lakin, Ramazan qüdum edə, insanlar onu adət-ənənə və babalarından qalmış miras və yaxud vərdiş kimi qəbul edə, zahiri və görünüş üçün ibadət edilə, heç bir təsiri olmaya və beləcə Ramazan ayı gəlib getsə, bu bizlərə yaraşarmı?
Onda qoy Islam aləmi bu müqəddəs ayın qüdumu ilə fərəhlənsin, qoy şərqdə və qərbdə olan bütün müsəlmanlar bu ayın gəlişini sevinclə qarşılasınlar. Cənnətin qapıları açılmasına necə müsəlman sevinməsin?! Cəhənnəmin qapıları bağlanmasına günahlara batmış müsəlman necə sevinməsin?! Bu gözəl fürsətdən müsəlman necə məhrum ola bilər?
Çoxları orucun həqiqətini dərk etməyiblər. Səhərdən axşama kimi ac-susuz qalmağı oruc sayırlar. Oruc tutaraq yalan danışırlar, böhtan atırlar, harama baxırlar, günah olan şeyləri dinləyirlər, səhv yollara gedirlər və bir sözlə hər cür günah edirlər. Peyğəmbərimiz (S.A.S) buyurmuşdurki; "Kim yalan danışarsa və ya ona əməl edərsə, cəhalət edərsə, onun yeməyib içməməsinə Allahın ehtiyacı yoxdur." (Buxari rəvayət etmişdir). Deməli Allahın bizim oruca ehtiyacı yoxdur və xüsusilə də ac-susuz qalıb, günah işlər görəriksə.
Möhtərəm müsəlmanlar! Bu günki günümüzü, bu günki yaşayışımızı görürsünüz. Batil, günah və xətalar içindəyik, ictimaiyyətimizin vəziyyəti dəhşət dərəcədə ağırdır. Bu aydan istifadə edərək vəziyyətimizi dəyişməliyiik, halımızı islah etməliyik, nəfsimizi tərbiyə etməliyik, ixtilafdan və çaxnaşmalardan uzaq olmalıyıq, tövhidə (Allahın birliyinə) tam inanaraq irəliləməliyik. Qoy bu aydan başlayaraq fikirlərimizi, ideyalarımızı və həyatdakı bəzi faydasız əməllərimizi dəyişək, yaxşıya doğru irəliləyək.
Ey müsəlman millətim! Ramazan ayı gəlir, amma millətimizin halına bir baxın, etdikləri əməllərə və tutduqları yola baxın. Bizim başımıza və başqa millətlərin başına gələn müsibətlərdən və faciələrdən ibrət dərsi götürmürük. Bataqlığa batmış kimi, günahların içindən çıxa bilmirik. Bizim millət bir müsəlman kimi Ramazan ayını necə qarşılayacaq?+[color=#fe5e5e][/color]
Tarix: 06.01.2013 / 16:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 678 Bölmə: Ramazan