Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863-1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur.
Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır.
Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur.
1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub. Üç oğlunun vaxtsız vəfatı, oğlu Yasifin Qarabağda (22.08.1992) şəhid olması ilə əlaqədar "Qəmgin" təxəllüsü ilə şeirlər yazıb.
Fəzi Məşədi Qasım oğlu uzun müddət kolxoz sədri, sovet sədri, ferma müdiri və başqa rəhbər vəzifələrdə işləmişdir. El arasında böyük hörmət sahibi olan ağsaqqallardan olmuşdur. El şairi Qəmgin Fəzi 2000-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Məzarı Yeni Daşkənd kənd qəbiristanlığındadır.
El qəhrəmanı Məşədi Qasımın oğludur.
Şəhid Yasif Kərimovun atasıdır.
Jurnalist Sənubər Fəziqızının atasıdır.
Yaradıcılığı
1996-cı ildə "Qızıl Şərq" mətbəəsində Qəmgin Fəzinin "Ağrı dağı" adlı şeirlər kitabı çap olunub. Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında Qəmgin Fəzinin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.182-184).
El şairi Qəmgin Fəzinin həyatı və yaradıcılığı haqqında 2007-ci ildə "Nurlan" nəşriyyatında nəfis şəkildə çap olunan Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.17-19).
Tarix: 05.02.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 195 Bölmə: Qərbi Azərbaycan