Ağ Aşıq Allahverdi (d.1754, Göyçə - ö.1860, Göyçə) - Aşıq Alının ustadı, görkəmli aşıq, şair.
Həyatı
Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər biri-birinin əksidir.
I. Ağ Aşığın, – Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, – çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, – qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir.
II. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların "... aşıqlığı...təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış". Lakin Allahverdi "coşub-daşdığından", xalq yığnaqlarına can atdığından, dindar çərçivəyə sığmadığından təkkədən, atasından, babasından üz döndərir, – bir sözlə, onların üzünə ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Allahverdinin xalq arasında Ağ Aşıq adı ilə tanınmasını "böyüyün üzünə ağ olmağı" ilə bağlamaq daha düzgün olardı.
III. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi bizlərə gəlib çatmayıb. Hər üçü gözəl təhsil görüblərmiş. Ağ Aşığın bacısı da saz-söz sənətinin bilicisiymiş və Kosacanda gəlin olduğuna baxmayaraq, ölənədək sazı yerə qoymayıb.
IV. Ağ Aşığın iki oğlu olub: İsmayıl və Məhərrəm. Həyat yoldaşı Arazın o biri tayından, Telli Cəfərin qızı Süsənbər xanım imiş ki, "Süsənbəri" havasını onun adıyla bağlayırlar. Məhərrəm lap gənc ikən dünyadan köçür.
V. Aşıq Allahverdinin Göyçəyə köçməyinin iki səbəbi olub: 1) atasının ölümündən sonra üzərinə düşən ailə ağırlığı; 2) Qacarların İranda və Qafqazda tüğyan etməsi.
VI. Allahverdiyə Allah vergisi verildiyindən, çalıb-çağırmağı xəstələri sağaldırmış. Həmin xəbər Şərqi Anadolu hakimlərindən Sərdar Hüseyn paşaya çatır. Yuxusuzluqdan əzab çəkən Sərdar Hüseyn paşa əmr edir ki, aşığı, nəyin bahasına olursa-olsun, tapıb gətirsinlər. Göndərilən silahlı dəstə onu Şərurda (Şərildə) çox axtarır, sonra Göyçəyə keçib tapır və Ruma aparırlar. Ağ Aşıq 5 ilə yaxın Rumda qalır. Deyilənlərə görə, ilk çalıb-çağırmağı ilə Sərdar Hüseyn yuxuya gedibmiş. Yaxın adamları onu ölmüş bilib, Allahverdini öldürmək istəyirlər, lakin çağrılan həkim paşanın nəbzini yoxlayıb, yuxuya getdiyini bildirir. Sərdar Hüseyn 2 gün 2 gecə yatıb oyanır və həmin andan Ağ Aşığı yanından buraxmır; hara getsə, onu da özüynən aparırmış. Günlərin birində Sərdar Hüseyn paşa böyük bir məclis yığır. Qonaqlar soruşurlar ki, "bu aşığı haradan tapmısan?" Sərdar Hüseyn deyir: "Mən onu Göyçə mahalından gətirtmişəm. Yuxum tamam çəkilmişdi, o isə sağaldıb. İndi 5 ilə yaxındır ki, yanımdadır". Qonaqlar deyirlər: "Yazıqdır, onun da ailəsi var. Burax getsin". Sərdar Hüseyn Allahverdiyə qızıl yəhər-yüyənli at və çoxlu pul bağışlayıb, yola salır. Ağ Aşıq Göyçəyə üz tutur. Onun yolda dediyi:
Durnam, gedər olsan bizim ellərə,
Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Əgər soruşsalar Ağ Aşığın halını,
Boynu armud saplaq, canın sağ söylə
- bəndi ilə başlanan şeri bizlərə gəlib çatıb.
VII. Ağsaqqalların söylədiyinə görə, "Ağ Aşıq başdan ayağadək ağ tük rəngində idi. Papağı gözünün üstünə çəkərdi. Tük, sifət, barmaqlar, – hamısı ağappaq idi. Çuxa, buxara papaq və İran məsti ("əcəmi çarıq" da deyərdilər o zaman!) geyərdi. Geydiyi çuxa həmişə şabalıdı rəngdəydi. Kim olursa-olsun, heç zaman hərcayı-hədyan sözlərə baş qoşmazdı. Çox ağır dolanan, "şair yolu gözləyən, usta yanında hərəkət eləyəndi". Ağzından bircə ağır söz belə qaçırmazdı. Heç kim və heç nə qarşısında əyilməzdi. Çox zilnən oxuyardı". Ağ Aşıq ömrünün son 15 ilini çalıb-oxumazmış, lakin söz qoşurmuş.
VIII. Yaşadığı illər haqqında əks fikirlər var. Məsələn, tanınmış filoloq-araşdırıcı Mürsəl Həkimov onun ömrünü 1754-1860 arası, Ziyəddin Məhərrəmov isə XVIII yüzilliyin sonu – XIX yüzilliyin əvvəli kimi göstərirlər. Mənim araşdırmama görə, Ağ Aşığın ömrünü 20 il öncəyə çəkiblər və bu sonuca onun kötükcəsinin verdiyi bilgilər əsasında gəlmişəm. Həmin bilgilərə üz tutaq:
a) Ağ Aşıq Alını 17 yaşında, özü də Türkiyədən qayıtdıqdan sonra şagirdliyə götürüb. Deməli, Aşıq Alının şagirdliyə başlaması, haradasa, 1818-ci ilə düşür. Digər tərəfdən, Ağ Aşıq doğma yurd-yuvasına 40-45 yaşlarında qayıdıb. Deməli, o, haradasa, 1770-1775-ci illərdə dünyaya göz açıb.
b) Əziz Əhmədovun (Ağ Aşığın kötükçəsi) 1977-ci ildə dünyadan köçmüş ata babası Babaşov Əhməd söyləyirmiş ki, "mən 1870-ci ildə dünyaya göz açmışam və öz gözümlə Ağ Aşığı görmüşəm. O, bir sinirli kişiydi, artıq saz çalmırdı. 10 yaşım olanda həmin kişi rəhmətə getdi".
c) Nəhayət, əldə olan bilgiyə görə, tanınmış Tovuz-Şəmşədil ustadı Öysüzlü Səməd 7 il Ağ Aşığa "qulluq" edibmiş. Əgər Aşıq Səmədin 1918-ci ildə 70, yaxud bir qədər artıq yaşında dünyadan köçdüyünü nəzərə alsaq, onun şagirdliyinin haradasa 1865-1870-ci illərə düşdüyü aşkarlanacaq. Lakin bircə çətinliyimiz ondadır ki, Ağ Aşıq son 10-15 ilini çalıb-çağırmırmış. Bəlkə də, ancaq öyrədirmiş?! Hər halda Ağ Aşığın 1775-1880-ci illərdə yaşaması daha ağlabatandır.
IX. Əziz Əhmədovun söylədiyinə görə, Keşişoğlu adlı üç aşıq yaxud şair Ağ Aşığın çağdaşı olub və hətta onunla deyişib: I – Borçalıdakı Keşişoğlu; II Naxçıvanlı Keşişoğlu və III Bala Məzrəli Keşişoğlu. Deyişmələrdən ancaq biri bizlərə gəlib çatıb. X. Ağ Aşığın gəzib-dolaşdığı, çalıb-çağırdığı coğrafi çevrə özündən sonrakılarla tutuşdurula bilməz. Misirdən Şərqi Türküstana kimi gəzib dolaşdığı güman olunur və bir təcnisində özü buna işarə edir. Lakin Məkkəni ziyarət etdiyi haqda heç bir bilgi yoxdur.
XI. Əziz Əhmədovun söylədiyinə görə, Aşıq Alı da öz ustadı kimi, savadlı imiş və Ağ Aşığın qoşduğu bütün sözləri bir əlyazmaya toplayıbmış. Kəlbəcərə köçərkən həm öz sözləri, həm ustadı qoşduqları əlyazmaları yerli şagirdlərdən birinə bağışlayır. 1937-ci ildə əski ərəb əlifbası ilə yazılmış əlyazmalar (oxuya bilmirlərmiş!) cəzalanma qorxusu altında yandırılır.
XII. Kötükcəsinin dediyinə görə, Babacanlı Aşıq Qədir dünyasını dəyişənədək Ağ Aşıqdan bildiklərini M. Həkimova tam şəkildə verməyib və qalanları onun oğlanlarındadır. Aşıq Alının törəmələrində, məsələn, Gədəbəyin Slavyanka kəndində Qaytaran adlı iqtisadçıda və vaxtı ilə Kəsəmən kəndində yaşamış Molla Muxtarın oğlanlarında Ağ Aşığın şeirləri və hekayətləri toplanıb. Kötükcəsinin özü də az-çox topladığını qoruyub saxlayır.
Tarix: 05.02.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 210 Bölmə: Qərbi Azərbaycan