1887 – 1889 – cu illərdə məbəd və qala ərazisində arxeoloji tədqiqatlar aparmış fransız arxeoloq Jacques de Morgan ərazidə 576 ədəd düzbucaqlı formalı məzar daşı qeydə almışdır. Qazıntılar zamanı mədəni təbəqələrdən e.ə. VIII əsrdən – tunc və dəmir dövründən başlayaraq sonrakı dövrləri də əhatə edən külli miqdarda arxeoloji material əldə edilmişdir. Kompleksin yerləşdiyi ərazi V əsrdən etibarən mənbələrdə Əgərək kimi tanınmağa başlamışdır. Kompleks X əsrdə Baqaratilər sülaləsindən olan Kürük tərəfindən inşa edilmişdir. Kürük yəhudi mənşəli Baqratilər sülaləsindən olan hökmdar III Aşot və Xosrovşah xanımın oğlu olmuşdur. Kürükün qardaşları III Smbat və I Qaqik Baqratuni isə Baqratlılar sülaləsinin ən güclü hökmdarlarından olmuşdur. Erməni alimlərinin səyləri nəticəsində yəhudi mənşəli Baqratilər sülaləsinin qurduğu dövlət səbəbsiz yerə (hökmdar sülalənin yəhudi mənşəli olmasıyla bərabər, sülaləyə tabe olan ərazidə türk xalqları üstünlük təşkil edirdilər.) erməni dövləti kimi qeyd edilməkdədir.
Axtala kompleksinin yerləşdiyi ərazinin əhalisi sak – skif tayfalarının ərazidə məskunlaşmasından sonrakı dövrdə davamlı olaraq türklər olmuşlar. Qafqaz Albaniyasının mövcud olduğu dövrdə ərazi Quqark vilayəti kimi Gürcüstanın tərkibində olmuşdur. Ərəblərin bölgəni fəth etməsindən sonra dağlıq ərazidə yerləşən əhalinin çox az bir qismi islamı qəbul etmiş, qalan əhali isə xristian inancını saxlamışdır. Ərazi 889 – 942 – c illərdə Sacilər dövlətinin, 942 – 981 – ci illərdə isə Salarilər dövlətinin hakimiyyəti altında olmuşdur. 981 – ci ildə Salarilərin hakimiyyətinin sona yetməsi ilə bütün Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Arazdan cənubdakı Azərbaycan ərazilərinin bir hissəsində Rəvvadilər sülaləsi hakimiyyətə gəlmiş, Arazdan şimaldakı hissələrdə isə Şəddadilər sülaləsi mğhkəmlənməyə başlamışdır. Şəddadilərin hakimiyyətinin hələ zəif olduğu və yalnız Dəbil (Dvin) şəhəri ilə məhdudlaşdığı dövrdə fürsətdən istifadə edən Baqrati hakimi III Aşot (o, Azərbaycandan qərbdə Ani və onun ətrafındakı ərazilərin hakimi idi) oğlu Kürükü Loru mahalı ərazisinə hakim təyin etmişdi. Lakin tezliklə ərazi Şəddadilərə tabe edilmiş, Kürüklə birqə əraziyə gəlmiş Baqrati nümayəndələri hamısı ərazini tərk edərək Aniyə dönmüşdür. Kürük isə hələ bir müddət hakimlikdə saxlanmışdır. Lakin tezliklə Səlcuqlular qalanı fəth etmiş və bölgədə birmənal olaraq stabillik bərpa olunmuşdur.
Qala üç tərəfi dərin dərə ilə əhatə olunmuş və təbii şəkildə mükəmməl müdafiə sisteminə malik olan yüksək qayalıq ərazidə inşa edilmişdir və bu baxımdan Gədəbəydəki Namərdqala ilə oxşaqlıq təşkil edir. Qalanın təbii cəhətdən zəif hissələri möhkəm qala divarları və bürclərlə möhkəmləndirilmişdir. Qalanın divar və bürcləri mavi bazalt daşından inşa olunmuşdur.Qala XII əsrdə gürcü sərkərdəsi Zaxari Mxraqdzeli tərəfindən fəth olunmuşdur. XIII əsr alban tarixçisi Kirakos Gəncəli və erməni tarixçisi Vardan Areveltsi ərazidə zəngin yataqların olması haqqında məlumat vermişlər. Kirakos Gəncəli bu haqqda yazır: "Zaxarinin qardaşı İvane də həmin ildə öldü və Paqnadzanakda (erməni dilindən tərcümədə mədən yeri) , ərazini fəth etdikdən sonra özünün inşa etdirdiyi kilsənin yaxınlığında dəfn edildi." Azərbaycana 1220 – ci ildən başlayan monqol yürüşlərinə kimi Zaxarilər sülaləsinin nümayəndələri bölgədə hakim oldular. Məhz bu səbəbdən də Ağtala qalası daxilindəki dini tikililərdə gürcü və provaslav memarlığı elementləri özünü büruzə verməkdədir. Qala 1180 – ci ildən İvane Zaxarinin idarəsi altında olmuşdur. Həmin dövrdə İvanenin qardaşı Zəkəriyyə (Zaxaria) qriqoryanlığı qəbul etsə də (Ərəb Xilafətinin Alban Həvari Kilsəsini Erməni Qriqoryan Kilsəsinə tabe etməsindən sonra bölgədə qriqoryanlıq da yayılmışdı) , İvane qədim dövrlərdən gürcülərin sadiq olduqları pravoslavlıqda qalmışdır. Məhz İvanenin hakimiyyəti dövründə Qərbi Azərbaycan və Borçalı mahalı ərazisindəki bir çox qədim xristian türk məbədləri gürcülər tərəfindən də ziyarət edilməyə başlanmışdır. Bölgədəki xristian türklər də əsasən pravoslav olduqlarından həmin məbədlərdə əsaslı dəyişikliklər aparılmamış və məbədlər tarixi memarlıq quruluşlarını əsasən qorumuşlar. Hökmdar İvane Zaxari həmin dövrdə əsasən Qarabağ, Naxçıvan, Gəncə – Qazax və Göyçə gölü ətrafı Azərbaycan ərazilərinin xristian əhalisi arasında yayılmış və Alban Həvari Kilsəsinin də müəyyən qədər meyl etdiyi (Erməni Qriqoryan Kilsəsinin katolikosu İlya Xəlifəyə məhz albanların xalkidonçuluğa maraq göstərməsini bəhanə gətirərək Bizansa meyl etməsi haqqında xəbər çatdırmışdı) xalkidonçuluğa maraq göstərməyə başlamışdır. XIII əsrin əvvəllərindən (daha dəqiqi monqolların Azərbaycana I yürüşü dövründən) başlayaraq Zaxarilər bölgədəki hakimliklərini itirdilər. İvane Zaxarinin oğlu Avak Zaxari Azərbaycana gəlmiş monqol qoşununun rəhbəri Çormoğon noyondan asılı vəziyyətə düşdü. Daha sonra qala bir – birinin ardınca Azərbaycan türk sülalələrinin hakimiyyəti altında olmuşdur. Bölgədə Hülakülərin, Qaraqoyunluların hakimiyyəti iki əsrə yaxın davam etmişdir. Əmir Teymurun Azərbaycan yürüşü zamanı qalanın yerləşdiyi ərazilər də işğal olunmuşdur. Ağtaladakı məşhur qayalardan biri də bu türk fatehinin adı ilə Teymurləng qayası kimi tanınmışdır.
XVIII əsrdən başlayaraq kompleks yunanlara xidmət etməyə başlamışdır. Səfəvilərin bəzi əraziləri Osmanlılar tərəfindən işğal edildiyi dövrdə yunan ailələri Anadolunun Gümüşhane bölgəsindən gümüş və qızıl mədənlərində çalışmaları üçün 1763 – cü ildə Ağtala kəndinə köçürülmüşdür. Yunanlar kompleksi "Meramani" adlandırmışlar. Monastır divarlarında yunanlardan qalma bir neçə kitabə də mövcuddur. Kompleksdə yerləşən monastrın əsas ziyarət günləri 20 – 21 sentyabr tarixləridir. Bu gün də həmin tarixdə yunanlar, gürcülər və ermənilər (tarixən ermənilərin bu məbədlə heç bir əlaqəsi olmamasına rəğmən) monastırı ziyarət etməkdədirlər. Yunanıstanın Ermənistandakı səfiri Panayota Mavromiçali də 2006 – cı il 20 sentyabr tarixində monastırı ziyarət edənlər arasında olmuşdur.
Tarix: 05.02.2015 / 13:19 Müəllif: Feriska Baxılıb: 213 Bölmə: Qərbi Azərbaycan