Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Əskər

Həyatı
Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978).

Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.

Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).

Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev tərəfindən şöhrət ordeni verilmişdir.

Evlidir, üç övladı var.

Türkcə, rusca, almanca və ermənicə bilir.


Tarix: 05.02.2015 / 15:50 Müəllif: Feriska Baxılıb: 186 Bölmə: Qərbi Azərbaycan
loading...