Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Əliş ağa

Həyatı
Göyçənin Zod kəndindən olan el şairi Haci Əliş ağa (1838-1919) yaxşı saz çalar, müxtəlif janrlarda şeirlər yazarmış. Hacı Əliş ağa Əmiraslan oğlu Kəsəmənli 1838-ci ildə Zod kəndindədoğulmuşdur. Ilk təhsilini kənddə xüsusi məktəbdə almışdır.

Əliş ağanın atası Əmiraslan ağa dövrünün müəyyən savad görmüş,elm və maarifə qayğı göstərən, özü də aşıqsayağı şeirlər yazan, gözəl saz tutmağı bacaran bir şəxsi olmuşdur. Əmiraslan ağa oğlu Əlişi də ziyalı kimi görmək istəyirdi. Rəsmi sənəd olmasa da, yerli ağsaqqalların söylədiklərinə görə, Zodda seminaryaya bənzər üçillik məktəb olmuşdur. Bu məktəbə ibtidai təhsil almış və ya şəxsi məktəblərdə oxumuş gənclər qəbul olunurmuşlar. Çox güman ki, Əliş ağa bu məktəbdə təhsil almış, biliyini genişləndirmək üçün başqa şəhərlərə getməyi arzulamışdır.

Atası Əliş ağanın elmə olan marağını duyub, onu Qori Müəllimlər Seminariyasına göndərir. Istər kənd məktəbində, istərsə də seminariyada Əliş ağa ərəb, fars və rus dillərini mükəmməl öyrənir. Elmə və maarifə dərin maraq göstərən Əliş ağa Şərq ədəbiyyatını, eləcə də Azərbaycan klassiklərinin ədəbi irsini öyrənir, özü də həm klassik, həm də xalq şeiri şəkillərində əsərlər yazır.

Təhsilini tamamlayıb doğma yurda qayıdan Əliş ağa Göyçə saz-söz mühitində, ümumiyyətlə Göyçə mədəni həyatında yaxından iştirak edir. Dövrünün savadlı ziyalısı olan Mirzə Bəylər, Usta Abdulla və Ələsgər ocağı ilə əlaqə saxlayır, dostluq edir.

Hacı Əliş ağa bir müddət dövlət idarələrində də işləmiş (1880-1885), İrəvan quberniyasında və Qarabağ xanlığında müxtəlif vəzifələrdə çalışmışdır.


Tarix: 05.02.2015 / 17:32 Müəllif: Feriska Baxılıb: 144 Bölmə: Qərbi Azərbaycan
loading...