Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜMMƏT PEYĞƏMBƏRİNƏ SALAVATIN ƏSAS ÜSTÜNLÜKLƏRİ

Birinci fayda. Göründüyü kimi, Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- salavat deyərkən çox zaman İbrahim öz ailəsindən ayrıca zikr olunmur, yəni belə deyilir: « İbrahimin ailəsinə salavat dediyin kimi». Bunun da səbəbi odur ki, «ali» (ailə, ocaq, nəsil, sülalə) sözü ərəb dilində hər şəxsin özünü, həm də onun ailəsindən olanları əhatə edir. Bu xüsusda Allah təala buyurur: « Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini aləmlər üzərində üstün etdi” (Ali- İmran,33).

Həmçinin buyurur: «…yalnız Lutun ailəsini sübh çağı xilas etdik” (əl-Qəmər,34).
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Allahım! Əbu Oufənin ailəsinə salavat de».
Həmçinin Allah-təalanın bu mübarək ayəsindəki əhl əl-beyt ifadəsini göstərmək olar: «…Ey əv əhli (« əhl əl-beyt”)! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun…” (Hud,73). «Əhl əl-beyt» Peyğəmbər ailəsi olub İbrahim də ona daxildir.
Şeyxülislam İbn əl-Qayyim demişdir: « Buna görə də ifadələrin əksəriyyətində « İbrahimin ailəsinə salavat dediyin kimi» və « İbrahimin ailəsinə bərəkət bəxş etdiyin kimi», bəzilərində isə «İbrahimin» özü, namaz və zəkat dualarının orijinalında olduğu kimi işlədilir. Bəzən bu ifadələr bir yerdə də deyilir».
Bir çox alimlər arasında « İbrahimin ailəsinə salavat dediyin kimi» və s. təşbih (bənzətmə) formasında olan ifadələr sual doğurur. Çünki əslində oxşadan oxşadılandan aşağı olur. Burada isə əksinədir, Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm- (bənzədən) İbrahimdən ( bənzədiləndən) üstündür. Üstün olması da onun üçün edilən salavatın digərlərinə edilən salavatdan üstün olmasını tələb edir.
Alimlər buna sayı 10-dan çox cavab vermişlər. Bunların hər biri digərindən zəifdir. Yalnız bir cavab istisnadır ki, onu mərhum şeyxül-islam İbn əl-Qayyim də bəyənmiş və xüsusi olaraq qeyd etmişdir:
«İbrahimin ailəsində peyğəmbərlər vardır. Məhəmmədin – səllallahu aleyhi və alihi və səlləm- ailəsində isə peyğəmbər yoxdur. Ailəsində peyğəmbərlər olan İbrahimə edilən salavat kimi Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm – ailəsinə salavat deyildikdə bu salavat onun ailəsindən layiq olanlara çatır. Onun ailəsində də peyğəmbərlər yoxdur. O peyğəmbərlər üçün olunan artıq hissə İbrahimə edilən salavatla birlikdə Məhəmmədə – səllallahu aleyhi və alihi və səlləm- aid olur. Beləliklə, o, başqasının nail olmadığı məziyyətlətə çatmış olur».
İbn əl-Qayyim demişdir:
«Bu verilən cavabların ən yaxşısıdır. Aşağıdakı kimi demək daha yaxşı olar: Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm- İbrahim ailəsindəndir, həm də bu ailənin ən yaxşı üzvüdür. Əli bin Təlhə İbn Abbasın – radıyallahu anhu- Allah təalanın « Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini aləmlər üzərində üstün etdi” ( Ali-İmran,33) kəlamı barədə fikirlərini rəvayət etmişdir. İbn Abbas demişdir: «Məhəmməd – səllallahu aleyhi və alihi və səlləm- İbrahimin ailəsindəndir».
Mətndə belədir: « Əgər İbrahimin nəslindən olan digər peyğəmbərlərin İbrahimin ailəsinə daxil olması qəbul edilirsə, onda Rəsulullahın – səllallahu aleyhi və alihi və səlləm- bu ailəyə daxil olmaq haqqı daha çoxdur. Bizim « İbrahimin ailəsinə salavat dediyin kimi» deməyimiz İbrahimin ailəsindən olan digər peyğəmbərləri də əhatə edir. Bundan sonra Allah təala ayrıca olaraq Məhəmmədə və onun ailəsinə, ümumiyyətlə, İbrahimin ailəsinin başqa üzvlərinə və Peyğəmbərin özünü də əhatə edən salavat qədərində salavat deməyi əmr etmişdir. Bu salavatdan Məhəmmədin ailəsinə onun hörməti sayəsində ona layiq olanlar çatır, bütün yerdə qalan isə Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- məxsusdur. Şübhəsiz ki, İbrahimin ailəsi ilə birlikdə Rəsulullaha – səllallahu aleyhi və alihi və səlləm- deyilən salavat onlar olmadan deyilən salavatdan daha kamildir.
İkinci fayda. Möhtərəm oxucu görür ki, bu müxtəlif formalı salavatların hər birində Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- ailəsinə, qadınlarına və zürriyyətinə ( övladlarına) da salavat deyilir. Buna görə də yalnız « Allahummə! Məhəmmədə salavat de» deməklə kifayətlənmək Sünnəyə uyğun deyil və bu əzəmətli işi tamamilə həyata keçirmir. Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- buyurduğu kimi, bu salavat formalarından birinə əməl etmək zəruridir. Bu halda birinci və sonrakı təşəhhüdlərin fərqi yoxdur. İmam əş-Şafii « əl-Umm» əsərində bunu qeyd edib ( 1/102) deyir:
«Birinci və ikinci təşəhhüddə deyilənlər eynidir. Təşəhhüd sözünün mənası Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- şəhadət vermək və salavat deməkdir.
Şəhadətlə salavat bir-birindən ayrılmazdır. Təşəhhüd deyirəmsə demək Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- də buna daxildir. Onlar bir-birindən ayrılmazdır.
İndiki dövrdə elə alimlər vardır ki, « Səhiheyn» (əl-Buxari və Müslim) – də Kəab bin Acra, Əbu Həmid əs-Səidi, Əbu Səid əl-Xudri, Əbu Məsud əl-Ənsari, Əbu Hureyrə, Təlha bin Ubeydullah kimi bir çox əshabələrin peyğəmbərdən « Sənə necə salavat deyək» deyə soruşduqda, onun göstərilən salavat formalarını öyrədən hədislərinin olmasına baxmayaraq Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- ailəsinə salavatı inkar edirlər. Onlar Allah təalanın « … Siz də ona salavat göndərib layiqincə salamlayın» ( əl-Əhzab,56) ayəsinə əsasən deyirlər ki, ayədə peyğəmbərdən başqasının adı zikr olunmur. Həm də əshabələrin «salat» (salavat) barədə peyğəmbərdən soruşduqlarını inkar edirlər. Çünki onlara görə namaz sözünün mənası aydındır, dua deməkdir. Bunu soruşmaqları ağla batan deyil.
Bu da onların açıq aşkar səhv etdiklərini göstərir. Onlar «salat» sözünün mənasını yox, məhz ona necə salavat deyilməsi barədə soruşurdular. Bu haqda yuxarıda göstərdiyimiz bir çox rəvayətlər vardır. Belə olan halda onların sualında heç bir qeyri- adilik yoxdur. Çünki onlar şəri forma barədə sual etmişlər, bu da yalnız hər şeyi Bilən və Hikmətli, şəriəti yayan (Allah) tərəfindən bilinir.
Bu Allah təalanın «Namaz qılın!» ( «aqimus-salat») ayəsinə görə fərz namaz barədə soruşmaqları kimidir. Çünki «salat» sözünün lüğəti mənalarını bilmələri, onun şəri formalarını bilmək üçün kifayət deyildir. Bu aydın və aşkar bir məsələdir.
Yuxarıda qeyd edilən iddianın heç bir əsası yoxdur. Müsəlmanlara yaxşı məlumdur ki, Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Allah kəlamını aydınlaşdıran, izah edən olmuşdur. Onun dediyi qəbul olunmalıdır. « Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən…” ( ən-Nəhl,44). Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- öyrətdiyi salavatda onun ailəsinin zikri vardır. Allah təala buyurur: « Peyğəmbər sizə nə verirsə, onu götürün…” ( əl-Həşr,7). Səhih hədisdə Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- dediyi sözlər məşhurdur: « Məgər mən sizə Quranı və onun mislində olanları vermədimmi?» ( «Təxricul-müşkat» 163 və 4247).
Ey müsəlman! Quranı Sünnədən ayrılıqda öyrənmək cəhdindən özünü gözlə! Sən, hətta din sahəsində öz dövrünün Sibəveyhisi də olsan, bunu bacarmazsan. Müasir dövrün ən nəhəng dilçi ailmlərinin belə Quranı Sünnəsiz başa düşə bilmədiklərinin şahidisən.
Üçüncü fayda. Oxucu görür ki, bu salavatla «ağa» ( yəni ağamız Məhəmməd) sözü yoxdur. Buna görə də sonrakı dövr alimləri bu sözün İbrahimə salavata artırılmasının şəriətə uyğunluğu barədə müxtəlif fikirdə olmuşlar. Bəziləri Peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- təliminə sadiq qalaraq bu əlavəni inkar etmişlər. Belə ki, o, salavatı bizə belə öyrətmişdir: «Deyin! Məhəmmədə salavat deyin…» Burada oxucuların nəzərinə Hafiz İbn Həcər əl-Əsqəlaninin fikrini çatdırmaq istəyirəm. O, hədis və fiqh elmlərini bir yerə cəmləmiş, Şafii məzhəbinə mənsub ən məşhur alimlərindəndir. Ancaq sonrakı dövr Şafii alimlərinin arasında isə bu kəramətli nübuvvət təliminə müxalif fikirlər yayılmışdır.
İbn Həcərin köməkçisi olmuş mərhum Hafiz Məhəmməd bin Məhəmməd əl-Qərabili ( 790-835) demişdir:
«Hafiz İbn Həcərdən Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- deyilən salavatın, «ağamız» ifadəsinin istər salavat daxilində, istərsə də ondan kənarda Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm – aid edilməsinin vacibliyi və ya inkarı barədə soruşurlar. Məsələn, « Allahım! Ağamız Məhəmmədə və ya məxluqların ağasına, yaxud Adəm övladının ağasına salavat de» demək olarmı? Yaxud qısaca «Allahım, Məhəmmədə salavat de» demək olarmı? Bunlardan hansı yaxşıdır? «Ağa» sözü ilə Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- xas olan sabit bir sifətin ifadə edildiyini nəzərə alıb onu işlətməliyik, yoxsa hədislərdə bu ifadənin işlənmədiyini salavatda əsas götürüb onu işlətməməliyik?
Hafiz İbn Həcər – rəhmətullahi aleyh- bu suala belə cavab verir: «Əlbəttə, hədislərdə işlədilən ifadələrə əməl etmək daha yaxşıdır. «Ağa» sözünün hədislərdə işlənilməməsi heç də Peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- təvazökarlıq etməsi ilə əlaqələndirilməməlidir. Müsəlman öz Peyğəmbərinin adını çəkəndə mütləq « Səllallahu aleyhi və səlləm» - «Ona Allahın salavatı və salamı olsun» - deməlidir. Bunu bizə əshabələr və ardıcıllar vacib bilmişlər. İstər ilkin dövrün, istərsə də sonrakı dövrün çöxsaylı görkəmli alimləri Peyğəmbərə salavatı mütləq demişlər. Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- öz bağlılığı ilə məşhur olan imam əş-Şafii (Allah onun məqamını artırsın!) kitabının xütbəsində «Allahummə, salli alə Muhammədin» - « Allahım, Məhəmmədə salavat de» - ifadəsi ilə başlamışdır.
Qazi İyad Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm – salavat barədə «əş-Şəfa» əsərində danışır, orada bir çox əshabələrin və ardıcılların hədislərini də verir. Onların heç birinin ifadəsində «ağamız» ifadəsi yoxdur.
Əlinin – radıyallahu anhu- bir hədisində deyilir ki, Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- salavatı belə öyrədirdi: «Allahım, hərəkət edənləri hərəkətə gətirən Sənsən, uca olanları alçaldan da Sənsən, salavatını və bərəkətini yüksəlt, qulun, peyğəmbərin Məhəmmədə salamını artıq! Sən açdığın qapılar bağlanmır».
Əli – radıyallahu anhu- həmçinin bildirir ki, o, bu sözləri deyərmiş: « Rəhmli və xeyirxah Allahın, Onun yaxın mələklərinin salavatı peyğəmbərlərin sonuncusu və – təqva sahiblərinin imamı Məhəmməd bin Abdullaha olsun».
İbn Macənin İbn Məsuddan verdiyi bir hədisdə salavatda « seyyidul mursalin» - « peyğəmbərlərin ağası» - ifadəsi işlədilir. «Allahım, öz salavatının fəzilətini, mərhəmətini və bərəkətini peyğəmbərlər ağasına şamil et».- Lakin bu, zəif hədisdir.
Bu məsələ fiqh kitablarında məşhurdur. Fəqihlərin hamısının bu məsələdə bir rəyə gəlməsi, «ağamız» kəlməsinin onların heç birinin ifadələrində işlədilməməsi danılmazdır. Əgər bu ifadə müstəhəb bir əlavə olsaydı, bu onlara gizli qalmazdı və ya unutmazdılar. Bütün xeyrlər onlara tabe olmadadır. Ən çox bilən Allahdır.
Mərhum Hafiz İbn Həcərin bu sözləri barədə deməliyəm ki, onun Peyğəmbər – səllallahu aleyhi və alihi və sələm- salavatına hər hansı əlavəyə qarşı çıxması və bunu Kəramətlinin əmrinə uyğun olması ilə əsaslandırması, heç şübhəsiz, mərhum alimin Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- bağlılığı ilə izah olunur. Allah təala buyurur: « De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin…” (Ali-İmran,31). Elə buna görə imam ən-Nəvəvi « ər- Rovda» (1/265-ci səh.) əsərində demişdir: Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm – edilən ən kamil salavat budur: « Allahummə salli alə Muhamməd…» 3-cü növ salavata müvafiq olaraq «ağamız» kəlməsini qeyd etməmişdir.
Dördüncü fayda. Bil ki, salavat formalarında birincisini, həmçinin dördüncüsünü Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- öz əshabələrinə öyrədərdi. Bunlar ən yaxşı və ən üstün formalardır ki, onları özünə və öz əshabələrinə layiq bilmişdir. Bunu hədis ailmləri olan ən-Nəvəvi «ər-Rovda» əsərində , habelə əs-Subki, əl-Heytəmi və başqaları da qeyd edirlər.
Beşinci fayda. Şəriətə görə, göstərilən salavat formalarını bir-birinə qataraq oxumaq olmaz. Belə oxumaq bidət sayılır. Bu formaların hər birindən vaxtaşırı istifadə etmək daha yaxşıdır. Şeyxülislam İbn Teymiyə «Məcmuə» əsərində (69/253/1) bu məsələni araşdırır.
Altıncı fayda. Məşhur alim Siddiq Həsənxan « Həzlul-əbrar bil ilmil-məsur minəl-adiyəti vəl-əzkar» əsərində (səh.161) peyğəmbərə salavat demənin və onu çox zikr etmənin fəzilətini qeyd etdikdən sonra deyir: Şübhəsiz ki, müsəlmanlardan peyğəmbərə ən çox salavat deyən hədis əhli və sünnə rəvayətçiləridir. Çünki bu şərəfli elmdə hər dəfə hədislə qarşılaşarkən salavat demələri onların vəzifələrindəndir. Rəsulullahı – səllallahu aleyhi və alihi və səlləm- zikr etməkdən dilləri daim nəm olur. Elə bir sünnə kitabı və ya növündən asılı olmayaraq bir hədis divanı, məcmuəsi, müsnədi, cüzü və s. yoxdur ki, minlərlə hədisi ehtiva etməsin. Təkcə həcminə görə ən kiçik hədis kitablarından olan əs-Suyutinin « əl-Cami əs- Sağir» əsərində on min hədis vardır. Başqa hədis əsərlərini böyüklüyünü özünüz təsəvvür edin. Qiyamət günü onun şəfaətini ən çox qazanan, xoşbəxt olanlar bu nicat tapan firqə, hədis camaatıdır, peyğəmbərə qiyamət günü ən yaxın olanlardır.
Bu əməldə heç kəs onlara tay ola bilməz.
Sən də, ey xeyr istəyən, nicat axtaran! Hədisçi və ya hədislərə əməl edən olsan zərərə uğramazsan. Yoxsa… Ümumiyyətlə bundan başqa gediləcək yol da yoxdur».
Mən də dedim: Allahdan məni Rəsulullaha –səllallahu aleyhi və alini və səlləm- ən yaxın olan bu hədisçilərdən etməsini diləyirəm. Bəlkə də bu kitab mənim bu istəyimə dəlalət edir.
Bu sözləri deyən sünnə alimi imam Əhmədə Allah rəhmət etsin: « Məhəmməd peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- dini hədislərdir».
Xoşbəxt o kəsdir ki, arzusu bunları taparsa əməl etməkdir. Hədisdən və onun əhlindən üz döndərmə. (Yalnız) ağlıyla əməl etmək gecədirsə, hədislərlə əməl etmək gündüzdür.
Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təşəhhüd və başqa dualarda bu sözləri deməyi lazım bilmişdir: «Hər iki rükətdə otyranda deyin: Allaha salamlar olsun ( duanı axıra kimi oxuyur) və sonra duada sizə daha çox xoş olanı seçin» (ən-Nəsai, Əhməd, ət-Təbərani, İbn Məsuddan alınıb. Səhih hədisdir).


Tarix: 27.04.2013 / 17:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...