Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (sav) -in HİCRƏTİ, BEYƏTİ VƏ SÜLHÜ

Müşriklərin zülmü artdıqda Allah və Rəsulunun əmri ilə səhabələr Məkkədən Həbəşistana hicrət etməyə başladılar. İlk hicrət zamanı Nübuvətin 5-ci ili Rəcəb ayında 12 kişi, 4 qadın hicrətə çıxmışdılar. Osman və zövcəsi Ruqiyyə də onlarla idi. Bu ailə İbrahim və Lut - əleyhimussəlam -dan sonra Allah yolunda hicrət edən ilk ailədir. Ciddənin yaxınlığında yerləşən Şueybə limanından iki ticarət gəmisi ilə yola düşürlər. Hicrət edənlərə xəbər çatır ki, Məkkədə Qureyş İslamı qəbul edib. Bu xəbəri eşidəcək hicrət edənlər geri dönürlər. Lakin xəbər doğru deyildi. İşgəncələr, zülmlər daha da artmışdı. İkinci hicrət zamanı isə artıq 83 kişi və 18 qadın hicrət edir.

Məkkə yaxınlığında Minanın yuxarı hissəsində Əqabə adlanan yerdə Ənsarlardan 6 (8) nəfər Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə beyət edirlər. Nübuvətin 11-ci ili Həzrəc qəbiləsindən Əsəd b. Zura, Auf b. Həris b. Rufaa, Rafi b. Məlik b. əl-Aclani, Kutbə b. Amir b. Cədid, Ukbə b. Amir b. Nabi, Cabir b. Abdullah b. Riab. Bir il sonra isə Nübuvətin 12-ci ili 12 nəfər, bunlardan 10 Həzrəc qəbiləsindən, 2 isə Əus qəbiləsindən idi. Yuxarıda adlarını qeyd etdiklərimiz və Muaz b. Həris, Zəvkan b. AbdulQeys, Ubadə b. Samit, Yəzid b. Sələbə, Abbas b. Ubadə b. Nadlə. Əus qəbiləsindən isə - Əbul Heysəm b. Teyyih, Uveym b. Saibə. Həmən il isə 73 nəfər. Bunlardan 63 Həzrəc qəbiləsindən, 10 isə Əus qəbiləsindən və 2 qadın Nəccar oğullarından Nəsibə b. Kaab, Sələm oğullarından Əsmə b. Amr Mədinədən gələrək Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə beyət edirlər.
Bir müdətdən sonra Allah Rəsuluna hicrət etmək izn verilir. Bu hadisə Nübuvətin 13-cü ili Səfər ayının 26-da baş verdi. Qureyş Darul Nədvə adlanan yerdə toplanaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm -i öldürmək qərarına gəlir. Cəbrail - əleyhissəlam - isə müşriklərin bu gizli işini Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə çatdırır. Hz. Əli - radıyallahu anhu - Peyğəmbər -sallallahu aleyhi və səlləm -in yerinə yatağında uzanır. «(Ya Muhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da təbdir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!» (əl-Ənfal 30). Mədinədə İslam yayıldığı üçün Məkkədən Rəbbiul Əvvəl - Səfər ayında da deyirlər - birinci günü çıxdı. Yanında Əbu Bəkr əs-Sıddıq və köləsi Amr b. Fuheyrə də var idi. Bələdçiləri isə Abdullah b. Uraykit əl-Leysi idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - müşriklərin başına torpaq səpərək Yəsin surəsinin 9-cu ayəsini oxuyurdu. «Biz onlann önlərinə və arxalarına sədd çəkib gözlərini bağlamışıq» (Yəsin 9). Heç bir müşrik Peyğəmbər - sallallahu aleyhi və səlləm - in onların yanlarmdan necə ötüb keçdiyini görmədi. Müşriklər onları təqib edirdilər. Onların həbs edilmələrinə və ya ölülərinə 100 dəvə vəd vermişdilər. Buna görə də yolda Sevr mağarasına girərək üç gün orada qalırlar. Mağaraya girdikdə oraya öncə Əbu Bəkr girdi və içərisini yoxladı. Gördüyü bir dəliyi paltarı ilə örtdü, digər dəliyi isə ayağı ilə bağladı. Beləcə zərərli həşəratların o, dəlikdən çıxaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə zərər verməməsinin qarşısını aldı. Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - içəri girdi və yatdı. Bu vaxt bir böcək Əbu Bəkirin ayağını sancdı. Əbu Bəkr Peyğəmbər - sallallahu aleyhi və səlləm -i rahatsız etməmək üçün yerindən tərpənmədi. Lakin hiss etdiyi ağrıdan gözləri yaşardı və o yaşlar Peyğəmbər - sallallahu aleyhi və səlləm -in üzünə düşdü. Peyğəmbər - sallallahu aleyhi və səlləm - oyanaraq nə olduğunu soruşdu. Əbu Bəkr: «Bir böcək ayağımı sancdı» dedi. Peyğəmbər: «Anam-atam sənə fəda olsun» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - böcəyin sancdığı yerə tüpürdü. Əbu Bəkrin ağrılarinda yaradan əsər belə qalmadı. Əbu Bəkr oğlu Abdullah gündüzləri müşriklərin yanında dolaşar, axşam isə onlara xəbərlər gətirirdi. Rəsulullah - sallallahu aleyhi və səlləm - Əbu Bəkr - radıyallahu anhu - ilə mağarada olarkən Əbu Bəkr - radıyallahu anhu - müşrikləri gördükdə qorxaraq: «Allaha and olsun ey Allahın Rəsulu, onlardan biri ayağının altına baxsa bizi mütləq görəcəkdir. Rəsulullah - sallallahu aleyhi və səlləm - ona Allahın buyurduğu şəkildə: «Qəm yemə, Allah bizimlədir» (ət-Tövbə 40)». “Üçüncüləri Allah olan iki kişi barəsində sən nə düşünürsən”1. Sonra sahillə yollarını davam edərək Mədinəyə Rəbiul Əvvəl ayının 12-də birinci günü çatırlar. Mədinə yaxınlığında Qubada Amir b. Auf oğullarının yanında qonaqlayırlar. Onların yanında 10 gün qaldıqda sonra Quba məscidini tikirlər. Cümə günü isə yola çıxırlar. Mədinəyə çatdılar. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in dəvəsi indiki məscidin ərazisində yerə çökür. Bu yer Bəni Nəccar oğullarından olan Əsəd b. Zurarın himayəsində yaşayan Səhl və Suheyl adlı iki yetim uşağa məxsus idi. Bu yer xurma qurudmaq üçün istifadə edilirdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu yeri onlardan pulla alır. Sonra məscid və evi tikilənə qədər Əbu Əyyub əl-Ənsarinin yanında qalır. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in Mədinəyə hicrət etmək xəbəri Həbəşistana çatdıqda 35 nəfər hicrət edərək Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına gəlir2.
SÜLH - Misvər b. Məxrəmə - radıyallahu anhu - və Mərvan b. əl-Həkəm bir-birinin rəvayətini təsdiqləyərək demişlər: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - Hudeybiyyə sülhündə iştirak etmək üçün (Mədinədən səfərə) çıxdı. Bu sülh müqaviləsi H. 6-7-ci ili 628-ci ildə Zil Qadə ayında baş verib. Sülh müqaviləsində iştirak edənlərin sayı 1400-1500 nəfər idi. Nəhayət gəlib Məkkəyə aparan Hudeybiyyə vadisindəki dağ yoluna çatdılar. Osman elçi olara Qureyşin yanına göndərildi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in məktubu onlara verildi. Qureyş bir müddət Osmanı həbs edi. Bu xəbər müsəlmanlara Osmanın öldürülməsi kimi çatdırılır. Peyğəmbər -sallallahu aleyhi və səlləm - bu xəbəri eşidən kimi: «Bu adamlarla hesablaşmadıqca buradan getməyəcəyik» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - müsəlmanlardan beyət etmələrini tələb etdi. Ağac altında Ridvan beyəti oldu. Peyğəmbər bir əlini qaldıraraq buyurdu: «Bu da Osmanın beyəti». «And olsun ki, ağac altında sənə beyət edərkən Allah möminlərdən razı olmuşdur» (Fəth 18). Bunu eşidən müşriklər müqavilə bağlamaq üçün Suheyli göndərirlər. Bu müqavilədə Suheyl b. Amr Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına gəlib: «Gəl bizimlə sizin aranızda (on illik)3 sülh müqaviləsi bağlayaq!» Peyğəmbər - sallallahu aleyhi və səlləm - katibi (Əli b. Əbu Talib - radıyallahu anhu - nu) yanına çağırıb müqaviləni yazmağı ona əmr edib buyurdu: «Yaz! Rəhimli və Mərhəmətli Allahın adı ilə /BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM/» Suheyl b. Amr: «O, ki, qaldı Rahmənə, Allaha and olsun ki, mən onu tanımıram! Biz bir vaxtlar yazdığımız kimi «Allahım! Sənin adın ilə başlayıram /BİSMİKƏ ALLAHUMMƏ/ yaz!» dedi. Bu vaxt müsəlmanlar: «Allaha and olsun ki, biz yalnız /BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM/ yazacağıq!» deyə etiraz etdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - katibinə əmr edərək: «Yaz! Allahım sənin adınla başlayıram! Bu Allahın elçisi Məhəmmədin bağladığı sülh müqaviləsidir!» Suheyl yenə etiraz edərək: «Əgər biz sənin Allahın elçisi olduğunu etiraf etsəydik Onun evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə müharibə etməzdik. Elə isə yaz -Məhəmməd b. Abdullah!» dedi. Peyğəmbər: «Baxmayaraq ki, siz məni təkzib edirsiniz, amma Allaha and olsun ki, həqiqətən mən Allahın elçisiyəm!». Katibinə əmr edərək: «Məhəmməd b. Abdullah» yazmağı əmr etdi. (Başqa rəvayətdə: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - Əli -radıyallahu anhu - ya: «Rəsulullah - sözünü silməyi əmr etdi». Əli: «Xeyr, Vallahi onu silməyəcəyəm!» dedi. Bu dəfə Peyğəmbər: «Onun yerini mənə göstər!» deyə buyurdu. Peyğəmbər öz əli ilə oranı silərək «İbn Abdullah!» sözünü yazdırdı).
Zuhri deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - Suheylin dedikləri ilə razılaşdı, çünki o: «Nəfsim əlində olana (Allaha) and olsun ki, müşrüklər Allahın haram buyurduqlarına əməl etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!» deyə söz vermişdir». Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona ilk şərtini təklif edib buyurdu: «Allahın evini təvaf etməkdə bizə əngəl törətməyəcəksiniz!». Suheyl: «Xeyr! Allaha and olsun ki, bu dəfə təvaf etməyə sizə izn verməyəcəyik. Çünki ərəblər: «Müsəlmanlar bizim müqavimətimizi qırdılar və bizi məcbur etdilər» deyə şayiələr buraxacaqlar. Elə isə gələn ildən etibarən istədiyiniz qədər Allahın evini ziyarət edə bilərsiniz!» dedi. Əli - radıyallahu anhu - onun dediklərini yazdı. Sonra Suheyl ikinci şərti təklif edib: «Bizim tərəfdən sənin yanına gələn hər bir adamı hətta sənin dinini qəbul etsə belə geri qaytarmalısan!» dedi. Müsəlmanlar heyrətlə: «Subhənəllah! Müsəlman olub yanımıza gələn bir kimsə müşriklərə qaytarıla bilərmi?!». Onlar bu məsələni müzakirə edərkən Əbu Cəndəl b. Suheyl b. Amr - radıyallahu anhu - ayaqları qandallanmış vəziyyətdə onların yanına gəldi (Əbu Cəndəl4-radıyallahu anhu - İslam dinini qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər). O, Məkkənin aşağısında həbs olunduğu yerdən qaçmış və nəhayət özünü müsəlmanlara çatdırmışdı. Bu vaxt Suheyl: «Ey Məhəmməd! Bu müqavilənin ilk maddəsinə əsasən onu mənə qaytarmalısan!» dedi. Peyğəmbər: «Biz hələ müqaviləni tamamlamamışıq!». O: «Allaha and olsun ki, belə olduğu təqdirdə mən də sənin heç bir təklifinlə razı olmayacağam!». Peyğəmbər: «Sən Əbu Cəndəl -radıyallahu anhu -nu bu müqavilədən istisna et və onu mənə bağışla!» O: «Mən onu qoyduğumuz şərtdən istisna edib sənə bağışlaya bilmərəm!». Peyğəmbər: «Sən gəl razı ol, onu mənə bağışla!» Suheyl qətiyyətlə rədd edib: «Mən heç cür sənin dediyinə əməl edə bilmərəm!». Bu zaman Mikrəz dedi: «Onu özünüzdə saxlamağa sənə icazə verdik!» (Müqavilə bağlayan Suheyl isə buna razılıq vermədi). Əbu Cəndəl: «Ey müsəlman cəmaatı! Artıq müsəlman olub sığınacaq tapmaq üçün sizin yanınıza gəldim. İndi də məni müşriklərə təhvil verirsiniz? Mənim əzab-əziyyətlərə məruz qaldığımı görmürsünüzmü?» dedi. O, Allah yolunda müşriklərin çox ağır işkəncələrinə məruz
qalmışdı. Ömər b. əl-Xəttab - radıyallahu anhu - deyir ki, o zaman mən gəlib Peyğəmbər -sallallahu aleyhi və səlləm -ə dedim: «Məgər sən Allahın haqq peyğəmbəri deyilsənmi?» O: «Bəli!» deyə cavab verdi. Mən dedim: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?» O: «Bəli!» deyə cavab verdi. (Başqa rəvayətdə: «Məgər bizim ölülərimiz Cənəttdə, onların ölüləri Cəhənnəmdə deyilmi?» O: «Bəli!» deyə cavab verdi). Mən: «Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?» deyə soruşdum. O: «Həqiqətən mən Allahın elçisiyəm və heç vaxt Ona asi olmuram! Məhz Allah mənə yardım edir!» deyə cavab verdi. Mən: «Məgər sən bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edəcəyik!» deyə xəbər verməmişdinmi? O: «Elədir! Məgər mən sənə məhz bu il təvaf edəcəyimizi xəbər vermişdim?» deyə cavab verdi. Mən: «Xeyr!» deyə cavab verdikdə o, buyurdu: «(Yaxın zamanlarda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!»
Sonra mən Əbu Bəkr - radıyallahu anhu -nun yanına gəlib dedim: «Məgər bu adam Allahın haqq Peyğəmbəri deyilmi?» O: «Bəli, elədir!» deyə cavab verdi. Mən: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?» O: «Bəli, elədir!» deyə cavab verdi. Mən: «Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?» deyə soruşdum. Əbu Bəkr -radıyallahu anhu - dedi: «Ey insan! Həqiqətən o Allahın elçisidir və heç vaxt Rəbbinə asi olmur! Allah onun yardımçısıdır. Elə isə onun sünnəsindən yapış (əmr və qadağalarına riayət et!) Allaha and olsun ki, o haqq üzərindədir!» deyə cavab verdi. Mən: «Məgər o bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edəcəyik!» deyə xəbər verməmişdimi?» O: «Bəli, elədir. Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermişdi?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdikdə o, dedi: «(Yaxın zamanlarda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!» (Başqa rəvayətdə: «Bu hadisədən sonra Fəth surəsinin ayələri nazil oldu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dərhal Ömər - radıyallahu anhu - ya xəbər göndərdi və bunu ona oxudu!». Ömər: «Ya Rəsulullah! Fəth budurmu? Deyə soruşdu. Peyğəmbər: «Bəli!» deyincə Ömərin qəlbi rahatlandı). Zuhri xəbər verir ki, Ömər - radıyallahu anhu - dedi: «Bu əməlimdən sonra (kəffarə olaraq) bir çox xeyirli işlər görmüşdüm»5.


1 «əl-Luluu vəl Mərcan» 1540, Buxari, Müslim, Əhməd 1, Tirmizi 3096.
2Buxari 3905.
3Bu müqavilə yalnız iki il davam etmişdir. Fəthul Bəri 5/404.
4Müqaviləni imzalayan Suheylin oğludur.
5 Buxari2731, Müslim 1783.


Tarix: 27.04.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...