Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏLƏKLƏRİN ADƏMİN (Aleyhissalam) YARADILIŞ HİKMƏTİ BARƏDƏ SORUŞMASI

Uca Allah bildirir ki, O, mələklərə xitab edib demişdir: «Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam» (Bəqərə: 30). O, yaratmaq istədiyi Adəm və onun yer üzünün varisləri olacaq nəsli barəsində mələklərə xəbər verdi. Necə ki, ayədə deyilir: «(Ey insanlar!) sizi yer üzünün varisləri təyin edən Odur.» (əl-Ənam: 165). Digər ayədə isə deyilir: «Sizi yer üzünün varisləri edən kimdir?» (ən-Nəml: 62).
(Bəzi ədiblər və yazarlar bu ayədəki "xuləfə" sözünü xəlifə kimi tərcümə edərək insanı, Allahın yer üzündəki xəlifəsi adlandırırlar. Amma bu fikirin etibarlı istinadı yoxdur.)

Uca Allah, hansısa əhəmiyyətli bir hadisə barədə əvvəlcədən xəbər verdiyi kimi, Adəmi və onun zürriyətini yaratmasını da öyünmək üçün əvvəlcədən onlara xəbər verdi.
Mələklər isə bu yaradılışın hikmətini öyrənmək və bilmək üçün sual verib dedilər: «Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» (əl-Bəqərə: 30).
Bəzi cahil təfsirçilərin: "Mələklər bu sözlərini narazılıq bildirmək, yaxud Adəm övladını hörmətdən salmaq və ya onlara həsəd aparıb deyirdilər", – demələri xətalıdır.
Deyilənə görə mələklər Adəmdən öncə yaradılmış cinlərdən bu kimi əməlləri (qan tökmək, fitnə-fəsad törətmək və s. tərc.) gördükləri üçün yer üzündə yaradılanların çox vaxt eyni xüsusiyyətdə olduqlarını düşünürdülər. Daha doğrusunu Allah bilir.
«Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda...» yəni, biz daim Sənə ibadət edir və aramızdan heç kəs Sənə asi olmur. Əgər Sənin yaratmaq istədiklərinin yaradılışında məqsəd Sənə ibadət etməkdirsə, budur biz yorulmadan gecə-gündüz Sənə ibadət edirik.
Amma Uca Allah «Mən bildiyim şeyi siz bilmirsiniz!» (Bəqərə: 30) – deyə onlara xitab etdi. Yəni, Mən bunların yaradılması barəsində sizin bilmədiyiniz xeyirli məqsədləri bilirəm. Belə ki, bunların arasında peyğəmbərlər, elçilər, siddiqlər, şəhidlər və əməlisalehlər olacaqdır.

Daha sonra Adəmin elm baxımından onlardan üstün olmasını onlara göstərərək «(Allah) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi.» (Bəqərə: 31).
İbn Abbasın (r.a) dediyi kimi Uca Allah Adəmə canlıların və onların əməllərinin adlarını, kiçik və böyük əşyaların ismlərini öyrətmişdir.
(Müəllif İbn Kəsir (Allah ona rəhmət etsin!) "Təfsirul Quran əl-Azim" kitabında (1/76) deyir: "Daha doğru fikir budur ki, Allah Adəmə hər əşyanın adını, keyfiyyətini, vəsfini və faydasını öyrətmişdir. İbn Abbasın t dediyi kimi: "Ona səhifə, qazan və hər bir böyük və kiçik əşyanın adını öyrətmişdi."
İbn Abbasdan t nəql olunan rəvayətin isnadı səhih deyil. Amma Quranın ümumi anlamda söylədiyi söz bu mənaya dəlalət edir. Allah daha yaxşı bilir)

Buxari Ənəs ibn Malikdən t rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: "Qiyamət günü möminlər bir yerə toplanacaq və deyəcəklər: "Bəlkə Rəbbimizin yanında kimisə şəfaətçi tutaq". Sonra Adəmin yanına gəlib deyəcəklər: "Sən bəşəriyyətin atasısan . Allah səni Öz əli ilə yaratmış, mələklərini sənə səcdə etdirmiş və hər şeyin adını sənə öyrətmişdir..." hədisin ardı var.
(Bu hədis açıq-aşkar göstərir ki, Adəm bütün bəşəriyyətin atasıdır. Şeyx Muhəmməd Abdu əl-Misrinin: "Adəm bəşəriyyətin atası deyil, ilk insandır!" – sözləri ilə məsələyə şübhə gətirməsi tutarlı deyil. Şeyx Muhəmməd Rəşid Rzanın "əl-Mənar" kitabında (4/323, 324, 325) bu batil fikri dəstəkləməsi həqiqətən də çox təəsüfedici haldır. Sonra "dəccal professor" Abdussabur Şahinin "Atam Adəm. Bəşəriyyətin əfsanəvi və həqiqi yaradılışı" adlı kitabı ilə tanış oldum. O da bu böhtan və xurafat üzərində dayanaraq Adəmi bəşəriyyətin atası deyil, ilk insan kimi qələmə verir. İnsanları həqiqətdən ayırmaq istəyənlər bu qeybi məsələni dəstəkləyirlər. Uca Allah buyurur: "Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) çıxaranları Özümə köməkçi də tutmadım!" (əl-Kəhf: 51).
Bu böhtançılar bəşəriyyətin və insanın yaradılışını ayırmaq üçün Adəmin yaradılışını təsdiqləyirlər. Onlara görə Adəm bəşəriyyətin atası deyil, bəşəriyyətdəndir, ilk insandır. Cəhalətlə suvarılmış bu yanlış fikir "insanın əsası meymundandır" deyən Darvin və onun tərəfdarlarının fikrini dəstəkləmək üçün atılmış addımdır.)Buxari: ? 4476; Muslim: ? 193.
Müəllif Allahın Adəmə bütün məxluqatın adlarını öyrətməsi fikrini dəstəkləməsi üçün bu hədisi əsas gətirməsi onu göstərir ki, məsələdə İbn Kəsirin metodu Buxarinin metodu ilə eynidir.

"Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!" – dedi" (əl-Bəqərə: 31). Həsən əl-Bəsri deyir: "Allah Adəmi yaratmaq istəyəndə mələklər dedilər ki, Rəbbimiz hansı məxluqu yaratsa biz yenə də o məxluqdan çox biləcəyik. Onlar bu sözlərinə görə belə imtahana çəkildilər". Ayədəki “(İddianızda) doğrusunuzsa..." – sözü bunun təsdiqidir.
(Təbəri "Cəmiul Bəyan" 1/173. Rəvayətin sənədi həsəndir (yaxşıdır).

Mələklər dedilər: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sənsən, hikmət sahibi Sənsən." (əl-Bəqərə: 32). Yəni, ey nöqsanlardan uzaq olan Rəbbimiz! Sən öyrətmədikcə heç kəs Sənin elmindən agah ola bilməz. Ayələrin birində deyilir: "... Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər..." (əl-Bəqərə: 255).
"(Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyaların) adlarını onlara bildir!" – dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində – aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu." (əl-Bəqərə: 33). Ey qullarım! Aşkarı bildiyim kimi gizlini də elə bilirəm.
"Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu" (əl-Bəqərə: 34). Uca Allah Adəmi Öz əli ilə yaratmaqla və ona Öz dərgahından ruh üfürməklə böyük lütfkarlıq göstərmişdir. "Mən ona surət verib Ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!" (əl-Hicr: 29). Burada dörd lütfkarlıq nümunəsi vardır: Öz əli ilə yaratmaq, Ruhundan üfürmək, mələklərə səcdə etmələrini əmr etmək və əşyaların adlarını öyrətmək.
(Allahın ruhu Özünə nisbət etməsi bu işi şərəfləndirmək üçündür. Məscidlər Allahın evləridir deyiriksə, bunu şərəfləndirmək üçün deyirik. (tərc.)

Buna görə Musa ilə Adəm yüksək məqamda mübahisə edərkən Musa ona demişdi: "Sən bəşəriyyətin atası Adəmsən. Allah səni Öz əli ilə yaradıb, Sənə Öz Ruhundan üfürüb, Mələklərini sənə səcdə etdirib və hər şeyin adını sənə öyrədib".
Qiyamət günü Məhşər əhalisi də ona eyni sözləri deyəcəklər.
(Bu hədis barədə qarşıda danışılacaqdır.)


Tarix: 26.04.2013 / 21:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...