Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ADƏMİN (aleyhissalamın) YARADILIŞINI VƏSF EDƏN HƏDİSLƏR

Əbu Musa (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Adəmi yer üzünün hər yerindən götürdüyü torpaqdan yaratdı. Adəm övladları isə torpaqların rənginə görə törədilər. Bəzisi ağ, qırmızı, qara və oxşar rəngli oldular. Bəziləri yaxşı bəziləri isə pis, sevincək və kədərli, yaxud orta xasiyyətli oldular"
(Səhihdir. Əhməd: (4/400, 406); Əbu Davud: (? 4693); Tirmizi: (? 2955); İbn Hibban "əs-Səhih": (14/29/? 6160) və başqa alimlər bu hədisi səhih sənədlə rəvayət etmişlər.)

Ənəs (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Adəmi yaradarkən bir müddət onu saxladı. İblis isə gəlib onun yan-yörəsində hərlənirdi. İblis onun içiboş olduğunu gördükdə bildi ki, o öz nəfsinə hakim ola bilən deyil"
(Əhməd: (3/152); Muslim: (? 2611)

Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Adəmə ruh üfürüldükdə ruhu başına çatdı və Adəm asqırıb dedi: Əlhəmdulilləhi rabbil aləmin (aləmlərin Rəbbi Allaha həmd olsun). Uca və əzəmətli Allah isə ona dedi: "Allah sənə rəhm etsin".
(Səhihdir. İbn Hibban: ? 6165. Səhih isnadla rəvayət etmişdir.)

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Adəmi torpaqdan yaratdı, onu palçıq etdi və bir müddət belə saxladı. O (üzun müddət qaldığı üçün) qaralıb qoxanda Allah onu yaratdı və ona surət verdi. Sonra onu tam quruyana (əl vurduqda səs verən saxsı kimi olana) qədər saxladı.
İblis onun yanından keçir və deyirdi: "Sən həqiqətən də böyük bir iş üçün yaradılmısan!"
Sonra Allah ona Öz dərgahından ruh üfürdü. Ruhun ilk təsir etdiyi gözləri və nəfəs yolları oldu. Bu vaxt Adəm asqırdı və Allaha həmd etmək ona təlqin edildi. Allah da ona "Rəbbin sənə rəhm etsin" – deyə cavab verdi.
Allah: Ey Adəm! Gördüyün bu kəslərin yanına get və onlara: "Əssəlamu aleykum (Sizə Allahın salamı olsun)" – de. Bax gör nə cavab verəcəklər". Adəm gəlib salam verdi və onlar isə cavabında: "Va aleykə-s-sələm va rəhmətullahi və bərəkətuhu (Sənə də Allahın salamı, rəhməti və bərəkəti olsun)", – dedilər.
Allah: "Ey Adəm! Bu sənin və nəslinin salamıdır".
Adəm: "Ey Rəbbim! Mənim nəslim kimdir?"
Allah: "Ey Adəm! İki əlimdən birini seç".
Adəm: "Rəbbimin hər iki əli sağ əldir və mən də Onun sağ əlini seçirəm".
Allah əlini açdı və Adəmin nəslindən olanların hamısı Rəhmanın ovucunda göründü. İnsanlar içərisində ağızlarında nur olanlar var idi. Onlardan biri Adəmin diqqətini cəlb etdi və dedi: "Ey Rəbbim! Bu kimdir?"
Allah: "Sənin oğlun Davuddur".
Adəm: "Ey Rəbbim! Onun ömrünü nə qədər etmisən?"
Allah: "Onun ömrünü altmış il etmişəm".
Adəm: "Mənim ömrümdən kəsib onun ömrünü yüz il et".
Allah onun istədiyini etdi və başqalarını da şahid etdi. Adəm yaşa dolduqda Allah ölüm mələyini onun yanına göndərdi.
Adəm dedi: "Məgər ömrümün qırx ili qalmayıb?"
Mələk dedi: "Sən ömrünün bu hissəsini oğlun Davuda vermədinmi?!"
Adəm bunu (unutduğu üçün) inkar etdi, nəsli də inkar edən oldu. Adəm unutdu, nəsli də unutqan oldu".

(Səhihdir. Əbu Yalə: ? 6580; Tirmizi: ? 3076; 3368; Nəsai "Aməlu-l-Yovm və-l-Leylə" ? 219; 220; İbn Əbu Asim "əs-Sünnə": ? 206; İbn Hibban: ? 6167; Hakim: 1/64; 2/585; 4/263; İbn Əbu Hatim "ət-Təfsir": 5/1614/? 8535. Müxtəlif yollarla Əbu Hureyrədən (r.a) rəvayət ediblər. Fikrimcə, rəvayətlərin hamısını cəm etsək səhih demək olar. Daha doğrusunu Allah bilir.)

Əbu Dərda (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Adəmi yaradanda onun sağ çiyninə vurdu və ləl-cəvahirat kimi ağ nəsil çıxardı. Sonra sol çiyninə vurub kömür kimi qara nəsil çıxardı. Sağ tərəfdəkilərə dedi: "Heç nəyə (etdiyiniz bəzi günahlara) baxmayaraq siz Cənnətliksiniz". Sol tərəfdəkilərə isə dedi: "Heç nəyə (etdiyiniz bəzi yaxşı işlərə) baxmayaraq siz Cəhənnəmliksiniz".
(Səhihdir. Əhməd: 6/441; Abdullah ibn Əhməd "əz-Zəvaid" kitabında, onun sənədi ilə İbn Əsakir "Tarix Dəməşq" kitabında 7/397; əl-Bəzzar "Müsnəd": ? 2144 (əl-Kəşşaf tərtibi ilə). Səhih isnadla rəvayət olunub. Şeyximiz Albani "əs-Səhihə" kitabında ? 49 rəvayətin səhih olduğunu bildirib.)

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Allah Adəmi yaratdıqda boyu altmış dirsək idi. Allah ona dedi: "Get və oradakı mələklərə salam ver və onların cavablarını dinlə. Bu, sənin və nəslinin salamıdır".
Adəm də gedib "Əssələmu aleykum" – deyib salam verdi.
Mələklər onun dediyinə "və rəhmətullah" sözlərini əlavə edərək dedilər: "Əssələmu aleykə və rəhmətullah".
Cənnətə daxil olan hər kəs Adəmin surətində olacaqdır. Bu günə qədər insanların boyu qısalmaqda davam edir".
(Buxari: ? 3326; 6227; Muslim: ? 2841. )

Muslim ibn Yəsar əl-Cuhəni deyir ki, Ömər ibn Xəttab bu ayə haqqında soruşuldu: "Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər..." (əl-Əraf: 172). Ömər ibn Xəttab dedi: "Mən Peyğəmbərin bu ayə haqqında soruşulduğunu eşitmişdim. O belə cavab vermişdi: "Allah Adəmi yaradıb sağ əli ilə onun belinə məsh çəkdi və ondan bir nəsil çıxartdı və dedi: "Bunları Cənnət üçün yaratdım və onlar da Cənnət əhlinin əməlini edəcəklər". Sonra bir daha onun belinə əl çəkib digər bir nəsil çıxartdı və dedi: "Bunları isə Cəhənnəm üçün yaratdım və onlar da Cəhənnəm əhlinin əməlini edəcəklər".
Bu zaman bir kişi dedi: "Ey Allahın elçisi, elə isə əməl etmək nəyə lazım?"
Peyğəmbər (s.a.v) dedi: "Allah bir bəndəni Cənnət üçün yaratdıqda onu Cənnət əhlinin əməlini etməyə müvəffəq edər. O Cənnət əhlinin əməllərindən birini edəndə vəfat edər və Cənnətə daxil olar. Allah bir bəndəni Cəhənnəm üçün yaratdıqda onu Cəhənnəm əhlinin əməlini etməyə müvəffəq edər. Bəndə Cəhənnəm əhlinin əməlini edərkən öldükdə onunla Cəhənnəmə düşər".
(Səhih-liğeyrihi. Malik 2/898; Əhməd: 1/44; Əbu Davud: ? 4703; Tirmizi: ? 3075; İbn Hibban: ? 6166; Hakim: 1/27; 2/324; 544. Digər alimlər də Malikin yolu ilə rəvayət ediblər.
Əbu Davud ? 4704; İbn Əbu Asim: 201; İbn Əbdül Bərr "ət-Təmhid": 6/4 -5. Zeyd ibn Əbu Ənisənin yolu ilə.
Bu rəvayətin isnadı zəifdir. Tirmizi "əs-Sünən" kitabında bunu açıqlamışdır. Lakin rəvayətin Əbu Hureyrənin, İbn Abbasın, Əbdürrəhman ibn Qatadənin, Ənəsin və Ubeyyin  hədislərindən şahidləri vardır. Bununla rəvayət səhih dərəcəsinə yüksəlir. İbn Əbdül Bərr "ət-Təmhid", Munziri "Muxtəsər əs-Sünən" kitabında 7/73 bunu təsdiq etmişdir. )


Tarix: 26.04.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...