Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam dininin maliyyə böhranına baxışı

1. İslam dininin maliyyə böhranına baxışı

Sual: Maliyyə böhranı barədə şərhlərinizi bilmək istəyirik?
Cavab: Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Həmd Allaha məxsusdur.

Heç kəsə gizli deyil ki, bu gün maliyyə böhranı Şərqi ilə, Qərbi ilə bütün dünyanı silkələməkdə lərzəyə gətirməkdə və yayılmaqdadır. Bu böhran siyasətçilər, qərar vericilər, tanınmış mütəfəkkirlər və iqtisadçıların gecələrini yuxusuz keçirməsinə səbəb olan ciddi bir hadisədir. Böyük bir fəlakət olmaqla, mürəkkəbliyi ilə səciyyələnir və bir çox fəsadları var. Bu böhranın dərinliyi iqtisadçılar və siyasətçilərin böyük qalmaqal yaşaması, eləcə də, bu barədə yazılan çox saylı məqalələrin mövcudluğu və müxtəlif təhlillərin edilməsindən bəlli olur. Onlar böyük çaşqınlıq içərisəndədirlər, baş verənlərə görə biri digərini ittiham etməklə bir-birini bu hadisəyə görə təqsirli görməkdədirlər.

Böhran - bununla əlaqədar islam şəriətinin bəzi mühüm aspektlərinə burada işıq üzü vermək üçün bunun üzərində durmağımızı zəruri edir:

2. Böhran bir həqiqətdir.

Bunun nəticəsində nəhəng banklar və maliyyə qurumları dağılmış; beynəlxalq birjalar tənəzzülə uğramış, trilyon dollar məbləğində pullar buxarlanmış, milyardlar maliyyə bazarlarından yox olmuş, dünyanın bir çox ölkələrində bu təsir çox dərin şəkildə özünü büruzə vermiş, milyonlarla insan var-dövlətini ya səhm, əmanət və yaxud sərmayə şəklində itirmiş; birjalarda amerika xalqının yatırdığı sərmayələrdən yaranan itki 4 trilyon dollar məbləğində olmuşdur. Bu böhran bir çox ölkələrin iqtisadiyyatına güclü zərbə endirən bir sunami təsiri yaratmışdır.

3. “Tavanları başlarına uçdu.”
İqtisadiyyat və pul Qərb cəmiyyətinin əsas dayağıdır. Onlar bu iki dayaqdan razı qalıb Allahın şəriətini tərk etdikdə: “Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.” [ən-Nəhl 16:26]
Budur, biz bu gün onların başında çatlayan geniş miqyaslı itki, tənəzzülə şahid olmaqdayıq. Fəxr etdikləri və qürur duyduqları, onları gələcək bəlalaradan qoruyacağını zənn etdikləri iqtisadi sistem onların çaxnaşmaya düşməsi və tənəzzülü, işlərinin pozulması üçün bir səbəb oldu. Bəla, müsibət onlara yuxarıdan və aşağıdan gəldi. Bundan öncə onlar belə düşünürdülər ki, təsis etdikləri maliyyə sistemi dayanıqlı və mükəmməldir, lakin elə bu maliyyə sisteminin özü onların heç bir zaman ağlına belə gətirmədikləri bir tərəfdən onların özlərinə qarşı yönəldi və “ əzab onlara gözləmədikləri yerdən gəldi.” [ən-Nəhl 16:26]

4. “De ki: “Bu, sizin özünüzdəndir!.” [Ali İmran 3:165]
Müsibətlər və fəlakətlərin maddi səbəbləri olduğu kimi, eləcə də mənəvi səbəbləri də var. Maddi səbəblərin mövcudluğu mənəvi səbəblərin olmaması demək deyil və ya buna zidd deyil.

Zülm, həddi aşmaq, günahlar, asilik, Allaha qarşı itaətsizlik, Ona qarşı çıxmaq və digərlərinin hüquqlarının tanınmaması, hüquqların tapdalanması kimi tüğyan edən bu cür hallar həm fərd, həm də toplu şəkildə insanların başına gələcək fəlakətlərin səbəblərini təşkil edir. Bəzən də bu fəlaklətlər özünü qlobal səviyyədə göstərir, necə ki, hal-hazırda baş verən qlobal maliyyə böhranında bir-birinin ardınca gələn fəlakətlər bunu bir daha sübuta yetirir.


“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyib.” [əl-Rum 30:41]


“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.” [əl-Şura 42:30]

Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət olunan səhih bir hədisdə belə deyilir: “Bir diyarda zina və riba (sələmçilik, faiz əməliyyatları) zühur edərsə, bu o deməkdir ki, artıq onlar öz əlləri ilə Allahın cəzasına düçar olmağı qazanmışlar (Allahın cəzasının onlara gəlməsi layiq olmuşdur)”. Təbərani, “Əl-Kəbir”; Şeyx Albani “Səhih əl-Cami” (679) əsərində hədisi səhih olaraq təsnif edib.
İnsanların başlarına gələn bu bəla səmadan gələn bir bəla deyil, əksinə bu məhz onların öz əllərinin qazandıqları günahların ucbatından baş verməkdədir.

5. Allah möhlət verir, unutmur!
İnsanlar riba, sələmçilik ilə müamilə edərkən, insanların mallarını sələmçilik ilə yeyərkən Allah onlara möhlət verir. Allah təala illər keçdikcə onlara müharibə elan edir və onları zəlil və alçaq vəziyyətdə yaxalayır. Necə ki, bundan öncə Allah təala Firon və onun qövmünü bu cür yaxalamışdır:
“Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar.” [əl-Əraf 7:130]

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Allah zalımı yaxalayana kimi ona möhlət verir. Artıq onu yaxladımı, onu buraxmaz”. Sonra aşağıdakı ayəni oxudu:

“Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlədir.” [əl-Hud 11:102]Hədisin səhihliyi barəsində alimlər ittifaq ediblər.
Elə zənn etməyin ki, Allah təala Öz Ucalığı, Böyüklüyü və Qüdrəti ilə bu zalım kəsləri insanlara zülm etmək və yer üzündə haqsız yerə həddi aşmaq, Allaha qarşı küfr etmək, istədikləri böyük günahı işləmək üçün tərk edərək imkan verib, sonra da onlara Öz qəzəbini, cəzasını, əzabını nazil etməyəcək.

“(Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.” [Yunus 10:23]

6. Batilin taleyi zəifləməyə və məhv olmağa məhkumdur!

Batil (haqq olmayan yol) hər nə qədər yüksəlsə də, alçalması üçün bir günün gəlməsi labüddür! Bu Allah təalanın heç bir zaman dəyişmək bilməyən bir qanunudur. “Allah Öz üzərinə vacib etmişdir ki, bu dünyada yüksələn elə bir şey yoxdur ki, onu alçaltmasın” [əl-Buxari 2872]

Qərblilər dünya iqtisadiyyatının zirvələrini fəth edərək belə söylədilər: “Qüvvət baxımından bizdən güclü kim var?”. Və Allah Təala onların maliyyə qalaları və istehkamlarını çökdürdü və onların qəlblərinə qorxu yerləşdirdi və iddialarının saxta olduğunu ifşa etdi.

7. Qərb dünyasının söykəndiyi əsanın sınması

Riba və haram maliyyə əməliyyatlarının “taxtaqurdu” Qərb aləminin söykəndiyi və dünyaya güclü olduğunu və ayaq-üstə düm-düz durduğu təəssüratını verən əsasını yeyib tükətmişdir.

Halbuki Qərb Aləmi artıq daxilindən xarab olmuş, çürümüş bir əsaya söykənirdi, bu əsa düşdükdə cin və insanlara, şərqdə və qərbdə yaşayanların hamısına aydın oldu ki, Qərbin qurduğu sistem daxildən boş və dayazdır, dayaqları çürümüşdür, xilas olması və bərpa olması mümkün deyil. Almaniyanın Maliyyə Naziri, Pier Ştaynbruk bunu bəyan edərək demişdir: “Dünya, böhrandan əvvəlki durumuna bir daha geri dönə bilməyəcək”.

8. ALLAH riba və sələmçiliklə məşğul olanlara hərb elan etmişdir


“Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın.Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin.” [əl-Bəqərə 2:278-279]

Bu müharibə bu gün özünü müxtəlif şəkildə göstərir: bunun təsiri insanların ürəkləri və əsəbləri, bərəkət və rahatlıq, var-dövlət və güc, xoşbəxtlik və qəlb rahatlığı üzərində açıq-aşkar öz təsirini biruzə verir.

Bu müharibə sıxıntı və qorxu müharibəsi olmaqla,iyrənc riba üzərində qurulmuş sistem nəticəsində dağılmaqda və əzilməkdədir. Bu müharibə bu günümüzə kimi aparılmaqda, qabağına çıxan hər bir şeyi yeyib dağıtmaqdadır.

Bu gün qərb insanı depresiya, məyusluq, təlaş, dilxorçuluq və əsəbi pozuntular kimi maliyyə böhranının fəsadlarından təsirlənməkdədirlər. Bu təsir özünü o dərəcədə hiss etdirir ki, Amerikan psixoloqu Nansi Molitor demişdir: “Mən ixtisasım üzrə çalışdığım 20 il ərzində hələ belə bir böhran görməmişəm. Təlaş və sıxıntının səviyyəsi bütün tarixi qeydləri darmadağın edərək kölgədə qoyur”.

Bu böhran elə bir həddə çatıb ki, bu böhranın təzyiqi ilə nəticədə qətl və intihar hadisələri baş verməkdədir.

9. “Allah sələmi puç edir.” [əl-Bəqərə 2:276]

Məhv olma özünü həm maddi, həm də mənəvi baxımdan göstərir. Bu həlak, məhv olma və var-dövlətin bərəkətinin itməsi deməkdir, çünki var-dövlət sahibi artıq öz malının, mülkünün faydasını-xeyirini görə bilmir və yaxud sərvətləri azalıb tükənir. Amerikanın pensiya fondundan beş gündə 2 trilyon dolların sovurulması barədə eşitdiklərimiz buna əyani bir sübutdur. Böhran 16 bankın yox olması ilə nəticələnmiş, bunlardan: 32 milyard dollar aktivi və 19 milyard dollar həcmində depozitə sahib olan IndyMac bankının iflasa uğraması ilə nəticələnmişdir. Faktiki olaraq Avropada sayı 17-yə qədər olan bir neçə nəhəng banka iflas əməliyyatları sirayət etmişdir.

Bəzi analitiklərin təxminlərinə görə növbəti ilin ortasına kimi sayı 100 dən çox bankın bağlanması ehtimal edilir, bunların aktivlərinin ümumilikdə məbləği 850 milyard dollar təşkil edir.

10. Riba, sələmçiliyə bulaşan insan məqsədinə çatmadan cəzasını alır.


“İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz.”[əl-Rum 30:39]

Rəvayət olunan səhih bir hədisdə deyilir: “Riba, sələmçilik ilə (sərvətini artırmaq üçün) çox məşğul olan elə bir kəs yoxdur ki, sonu az (yəni, malının azalması) ilə başa çatmasın.” İbn Macə; Şeyx Albani hədisi səhih olaraq təsnif edib.

İnsanlar bu söylənilənlərdən bir çox dərslər və ibrətlər alır. Bunlardan;
• Britaniyanın 10 ən zəngini 40 milyard dollar itirib.
• Sələmçilik ilə məşğul olan nəhəng dilerlərdən biri dörd ay ərzində hər saat başına 7 milyon dollar məbləğində sərvət itirib.
• Rusiyada iş adamlarının məruz qaldığı itkilər 230 milyard dollara çatmışdır. Bu rəqəm Rusiyadakı zəngin rusların ümumi sərvətinin 62%-nə bərabərdir! Bu cür insanların peşmançılığı, məyusluğu necə də dərindir!

11. Riba və qumar qoşalaşdıqda, bu məhv və həlakın yaxınlaşmasını ifadə edir.

Yuxarıdakı kombinasıyanın nəticəsi olaraq iflasa uğradıqlarnı elan edən ən böyük Amerika banklarını göstərmək olar. Leman Brothers, Integrity, Washington Mutual; ən iri sığorta şirkəti AIG-in çökməsi, kompensasiya olaraq 11 milyard dollar ödəmiş və özünün 90 illik tarixində ən böyük itkilərə məruz qalmışdır.
Təxminən 2-3 milyon amerikalı öz evlərini itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Səbəbi isə aylıq hissəli ödənişi ödəməkdən aciz olmalarıdır. İndiyə kimi burada söylənilənlərə baxmayaraq qəlblərində xəstəlik, mərəz olanların bəziləri hələ də iflasa qarşı depozitləri əmanətə almağı təklif edirlər.

12. Tamahkarlığın cəzası

Tamahkarlıq, xəsislik, dələduzluq və müqavilələrdə saxtakarlıq, eləcə də insanların aldadılmsı və onların ehtiyaclı olmalarından sui istifadə edilməsi böhrana birbaşa təsiri olan amillərdir. Bu banklardan bəziləri tamahkarlıq və daha çox qazanc əldə etmək arzusu ilə özlərinin faktiki sərmayələrini 60 dəfədən çox borca verərək həddlərini aşmışlar.
Onların öz qəzetlərindən bəziləri böhrana açıqlama verərkən aşağıdakı sözləri ilə bunu əlaqələndirmişlər: “Öz tamahkarlığınızı qınayın!”



13. “Əldə olmayan, xəyali” aktivlər ilə məşğul olmağın təhlükəsi

Böhran mal, xidmət və real məhsullardan ibarət maddi sektor ilə elektron pul, maliyyə istiqrazları, kredit kartları kimi xəyali pullar, heç yerdə deyil yalnız kompüterlərin yaddaşında mövcud olan elektron fondlar, öz dəyərini, qiymətini bankın onları zəmanətə alması ilə qazanan “müasir maliyyə alətləri” arasında böyük fərqin olduğunu ortaya qoymuşdur. Bunlar öz dəyərinin bankların zəmanəti ilə qazanırlar, banklara və maliyyə qurumlarına güvən, inam itən kimi, onların dəyərləri avtomatik olaraq itir.

YAXŞI, bəs görəsən birjalardakı ekranlarda rəqs edən milyardlarla və trilyonlarla astronomik rəqəmlər “buxarlandıqdan” sonra nə edəcəklər?

14. Azad iqtisadiyyat və iflas

Bu böhran azad iqtisadiyyat nəzəriyyəsinin uğursuzluğuna dəlalət edən ən böyük sübutdur. Belə ki, bu sistemdə qapılar insanların üzünə taybatay açılmış, fərdlər istədiyi kimi bundan istifadə etmiş, fərdlərin iqtisadi sövdələşmələrinə pulun inkişaf etdirilməsi üçün heç bir məhdudiyyət, qayda, ölçü qoyulmamış, məqsəd yalnız var-dövləti artırmaq olmuşdur. Məhz bu, cəmiyyətdə bir təbəqənin sərmayəsinin artması ilə nəticələnmişdir, nəticədə tarazlıq pozulmuş və “siniflər sistemi” meydana çıxmışdır ki, bunlar isə Allah Təalanın “o, aranızdakı zənginlərin dövləti olub qalmasın” [əl-Həşr 59:7] kəlamına ziddir

Güman edilən azad iqtisadiyyatdan dəm vurulmasına baxmayaraq, biz şahid oluruq ki, problemin həllində onların baş vurduqları çarə dövlətin özünün səlahiyyətindən istifadə edərək bankları və maliyyə qurumlarını milliləşdirməsi və aktivləri almaq üçün pul vəsaiti ilə təchiz etməsi, sistemi dəyişməsi və iqtisadi qurumların çökməsinin qarşısını almaq üçün sahibkarlara verilən “azadlığa” hədd qoymaqla dövlətin müdaxilə etməsidir.
15. Kapitalizmin prinsiplərinin tənəzzülü

Böhran kapitalist sisteminin uğursuzluğunu və maliyyə təhlükəsizliyi, cəmiyyətin müxtəlif təbəqələləri arasında tarazlıq, ictimai və iqtisadi ədalətlilik prinsipinə nail olmaqdan aciz qaldığını açıq-aydın ifadə etmişdir. Qərbin özünün maliyyə sistemi ilə fəxr etdiyini və bəşəriyyətin hələ indiyə kimi nail olduğu ən kamil bir sistem olduğunu iddia etdiyini nə qədər tez-tez duymaqdayıq. Məsələ o həddə çatmışdır ki, Fukuyama (ABŞ-ın Con Hopkins universiteti nəzdində Paul Hş Nitze adına Təkmilləşdirilmiş Beynəlxalq Tədris Qurumunda Beynəlxalq Siyasi İqtisadiyyat üzrə professor. İqtisadiyyat sahəsində bir çox kitabın müəllifi, analitik, Qərb aləmində, eləcə də dünyada tanınmış, nüfuzlu iqtisadçı) belə demişdir: “Amerika cəmiyyəti insanın kamilliyinin və yetişkənliyinin şah zirvəsidir, bundan o tərəfə heç bir şey yoxdur.” Bu gün isə Qərbin liderləri özlərinin maliyyə sisteminin uğursuzluğa düçar olduğunu etiraf etməkdə və hətta bunu “tükənmiş və qiymətsiz” kimi vəsf etməkdədirlər.

Fransa prezidenti Sarkozi hətta belə demişdir: “Biz qlobal maliyyə və valyuta sistemini kökündən yuxarıya kimi yenidən qurmalıyıq”.

Bu məqsədlə onlar zirvə toplantısı təşkil etmiş və bu toplantıda dünyanın ən böyük dövlətlərinin başçıları bu ilin sonuna kimi yeni qlobal maliyyə sistemini qurmaq üçün bir araya gəlmişdirlər.

16. Bu qlobal iqtisadi sistemdən aldanan kəslər hardadır?

“Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!” [Hud 11:80]
Özlərini güclü bir dayağa söykəndiklərini zənn edənlər dedilər: “Qlobal maliyyə sistemi yüksək səviyyədə qurulmuşdur və bu sistemdə hər hansı bir qüsurun olması mümkün deyil…daha sonra aydın oldu ki, onlar əslində içində həqiqət naminə bir şey olmayan bir “sərabın” ardınca düşüblər və söylənilən bu təriflərə layiq olmayan yalnış görüntülərə aldanıblar.

Bu sistemin süqutunun tədricən baş verməsində, böhranın bu şəkildə cərəyan etməsində zalımlar və zalımların əməllərinə aldananlar üçün imtahan və sınaq olması, həmçinin münafiqlər və qeyri-müsəlmanların sistemlərinə heyran qalan, məftun olan kəslərin iç sifətini açılması kimi böyük bir hikmət durur.

17. Sonra yenə öz bildiklərinə (batil əqidələrinə) qayıtdılar [əl-Ənbiya 21:65]

Maliyyə tənəzzülünün ilkin təsir mərhələsinə məruz qaldıqdan sonra bəzi münafiqlər və kapitalist rejiminin heyranları dağılmış sistemlərini müdafiə üçün özlərini ortaya atdılar və iddia etdilər ki, “problem sistemdən qaynaqlanmır”, əksinə problemin əsl səbəbi sistemin zəif tətbiqindən və bəzi məhdudiyyətlərin olmamasındandır, ona görə də sistemi dəyişmək üçün bir səbəb yoxdur. Sadəcə bəzi dəyişiklilərin edilməsinə ehtiyac var. Məsələyə bu cür yanaşma cərəyan edən bu qədər hadisədən sonra bundan ibrət götürməyənlər üçün bir “təkəbbürlük, inadkarlıq” kimi qiymətlənidirlir.


“Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.” [Yasin 36:46]


“De: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir.” [Yunus 10:101]

18. İqtisadiyyatı islamdan ayrı tutmağın təhlükəsi və zərərləri

Uzun müddətdir ki, münafiqlər təkrar-təkrar deyirlər ki, iqtisadiyyat ilə dini bir-birindən ayırmaq zəruridir, lakin onlar dolayı yolla Şüeyb peyğəmbərin qövmümün ona söylədiklərini ifadə edirlər:

“Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan.” [Hud 11:87]

Onlar belə deyirlər: Dinin, insanların şəxsi əməl və davranışları, mal-dövlətlərindən istifadə, idarəetmə, siyasi, ictimai və iqtisadi həyatına, istehsal metodu və paylama şəbəkəsi ilə nə əlaqəsi var ki?

Artıq bu böhran bizə göstərmişdir ki, iqtisadiyyat islam dininin hökm və qaydalarından kənara çıxdıqda “zülmətlərə” qərq olur və fəlakət problemləri özü ilə gətirir.

19. İslam dininin iqtisadiyyata dair prinsipləri iqtisadiyyatın təhlükəsizlik çarxıdır

İnsanlar Allah təalanın qoyduğu şəriət prinsiplərini öz maliyyə müamilələri zamanı göz ardı etdiklərindən və riba əsasında qurulmuş prinsiplərə görə borc verib almaqla, borcları satmaqla, xəyali sövdələşmələr qurmaqla, mülkiyyətə sahib olmadan onu satmaqla, əllərində olmayan malı satmaqla, saxta və qaranlıq sövdələşmələr icra etməklə, qumara və sığortaya qurşanmaqla Allah təalanın qoyduğu müqəddəs həddləri aşdıqlarına görə, bütün bunlar onların şirkət, müəssisə və banklarının süqutuna gətirib çıxardı.

Dünya həyatında həlaka düçar olmanın səbəbini təşkil edən maliyyə vasitələrinin, alətlərinin bəxtsiz taleyinin təsirinin əhatə dairəsi 600 trilyondan yuxarı olmuşdur.

20. Möhkəm dayaq möhkəm strukturun varisidir

“Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.” [əl-Tövbə 9:109]

Vəhy nuru olmadan heç bir iqtisadiyyat ola bilməz. Yoxsa münafiqlərin iddia etdiyi kimi “banklar olmadan heç bir iqtisadiyyat və faizsiz heç bir bank ola bilməz” fikri çox yanlış bir fikirdir

21. Allaha dəvət edən insan üçün qızıl hərfllərlə yazılmış fürsət

İslamın dünyanın ehtiyac duyduğu yeganə uğurlu sistem olduğunu baş verən böhrandan sonra insanlara çatdırmaq islam iqtisadi sistemini tətbiq edən insanlar üçün əvəzolunmaz fürsət ola bilər.
Artıq qərblilərin özləri bu həqiqəti dərk etməyə başlayıblar. Avropada ən iri iqtisadi qəzet, təsiri bütün dünyanı əhatə edən iqtisadi fəlakətin səbəbkarı kapitalist sisteminin caynaqlarından xilas olmaq üçün iqtisadi sahədə İslam şəriətinin tətbiq etmək təklif ilə çıxış etmişdir.

Onlardan biri hətta marağını bu cür ifadə edərək belə yazır: “Görəsən “Wall Street” İslam şəriətinin prinsiplərini qəbul etmək üçün hazırdırmı?”
Sawati Taneja, Avropanın maliyyə eksperti deyir: “Amerikada maliyyə böhranı sələm üzərində qurulmuş sövdələşmələrə qarşı İslami iqtisadçılar üçün qızıl bir fürsət təklif edir”.

22. İslam sistemini qəbul etmək üçün siyasi və iqtisadi sistemlərin buna hazırlığı

Əvvəllər buna qarşı olduqları halda, bu yaxınlarda italyan tədqiqatçısı Loretta Napoleonu tərəfindən, “Rogue Economics (Dələduz, Hiyləgər İqtisadiyyat)” başlığı ilə bir kitab nəşr olunub. Kitabda müəllif islam maliyyə sisteminin əhəmiyyətindən danışaraq deyir: “İslam bankları Qərb bankları üçün münasib alternativ ola bilər.”
Bəzi ərəb bankları yad Qərb mədəniyyətinin hökm sürdüyü bir çox maliyyə əməliyyatlarını, məs. borcların satılması və müxtəlif satış variantlarını dayandırmaq barədə ciddi şəkildə düşünməyə başlayıblar.
Təəssüflər olsun ki, onlar bu barədə yalnız Qərb buna qərar verdikdən sonra düşünmüş və addım-addım onları izləmişlər.

23. İnsanlara haqqı təbliğ etmək üçün böhrana sərmayə qoymaq

İslami maliyyə ekspertlərinin üzərinə düşən vəzifələrdən biri də Quran və Sünnədə İslam maliyyə sisteminin prinsiplərini araşdıraraq bunları insanlara mükəmməl və müstəqil maliyyə sistemi kimi təqdim etmək və digər sistemləri mənimsəmədən və yaxud “yamaqlı iş yanaşması”nı qəbul etmədən çatdırmaq düşür.

İslam sistemi təkcə “sələmin” olmadığı və sadəcə bəzi qaydalar ilə məhdudlaşan bir sistem deyil. Bu, üzərində İslamın adı yazılan Qərb məhsullarını təqdim edən bir sistem deyil, daha doğrusu bu şəriətin hədəflərini həyata keçirmək və bütün maliyyə əməliyyatlarında adilliyə nail olmağı hədəf edən kamil və müstəqil bir sistemdir.

24. Allahın qoyduğu qanunlarda bir hikmətin təzahürü

Qəlb, bəsirət və dərrakə sahibi olan hər bir insana məlum olur ki, Allah təalanın şəriətdə buyurduğu hər bir əmr insanların məsləhətinə ən yaxşı şəkildə xidmət edir və Allah təalanın qoyduğu qadağalar isə bu dünya və axirətdə onlar üçün zərərlidir.

Maliyyə böhranı - faiz və maliyyə əməliyyatlarında həddi aşmaqdan dolayı yaranan zərərləri bütün çılpaqlığı ilə ortaya qoymuşdur. Bunu haram edən və bu qadağanı sərtləşdirən Allahın şəni necə də ucadır.

“Challenges” jurnalının baş redaktorunun söylədikləri bu mənada təəccüblü qarşılanmamalıdır: “Banklarımızın məsul işçiləri Quranda qeyd olunan təlimlər və əhkamlara ehtiram göstərməyə çalışsaydılar, indi bu fəlakət və böhranlar bizim başımıza gəlməzdi”,

25. Şəfa və əlac Allahın haram etdikləri vasitələr ilə həyata keçmir

Bankları və maliyyə sistemini xilas etmək üçün təxsis edilmiş pul vəsaitlərinin mənbəyi, onların özünün söylədiyi kimi, faizə əsaslanan borclar və yaxud haqsız olaraq vergilərin artırılması və yaxud bunu dəstəkləyən heç bir şey olmadan daha çox valyutanın çap edilməsi hesabına qarşısı alınmaq hədəf edilmiş, lakin sonda inflyasiya ilə nəticələnmişdir. Fransız qəzeti “Le Parisien” bildirir ki, Fransa hökuməti 8% göstərici ilə 6 banka 10.5 milyard borca pul verəcək. Bunun özü də digər banklar və ölkələrdən borca götürülən, faizə əsaslanan pul vəsaitidir.

Onlar dolayı yolla sanki bunu demək istəyirlər: “Xəstəliyimi, buna səbəb olan şey ilə müalicə et”.

26. Möminlərdən qeyrilərində maddi gücün toplanması, kafirləri aldadır və onların təkəbbürlüyünü daha da artırır

Bu cür aldanış yer üzündə onları haqsız yerə təkəbbürlənmələri, digər insanları qul etmələri, Allahın Gücünü unutmaları, Ona qarşı küfr etmələri və Onun ayələrini inkar etmələri ilə nəticələnir.

Bu cür aldanış Ad qövmünün başına gələn ciddi bir xəstəlikdir:

“Ad (xalqına) gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər.” [Fussilət 41:15]

Keçmişdə və hal-hazırda nə qədər qəddar millətlər və xalqlar eyni məntiq ilə davranmışdırlarsa; Allah Ad qövmünü həlaka düçar etdiyi kimi onları darmadağın etmiş və edəcəkdir.

Bu gün kafirləri Allahın qəzəbinə qarşı onları qoruyacaq heç bir sığınacaqları, qalaları yoxdur:

“Sizin kafirləriniz onlardan [həlak edilən Nuh, Lut, Saleh peyğəmbərin qövmündən və Firon camaatından] yaxşıdırmı? Yoxsa Kitablarda sizə (Bizim Əzabımızdan) toxunulmazlıq vəd edilmişdir?” [əl-Qamər 54:43]

27. Zülm, həddi aşmaq və təkəbbürlüyün nəticəsi yaxşı olmur

Zalım, həddi aşanlar və yer üzündə haqqsız yerə təkəbbürlük edənlər pis aqibətlə qarşılaşcaqlarından salamat qala bilməzlər və nicat tapmayacaqlar.


“Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” [əl-Ənam 6:21]


“Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.” [əl-Şüəra 26:227]

Budur, bu gün dünyanın ən güclü dövlətinin yardıma ethiyacı var və İraqda qəddarcasına aparılan müharibədə 700 milyard dollardan çox vəsait xərclədikdən sonra istənilən yolla borca götürməyə razıdır. Necə ki, bəzi siyasətçilər bunu etiraf edirlər. Onların bəzi tədqiqatçıları dünya üzrə apardıqları hərbi macəralarına çəkilən xərclərin 3 trilyon dollara çatdığını hesablamışlar.

28. Özlərinə zülm edən millətlər, xalqlar və qövmlərə qarşı Allah təalanın qanunu birdir


“Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa xalqlar yaratdıq.” [əl-Ənbiya 21:11]

“(Budur) haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.” [əl-Kəhf 18:59]

“Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.” [ər-Rad 13:31]

Yuxarıda “fəlakət” kimi tərcümə olunan “qariyə” kəliməsi qeyri müəyyən formadadır və ümumi mənanı ifadə edir. Bütün “fəlakətləri” özündə ehtiva edir. Fəlakətin istənilən bir növünə - məsələn ildırım və tufan kimi fəlakətlərə aid ola bilər və yaxud insanların qəlblərinə təlaş, təşviş və qorxu salınması şəklində, maliyyə tənəzzülləri və böhranları kimi özünü göstərə bilər.

29. Ekranlara çökən “sakit bir qorxu”dur!

Siyasi və iqtisadi elmlər sahəsində Britaniyalı professor Con Qrey “Observer” jurnalında “The Tipping Point in Americas Fall from Power” (Amerika İqtidarının Süqutunda Dönüş Nöqtəsi) adlı bir məqalə yazmışdır. Məqalədə deyilir: “Amerika hökmranlığı dövrü başa çatmışdır.” Eyni iddiaları həmçinin Rusiyalı siyasət adamları və digərləri söyləmişdirlər.

30. Günahların acı nəticələrini hər kəs hiss edir.

Bunu bütün qlobal iqtisadiyyatların başına çökən zərərdən görmək olar və Birləşmiş Millətlərin Baş Katibinin sözləri bunu təsdiqləyir: “Maliyyə böhranı dünya səviyyəsində milyardlarla insanların güzəranını təhlükə altında qoyur.”

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dünya çapında 34,000 qida təhlükəsizliyi idarəsinə ünvanladığı məktubda deyilir: “Dünyada pul bazarlarının tənəzzülü 2009-cu ilə kimi Asiya, Afrika və Latın Amerikasında 36 ölkəyə təsir edəcək və bu həqiqi aclıq ilə nəticələnəcəkdir.”

Qlobal birjalarda yaranan itki, zərərin miqdarı 3 trilyon dollara çatmış, bir həftə ərzində isə Körfəz birjalarında 155 milyard dollar “buxarlanmışdır.”

Beynəlxalq Əmək Təşkilatının prezidenti xəbərdarlıq edir ki, böhranın nəticəsində gələn ilin sonuna kimi 20 milyon insan işsiz qalacaqdır.

Allah təala Qurani Kərimdə bunu söyləyərkən doğru söyləmişdir:

“Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir.” [əl-Ənfal 8:25]

Allahın hikmətindəndir ki, “maliyyə zəlzələsinin” mərkəzində səbəb kimi duranlar bütün yer üzündəki insanların nəzərində “nifrət obyektinə” çevirilib, çünki insanlar bu fəlakət üçün onları cavabdeh hesab edirlər.

31. Allah təalanın qəza və qədərində böyük hikmət var

Allahın qəza və qədəri Onun hikmətinə və adilliyinə əsaslanır; bu Yenilməz Qüvvət Sahibi və Alim olan Allahın qədəridir.

Bu dünyada heç bir şey Onun hikmətindən kənara çıxmır, O Hikmət sahibi və hər bir şeydən xəbərdardır.

Onun hikmətlərindən biri də budur ki, Allah Sübhənahu müsibət və bəlaları xəbərdarlıq, xatırlatma və insanları Ona tərəf dönməsi üçün bir səbəb etmişdir.


“Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.” [əl-Səcdə 32:21]

“(Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” [əl-Rum 30:41]

Bu böhran nəticəsində Allaha dönəcək bəzi insanlar olacaq, lakin bir çoxlarına Allahın əzabı haqq olacaq. “Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!” [əl-Həcc 22:18]

“Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.” [əl-Ənam 6:43]

32. Həqiqi mülk Allaha məxsusdur

Allah təala bu var-dövləti insanların öhdəsinə əmanət olaraq vermişdir; Allah istədiyini saxlayır, istədiyini götürür; istədiyini varlı edir, istədiyini kasıb edir; istədiyinə verir və istədiyindən alır. Bu böhran aldanmışlar və qürurlananlar üçün bir ibrətdir. Bu insanlar Qarunun söylədiyi kimi söyləyirlər:

“(Qarun) dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etmişdir?” [əl-Qəsas 28:78]

Onlar Allah təalanın onları yaxalayacağını və onların mal-dövlətini, sərvətini qəflətən götürəcəyini unutdular.

33. İnsan səbrsiz və tez özündən çıxandır

Bu böhran insanlara sirayət edən səbirsizlik və özündən çıxmanın səviyyəsini onlara göstərmişdir. Allah təala buyurur:
“Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.Ona bir pislik toxunduqda özündən çıxır,bir xeyir nəsib olduqda isə xəsislik edir.Namaz qılanlar istisnadır.” [əl-Məaric 70:19-20]

İnsanın başına xoşagəlməz bir hadisə gəldikdə, fəryad qoparır və ümidsizliyə düşür: “Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.” [Hud 11:9]

Bu böhranın nəticəsində meydana çıxanlar: özünü intihar, qətl, ürək tutma, iflic, xroniki xəstəliklər, əsəb pozuntuları, mənəvi və əqli sarsıntılar…və s. bu kimi hallardır. Bəzi tədqiqatların nəticələri göstərir ki, birjalarda işləyənlərin 57%-i psixosomatik xəstəliklərdən təsirlənmişlər. Dünya Səhiyyə Təşkilatının nəşr etdiyi hesabatda deyilir: “Maliyyə böhranı dünya səviyyəsində əqli iztirabların səviyyələrini artıracaqdır.”

Mömin bir bəndəyə gəldikdə onun halı tamamilə fərqlidir. “Möminin halı necə də qəribədir, belə ki onun bütün işlərində xeyir var. Xeyirə qovuşduqda buna görə şükr edər və bu onun üçün xeyir olar; başına xoşagəlməz bir şey gəldikdə buna səbirlə dözər və bu da onun üçün xeyir olar. Bu cür xüsusiyyət heç kimə deyil, yalnız mömin kəsə aiddir.”Müslim, (2999)

34. İnsanın pula həddən artıq bağlılığı

Böhran Allah təalanın ayədə zikr etdiyi həqiqətin bariz nümunəsidir.

“var-dövləti də hərisliklə sevirsiniz.” [əl-Fəcr 89:20]Yəni, şiddətli bir sevgi ilə.

Həmçinin Allah təala buyurur:

“Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.”[Ali-İmran 3:14]

Bu hadisənin təsirlərindən odur ki, nəticədə var-dövlətini itirənlərdən bəziləri özünü intihar etdilər, çünki var-dövlət onlar üçün həyatlarının hər bir şeyi idi, ona görə də bunu itirdikdə, onları yaşamağa sövq edən hər hansı bir motiv artıq qalmamışdı, elə buna görə də “dinarın, dolların” qullarına çevrildikdən sonra intihara əl atdılar. Allahdan başqalarına bağlanan qəlbin nəticəsi bax budur!

35. Ruzi, dolanışıq məsələsində Allaha təvəkkülün zəifliyi

Böhran insanın gələcək barədə təlaşını, sıxıntısını ifşa etmişdir. İnsanlar qorxurdular ki, özlərinin başlıca ehtiyaclarını təmin etmək, borcdan və bunun nəticəsindən xilas ola bilməyəcəklər. İnsanlar Allah təalanın aşağıdakı ayəsinə iman etsəydilər:

“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin.” [Hud 11:6]


“Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.” [əz-Zariyat 51:58]

Allah təala quşlara verdiyi kimi onların ruzisini bol və asan şəkildə verərdi.

36. Zalımların sərvətlərinin zərərə uğramasında, itirilməsində zalım Qaruna qarşı insanlardan iki qrupun mövqeyi barədə xatırlamaq üçün bir ibrət var

Zalım Qarun ehtişam, təmtəraq və bəzəklə öz qövmünün hüzuruna çıxaraq:

“(Qarun) öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir.” [əl-Qəsas 28:79]

Hər dövrdə aldananlar bax belə söylərlər. Elm və iman əhlinə gəldikdə onlar belə deyərlər:
“Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar.” [əl-Qəsas 28:80]

Allah təala onu udmaq üçün yerə əmr etdikdə nəticəsi:
“Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də (yerə) batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” [əl-Qəsas 28:82]

37. Bu dünya eyni qalmayacaq və yoxa çıxacaqdır. “(Yer) üzündə olan hər kəs ölümə məhkumdur.” [ər-Rəhman 55:26]

Bu dünya getdikcə azalan kölgədir, bunun ləzzətləri, nemətləri solacaq və bunun bər-bəzəyi həqiqi deyil.

“Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.” [Ali İmran 3:185]

“Axirət isə daha xeyirli və daha sürəklidir.” [əl-Əla 87:17]

“Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur.” [Ğafir 40:39]

Yəni, axirət dünyası qərar tutma, sülh və hüzur, əmin-amanlıq yurdudur.

Bu dünya yaşıl və şirindir, insanları aldadır. Kafirlər ticarət və sənaye sahəsində uğur qazandıqda və texnologiya və ixtira sahəsində irəlilədikdə onların mal-dövləti əbədi qalacağı barədə düşündükdə, Allahın Əmri onlara yetişdi və özləri də bundan xəbər tutmadan onları yaxaladı. Allah təala buyurur:

“Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol (məhsulu) olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.” [əl-Yunus 10:24]

Həmçinin Allah təala buyurur:

“Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.” [əl-Hədid 57:20]

38. Böhranları qiymətləndirməkdə və proqnozlaşdırmaqda bəşər övladının acizliyi, naqisliyi

Qərbdə gələcəkdə hadisələrin inkişaf təmayüllərinə dair aparılan bəzi tədqiqatların nəticəsində göstərilirdi ki, iqtisadiyyat çiçəklənməyə davam edəcək və bazarlar isə daha da yaxşılaşacaqlar. Həqiqətən də, gələcək inkişaf təmayülləri üzrə tədqiqat mərkəzlərindən birində belə güman edilirdi ki, 2009 cu il iqtisadi çiçəklənmə ili olacaq.

Amerika Morgan Stanley Bankı neftin bir barrelinin qiymətinin 150$-a çatacağını təxmin edir və deyirdilər: “Ucuz neft erası sona çatmışdır”. Digərləri isə belə güman edirdilər ki, neftin bir barelinin qiyməti 200$ a çatacaq.

Riyazi elmlər və ehtimal nəzəriyyələrində əldə olunan irəliləyiş və çox mürəkkəb tənlikləri təhlil edib işləyən kompüterlərin kəşfi Qərbli insanlarda belə bir fikir yaratmışdı ki, gələcək barədə mühakimə yürütmək və bunlar barədə dəqiq məlumat əldə etmək üçün artıq bu kifayət idi. Bu minvalla onlar apardıqları tədqiqatların nəticələrinə yüksək səviyyədə güvənirdilər. Lakin bu böhran onların ümidlərinə böyük məyusluq gətirdi, onların gözləntilərinə və tədqiqatlarına zidd çıxdı, nəticədə hasil olan şok öz naqislik və acizliklərini etiraf etmələrinə səbəb oldu. Eləcə də, onları sövq etdi ki, onlar öz təxminlərini təkrar hesablamalı və tənzimləməlidilər. Allah təala həqiqətən də haqqı söyləmişdir:
“Sizə yalnız az bir bilik verilmişdir”.[əl-İsra 17:85]


“Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.” [əl-Rum 30:7]

Onların ağıl və dərrakə sahiblərindən bəziləri bu tənəzzül və səbəbləri barədə əvvəlcədən xəbərdar etmişdilər, lakin həddən artıq gec qalana kimi onlar bütün bu söylənilənləri veclərinə almadılar, sonda isə bundan qaçınılması mümkün olmayan bir mərhələyə çatdılar.

SONDA, Uca Allahdan diləyimiz və istəyimiz, duamız budur ki, O Öz dininə dəstək versin, Sözünü uca etsin, İslamın və müsəlmanların izzətləndirsin, , münafiq və kafirlərin zəlil etsin, , zərər çəkmiş müsəlmanların əməllərini xeyir ilə əvəz etsin, onların savablarını artırsın. Ey Allahım, Sənin sevdiklərinə və razı qaldıqlarına əməl etmək üçün bizə kömək et.

“Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir.” [əl-Yusuf 12:21]


Tarix: 03.04.2013 / 22:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1093 Bölmə: Maraqlı melumatlar
loading...