Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dində orta yol dedikdə nə başa düşülür?

Sual: Dində orta yol dedikdə nə başa düşülür?


Cavab: Dində orta yolda olmaq insanın dində ifrata yol verməklə İzzət və Cəlal sahibi Allahın qoyduğu həddi aşmamağı və Allah-Təalanın qoyduğu həmin həddi azaldıb kiçiltməməyidir.

Dində orta mövqe olmaq Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) həyatını örnək alıb yaşamaqdır, Dində ifratçılıq onun (Allahın ona salavatı və salamı olsun) həyatını örnək almaqda həddini aşmaq, dində naqislik isə onun (Allahın ona salavatı və salamı olsun) həyatına biganə qalmaq və ondan örnək almamaqdır.

Məsələn, bir adam desə ki, “mən gecəni oyaq qalıb bütün günləri yatmayacam, namaz ən fəzilətli ibadətlərdən biri olduğu üçün bütün gecəni namaz qılmaqla keçirəcəm”, onda o, Allahın dinində ifrata yol vermiş olar. Belə bir iş doğru deyil. Buna oxşar bir hadisə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə də baş vermişdir. Belə ki, bir qrup adam bir yerə toplaşdılar. Onlardan biri: “Mən gecələri yatmayıb namaz qılacam”, digəri: “mən oruc tutacam və orucsuz gün keçirməyəcəm”, üçüncüsü isə: “mən qadınlarla evlənməyəcəm” – dedi. Bu xəbər Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) yetişdikdə, o, dedi: “Bu sözləri deyən camaata nə olub? Mən oruc tuturam da, tutmuram da. Gecəni namaz qılaraq keçirirəm də, yatıram da. Eləcə də qadınlarla evlənirəm. Kim sünnətimdən üz döndərərsə məndən deyil”. Onlar dində ifrata yol verməklə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sünnətindən yayındıqları üçün Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) özünün onlardan uzaq olduğunu bildirdi. Axı Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sünnətində oruc tutmaq olduğu kimi, orucsuz gün keçirməkdə də var, gecəni namaz qılmaqla keçirmək olduğu kimi, gecəni yatmaq da var. Eləcə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadınlarla evlənirdi.

Dində azaltmalara və qısaltmalara yol verən kəsə gəlincə, o, belə deyər: “Mənim nafilə ibadətlərə ehtiyacım yoxdur. Mən sadəcə fərz ibadətləri yerinə yetirirəm”. Bəlkə də həmin şəxs heç fərzləri də doğru-düzgün yerinə yetirmir. O kəs dininə biganə yanaşandır.

Dində mötədil olan kəs isə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) və onun Raşidi xəlifələrinin yolunu gedər.

Başqa bir misal verək. Üç nəfərin fasiq birinə yanaşmasına baxaq:

Birincisi belə deyər: Mən həmin fasiqə salam vermərəm, onunla danışmaram və ondan uzaq duraram.

İkincisi: Mən həmin fasiqlə oturub-duraram, ona salam verərəm, onunla mehriban olaram, onu qonaq çağıraram, ona qonaq gedərəm və o, mənim aləmimdə yalnız əməlisaleh bir insandır – deyər.

Üçüncüsü isə belə deyər: Fasiqliyinə görə onu sevmərəm, imanına görə sevərəm. Onu yalnız islah olunması üçün tərk edərəm. Əgər onu tərk etməyim onun islah olunmağına yox, daha çox azğınlaşmağına gətirib çıxararsa, onu tərk etmərəm.

Yuxarıda qeyd olunanların birincisi ifratçı, ikincisi təfritə yol verən səhlənkar, üçüncüsü isə orta mövqelidir.

Digər ibadətlərdə və insanlarla rəftarda da insanlar təfritçi, ifratçı və orta mövqeli olmaq üzrə üç qismə bölünürlər.

Üçüncü misala baxaq:

Qadının əsiri olmuş və qadının istəklərinə görə hərəkət edən bir kişi. Belə ki, o, qadınını nə günahdan çəkindirər, nə də onu vacib olan əməlləri yerinə yetirməyə sövq edər. Qadın onun ağlına hakim və üzərində güc sahibi olar.

İkinci kişi tipi qadınına qarşı kobud, təkəbbürlü olan, ona yuxarıdan baxan və onu vecinə almayan kişidır. Onun nəzərində qadını xidmətçidən də alçaqdır.

Üçüncü kişi tipi isə orta mövqedə olan kişidir. Hansı ki, Allah-Təala bu barədə belə əmr etmişdir: “Onların da (qadınların) onlar (kişilər) üzərində haqları vardır”.[1] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Mömin kişi mömin qadına nifrət etməsin! Onun bir xüsusiyyətini bəyənməzsə, digərini bəyənər”. Yuxarıda qeyd olunan üç kişi tipindən axırıncısı orta mövqedə olan mötədil kişidir. Birincisi öz zövcəsinə qarşı rəftarda həddini aşan, ikincisi isə biganə qalandır. Bunu qalan əməllərdə və ibadətlərdə özünə meyar et!


Fətvalar Məcmusu, 1-ci cild,10-cu sual, səh.42-43


Tarix: 02.04.2013 / 20:28 Müəllif: *Beyaz_Gul* Baxılıb: 283 Bölmə: Maraqlı melumatlar
loading...