Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mötəzililər

Mötəzilik- Kəlam, əqidə sahəsinin ən tanınmış nümayəndələrinin mənsub olduğu bu məzhəb Əməvilər sülaləsinin hakimiyyəti zamanı yaranmış, Abbasi xəlifələri dövründə isə inkişaf etmişdir.Mündəricat
1 Yaranması
2 İnanc sistemi
3 Özəllikləri
4 Mənbə


Yaranması

Deyilənə görə, mötəzililiyin banisi Vasil ibn Əta tanınmış ilahiyyatçı Həsən əl-Bəsrinin tələbəsi olmuş, onun elmi yığıncaqlarında iştirak edirmiş. Bu yığıncaqlarda, adətən, müxtəlif dini-fəlsəfi problemlərə toxunularmış. "Böyük günahlar etmiş müsəlmanların etiqad baxımdan durumu" mövzusundakı yığıncaqlardan birində Vasil ibn Əta Həsən əl-Bəsrinin mövqeyinə qarşı çıxaraq, onun düşüncələri ilə razılaşmamış və böyük günalar etmiş müsəlmanları mömin saymayaraq, onların imanla imansızlığın arasında olduğunu (əl-Mənzilətu beynəl-mənziləteyn) iddia etmişdir. Bundan sonra o, Həsən əl-Bəsridən ayrılmış, öz məzhəbini qurmuşdur. Opponentləri tərəfindən onun məzhəbi "mutəziliyyun", yəni mötəzilik (ayrılanlar) adlandırılmışdır. Amma bu adın yaranması haqqında başqa rəvayətlər də vardır. Onların bəzilərində bu məzhəbin Əli ibn Əbu Talibin tərəfdarları arasında yarandığı və onun ardıcıllarının "ayrılması" səbəbindən baş verdiyi bildirilir. Həmin rəvayətləri dəstəkləyənlər onların dini baxışlarının Həzrət Peyğəmbərin (s) ailəsinin (Əhli-beytin) bəzi nümayəndələrinin düşüncələri ilə üst-üstə düşdüyünü iddia etmişlər.

Mötəziliyin yaranması müsəlmanların inkişafı və İslamın dünya dininə çevrilməsi ilə bağlı olmuşdur. Müsəlmanlar dünyaya açılıb başqa mədəniyyətlərlə və müxtəlif dini-fəlsəfi düşüncələrlə qarşılaşdığından, öz dini baxışlarının sistemləşdirilməsi, onları fəlsəfi təhlildən keçirilməsi məcburiyyətində qalmışdılar. Eləcə də müxtəlif problem və suallara insan ağlını razı salan cavabların verilməsi zərurəti yaranmışdı. O dönəmdə müsəlmanların dünyagörüşləri fəlsəfi cəhətdən sistemləşmədiyindən, başqa dini və fəlsəfi məktəblərin kəskin tənqidləri ilə üzləşirdilər. Belə bir durumda müsəlman bilginləri dinlərini fəlsəfi yöndən qorumağa başlamış, dini müddəaları düşüncəyə və məntiqə uyğun təhlil edərək müxaliflərə tutarlı cavablar vermişdilər. Bu yük düşüncə metodlarına böyük önəm verdiyinə görə daha çox mötəziliyin payına düşmüşdür. Onlar xüsusi təlim yaradıb filosoflar, xristianlar, yəhudilər, zərdüştilər və başqa dini-fəlsəfi təlimlərin ardıcılları ilə uğurlu polemikalar apara bilmişdilər. Bundan başqa mötəzilər dini problemlərə düşüncə yönündən yanaşaraq müsəlmanlar arasında rəğbət qazanmış, Tanrının yer üzündə təzahür etməsi (təcəlli), ruhların bir bədəndən başqasına köçməsi (tənasüx, reinkarnasiya) kimi ideyalarla çıxış edən bəzi mistik cərəyanlara qarşı da mübarizə aparmışlar.

Əməvi hakimiyyətinin ilk çağlarında mötəzilər siyasi aktivlik göstərməmişlər. Onlar yalnız elmi-fəlsəfi fəaliyyətlə məşğul olmuşlar. Əməvilərin idarəçiliyinin son dövründə isə onlar tədricən siyasətə qatılmağa başlamışlar. 739-cu ildə İraqda üsyana qalxmış Zeyd ibn Əlini dəstəklədiklərinə görə xəlifə Hişam tərəfindən təqiblərə məruz qalsalar da, mötəzilər siyasi fəaliyyətdən əl çəkməmişlər. Onlar 744-cü ildə hətta saray çevrilişi edib, xəlifə Yəzid ibn Validi hakimiyyətə gətirməyi bacarmışlar. Lakin o, xəlifəliyi əlində saxlaya bilməmişdir.

Abbasilər hakimiyyətə gəldikdən sonra mötəzilərin mövqeyi daha da möhkəmlənmişdi. Abbasilər onların imkanlarından həm dövləti bürümüş təriqətçiliyə qarşı, həm də hakimiyyətlərinin gücləndirilməsi üçün istifadə etməyə başlamışdılar. Xəlifə Məmunun dönəmində mötəzilik xilafətin rəsmi doktrinasına çevrilmişdi. Bu tarixdən başlayaraq, mötəzilər baxışlarındakı bir sıra məqamlara, xüsusilə də Quranın mahiyyəti problemi ilə bağlı mövqelərinə görə mühafizəkarların müqaviməti ilə qarşılaşmışdılar. Vəziyyəti dəqiq qiymətləndirən mötəzilərin başçıları hakim sülalənin onlara rəğbətindən istifadə edərək mühafizəkarların təqib olunmasında dövlətin gücündən istifadə etməyə başlamışlar. Bu basqı və təzyiq dövrü İslam tarixində "mihnət" (üzüntü, bəla) adlandırılmışdır.

Mihnət zamanı Xəlifə Məmun (813-833) Quranın yaradılması haqqında mötəzili iddialarını dəstəkləmiş, bununla razılaşmayan din xadimlərini təqib edərək, bu inancı onlara zorla qəbul etdirmişdir. Lakin onların bəziləri ölümlə hədələndikdən sonra da bu inancı qəbul etməmişlər. Belə bir dözülməz durum xəlifə Mötəsimin (833-842) və Vasiqin (842-847) hakimiyyəti dövründə də davam etmişdir. Yalnız xəlifə Mütəvəkkilin (847-861) yönətimi dönəmində hakim sülalə mötəzili ideyalarından imtina edərək təqiblərə son qoymuşdur. Bundan sonra mötəzilərin mövqeyi zəyifləmiş və onlar tədricən öz siyasi-ictimai güclərini itirmişlər. Yalnız çağdaş zamanımızda mötəziliyin bir sxolastik məktəb şəklində yenidən bərpa edilməsi cəhdləri müşahidə olunur.

Ümumiyyətlə, mötəzilikdə birliyin olmaması onların bir sıra təriqətlərə bölünməsi ilə nəticələnmişdir. Böyük İslam alimi Şəhristani təriqətlər haqqında kitabında mötəziliklə bağlı vasililərin, hüzeylilərin, nəzzamilərin, həbibilərin, bişrilərin, müəmmərilərin, hişamilərin və başqa təriqətlərin adlarını çəkmişdir.

İnanc sistemi

Mötəzilərə görə, inancın beş təməli vardır:
Allahın birliyinə inanc (Tövhid).
İlahi ədalətə inanc.
Vəd və vaid (Allah tərəfindən vəd edilən Cənnət və Cəhənnəmə inam)
İnancla dinsizlik arasındakı orta vəziyyət.
İnsanları yaxşı işlər görməyə və pis işlərdən çəkinməyə dəvət etmək.

Mötəzili təlimi dini düşüncənin dəlillərlə yanaşı, metodlarının işlənib hazırlanmasına və inkişafına böyük təsir göstərmişdir. Kəlamçılarla mübarizədə ənənə tərəfdarları (əsasən sünnilər) da öz təlimlərini izah etmək üçün düşüncə metodlarından istifadə etməyə məcbur olmuşdular. Bunun nəticəsində müsəlman dünyagörüşü orta əsrlər dönəmində inkişaf etmişdir. Fəaliyyətlərinin ilk çağlarında mötəzilik çox mütərəqqi təlim olmuş, İslam dünyagörüşündə irəliləyişə təkan vermişdir. Ənənə tərəfdarları olan müsəlman mütəfəkkirləri də onlarla polemika zamanı öz düşüncə metodlarını işləyib hazırlamışdılar. Bu metodlardan mötəziliyin çöküşündən sonra da istifadə edilmişdi.

Daha sonra mötəzilənin metodları və kəlamı (sxolastikası) Avropada intibah proseslərinə müəyyən qədər təsir etmişdir. Bilindiyi kimi, avropalılar müsəlman sxolastikasının əsaslarını xaç yürüşləri zamanı, bundan başqa İspaniya və Siciliyada (bir zamanlar orada müsəlmanlarla xristianlar təmasda olmuşlar) öyrənmişdilər.

Özəllikləri

Mötəzili kəlamının ən böyük xidmətlərindən biri müsəlman apologetikasının (dinin məntiqi dəlillərlə müdafiə edilməsi) yaradılmasıdır. Onlar xristian, yəhudi, Zərdüşt və başqa dinlərin nümayəndələri ilə polemikalar aparmış, İslamın əsas müddəalarını düçüncə dəlilləri ilə müdafiə etmişdilər. Bununla yanaşı məntiqi düşüncəyə malik, yüksək təhsilli mötəzilər müsəlman cəmiyyətinin içində yayılmış bəzi mistik və xurafatçı təriqətlərə qarşı da mübarizə aparmışlar.

Mötəzilikdə mənfi məqamlar olsa da, bu təlim İslam tarixində layiqli yer tutaraq onu zənginləşdirmişdir. Onun sxolastik metodları isə dünya düşüncə tarixində öz izini qoymuşdur.


Tarix: 24.02.2013 / 17:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 531 Bölmə: Maraqlı melumatlar
loading...