Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Halallıq

Bir nəfər Məkkəni ziyarət edərkən müqəddəs Kəbə evinin yanında eyni duanı təkrar edirmiş: “Ey düzgün bəndələrə yardım edən, haramdan çəkinən bəndələri qoruyan Allah!”.



Yaxınlıqdakı bir nəfər onun sözlərini eşidib soruşur: “Sən başqa dua bilmirsənmi? Niyə eyni duanı təkrar edirsən?”.

Həmin adam etdiyi duanın səbəbini anlatmağa başlayaraq deyir: “Bir neçə il bundan əvvəl maddi vəziyyətim o qədər də yaxşı deyildi. Birtəhər pul toplayıb həccə gəldim. Kəbənin ətrafında təvaf edəndə ayağım nəyəsə ilişdi. Əyilib gördüm ki, yerdə pulla dolu bir kisə var. Kisəni götürüb içinə baxdım, kisədə min dinar pul vardı. Dərhal şeytan ürəyimə girib mənə vəsvəsə etməyə başladı ki, pul kisəsini mənimsəyim. Amma vicdanım məni təhrik edirdi ki, harama bulaşmayım. Içimdə qızğın mücadilə gedirdi. Bu arada kənardan bir adamın car çəkdiyini eşitdim: “Ay camaat, min dinar pul itirmişəm. Hər kim tapsa, ona otuz dinar verəcəyəm”. Içimdəki şeytana qalib gəlib öz-özümə dedim: “Otuz dinar halal pul min dinar haramdan daha yaxşıdır”. Pulu aparıb sahibinə verdim, o da mənə otuz dinar bağışladı.

Vətənimə dönəndə yol üstündəki şəhərlərin birində kölə bazarına girdim. Orada otuz dinara yaraşıqlı və sağlam bir kölə satıldığını gördüm. Pulu verib köləni aldım və özümlə şəhərimə gətirdim. Üstündən bir müddət keçəndən sonra şəhərimizə bir dəstə varlı-hallı adam gəldi. Bir gün gördüm ki, bu adamlar mənim köləmlə söhbət edirlər. Məni görəndə zəngin adamlar söhbəti yarımçıq kəsib getdilər. Mən köləmdən soruşdum ki, bu adamlarla nə barədə danışırdın? O da heç nəyi gizlətmədən söylədi: “Mən həbəş hökmdarının öğluyam. Atamla qonşu padşahın müharibəsi zamanı əsir düşdüm. Məni kölə kimi bazardan-bazara çəkdilər, axırda sən məni aldın. Bu gördüyün adamlar atamın əyanlarıdır. Mənim yerimi öyrənib gəliblər. Atam onlara əlli min dinar verib ki, məni satın alıb vətənimə qaytarsınlar. Sən bu müddət ərzində mənimlə çox yaxşı davranmısan. Istəyirəm ki, mən də sənə yaxşılıq edim. Bu adamlar sənin yanına danışığa gələcəklər ki, məni səndən alsınlar. Məni əlli min dinara onlara sat, qiymətdə güzəşt etmə”.

Hər şey oğlanın dediyi kimi oldu. Mən onu əlli min dinar müqabilində həmin adamlara satdım. Özüm də pulu alıb əlimdə sərmayə etdim, Bağdadda böyük bir dükan açıb ticarətlə məşğul olmağa başladım. Bir gün dostlarımdan biri yanıma gəlib dedi ki, məşhur tacirlərdən biri vəfat edib, qızı himayəsiz qalıb. Dostum mənə təklif etdi ki, o qıza elçi düşüb evlənim. Mən də həmin qızla ailə qurdum. Qız öz atasından qalan mirasla evimizə köçdü. Gətirdiyi pullar min dinarlıq kisələrdə idi. Kisələrin hamısının üzərində min dinar yazılmışdı, bir kisədə isə 970 dinar vardı. Səbəbini soruşanda qız dedi ki, atam həccdə olanda bu kisəni itirib, sonra bir halalzadə oğlan kisəni tapıb ona qaytarıb, atam da pulun üstündən otuz dinar götürüb o oğlana verib. O gündən bu kisənin başı əskikdir. Mən başıma gələnləri qıza danışdım. Hər ikimiz dünyanın işlərinə heyran qaldıq və halallığın nə qədər mühüm olduğunu bir daha anladıq. O gündən mən həmişə Allaha bu sözlərlə dua edirəm: “Ey düzgün bəndələrə yardım edən, haramdan çəkinən bəndələri qoruyan Allah!”.


Tarix: 21.11.2012 / 23:49 Müəllif: [Ram] Baxılıb: 839 Bölmə: Maraqlı melumatlar
loading...