Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ORUC MƏDƏNIYYƏTI

Oruc səbr deməkdir. Ramazan səbr ayıdır. Təfsirlərdə yazılıb ki, “Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!



Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir” (Bəqərə, 45) ayəsindəki səbr – oruca işarədir. Oruc tutan şəxs bütünlükdə – həm fiziki, həm də mənəvi mənada səbr içində olmalıdır. O, gün doğandan gün batana kimi yemək-içməkdən, hətta öyrəşdiyi siqaret kimi vərdişlərdən uzaq durmalı, adi günlərdə ona halal olan həyat yoldaşı ilə məhrəm münasibətdən iftardan qabaq və imsakdan sonra çəkinməlidir. Bunlar oruclu şəxsin öz üzərinə götürdüyü fiziki öhdəliklərin ən əsaslarıdır. Amma məsələ yalnız bununla bitmir. Bütün bədən üzvlərinin, onların əməl və hərəkətlərinin, hətta niyyətlərin də üzərində nəzarət qurmaq – Allah-təalanın öz oruclu bəndəsini görmək istədiyi həqiqi məqam bax budur.

Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsariyə buyurdu: ”Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, mədəsini və cinsiyyət üzvünü günahdan qorusa, gözünü harama baxmaqdan çəkindirsə, bu aydan çıxdığı kimi, günahlardan da çıxar (təmizlənər)“. Cabir dedi: ”Sənə fəda olum, bu nə yaxşı hədisdir!“. Peyğəmbər ona belə cavab verdi: ”Amma bu savaba yetməyin şərtləri də necə çətindir!“ (Şeyx Küleyni. Əl-Kafi, IV, 87).

Imam Cəfər Sadiq (ə) isə öz səhabəsinə buyururdu ki, oruc tutduğun zaman qulağına, gözünə, bədəndəki hər tükünə, dərinə də oruc tutdur və ”oruc tutduğun günləri oruclu olmadığın günlərlə eyni etmə“ (bax: yux. mənbə).



Nədir bütün bədən üzvlərinin orucu?



Dilin orucu. Yalan danışmamaq, söyüş söyməmək, öz din qardaşının ətini çeynəməyə bərabər olan qeybətdən çəkinmək, ürək sındırmamaq, mənasız mübahisələrə girişməmək, cahil insanların vurduğu söz yaralarını sükutla cavablandırmaq, mənasız zarafatlardan, şit-bayağı söhbətlərdən uzaq durmaq, Allahın bəxş etdiyi kəlam nemətini haqsız yerə xərcləməmək, başqalarının zehninə əziyyət verəcək dərəcədə uzunçuluq etməmək.

Gözün orucu. Allahın haram buyurduqlarına – naməhrəm bədənlərə baxmamaq, haram əməlləri razılıqla seyr etməmək, imkan varsa gözün qarşısında baş verən günahlara etiraz bildirmək, iş karyerasından qorxaraq hətta haram işlərə şahidlik etməyə də razılıq verən adamların tayı olmamaq.

Qulağın orucu. Qeybət etmədiyin kimi, qeybətə qulaq da asmamaq; hətta imkan dairəsində qeybət söhbətinin kəsilməsinə ya da mövzunun dəyişilməsinə nail olmaq. Insanı Allahdan uzaqladıran, nəfsin vəhşi istəklərini oyadan avazları dinləməmək, camaatın sirrini başqalarına faş etmək xatirinə qulaq casusluğu etməmək.

Dərinin orucu. Şəhvəti oyadan naməhrəm təmasdan, haram öpüşdən uzaq olmaq. Başqalarının haram baxışını özünə doğru cəlb etmək xatirinə geyilən açıq-saçıq libaslardan imtina etmək.

Əlin orucu. Allahın haram buyurduğu hər bir günaha yox deməyə çalışmaq. Öz əllərini rüşvət alıb-verməkdən, tərəzi arxasında durarkən çəkidə aldatmaqdan uzaq saxlamaq. Hətta camaatı azğınlığa sürükləyən fikirləri əlində tutduğun qələmlə yazıya çevirmək düşüncəsindən, şəxsi incikliyə arxalanıb bir insanın həyatını xilas edə biləcək sənədə imza atmamaq niyyətindən təmizlənmək.

Ayağın orucu. Haram işlərin arxasınca getməmək, ailən nəvazişə, qayğıya ehtiyaclı olduğu halda, ”baş qatmaq“ xatirinə küçələrdə, parklarda ayaq döyməmək.

Cinsiyyət üzvünün orucu. Oruc vaxtı hətta öz halal həyat yoldaşından da uzaq durmağın əmr edildiyi halda, öz şəhvətini haramlarla tətmin etmək duyğusundan xilas olmaq, öz bədənini günahlarla sakitləşdirmək niyyətini beyindən uzaqlaşdırmaq, öz nəfsini iradənlə cilovlaya bilmək.



Mənasız mübahisələrdən uzaq olun



Oruc kin-küdurətin, mənfi emosiyaların, qəzəb və hiddətin üzə çıxmasına qarşı bir qalxandır. Oruc həmişə psixoloji tarazlıq, mənəvi aramlıq içində olmaq deməkdir. Müqəddəslərimiz ”Oruclu şəxsə xas olan vüqarı əldən vermə“ tövsiyəsi ilə məhz bunu ifadə etmək istəyirdilər. Oruc insana əzəmət, böyüklük, izzət bəxş etməlidir. Öz vüqarını itirməməyin ən yaxşı yolu isə mənasız mübahisələrdən, xırdaçılıqdan uzaq olmaqdır. Nadan insanların səviyyəsinə enən, onlarla ağız-ağıza verib qalmaqal törədən adam hər şeydən əvvəl öz heysiyyətini və hörmətini itirər. Hədislərdə dönə-dönə təkid edilir ki, oruc tutan adam yersiz dava-dalaşdan, höcətkənlikdən bacardıqca uzaq durmalıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: ”Hansı bəndəni söysələr və o: ”Mən orucluyam. Sənə salam olsun. Sən məni söysən də, mən səni söyməyəcəyəm“ – desə, uca Allah buyurar: ”Bu bəndəm o biri bəndəmin zülmündən oruc vasitəsilə yardım istədi. Mən də onu cəhənnəm əzabından xilas edərəm“ (Şeyx Küleyni. Əl-Kafi, IV, 88; Şeyx Səduq. Mən la yəhzuruhul-fəqih, II, 109). Oxşar bir hədisdə buyurulur ki, Peyğəmbər hücuma və ya söyüşə məruz qalmış şəxsin iki dəfə ”mən orucluyam“ sözlərini təkrarlamasını tövsiyə edirdi (Səhihül-Buxari, Kitabüs-sovm, II bab, hədis 1894).

Allah-təala Insanı özünə xəlifə (canişin) kimi yaradıb. Islam müqəddəslərinin həyatı Islam məktəbində dərs alan bizlərə ən mükəmməl əxlaq nümunələrini öyrədir. Oruc tutan şəxs bunun əvəzində Allahdan mərhəmət, savab, bağışlanma umursa, orucun yalnız zahiri ehkamını deyil, batini mənasını da qorumalıdır. ”Oruc mənə görə tutulur, savabını da mən özüm verəcəyəm“ hədisi-qüdsisinə layiq ola bilmək üçün bu ibadəti bütün kamilliyi ilə icra etməyə çalışmalıyıq. Yoxsa bir hədisdə deyildiyi kimi, nə çoxdur elə oruc tutanlar ki, onlara qalan yalnız aclıq olur və nə çoxdur gecə namazı qılanlar ki, onlara qalan yalnız yuxusuzluq olur.



Oruclu insanlara hörmət edin



Ramazan ayında yalnız oruc tutanlar deyil, üzrlü və ya üzrsüz səbəbdən bunu edə bilməyənlər də bəzi qaydalara riayət etsələr yaxşı olar. Orucluğun isti yay fəslinə təsadüf etdiyi günlərdə küçədə hamının gözü qarşısında sərin su içən, yemək yeyən insanlar bir anlıq onların yanındakı şəxsin oruclu ola biləcəyini düşünsünlər. Tövsiyəmiz budur ki, yeyib-içməyi hamının gözü qarşısında, ictimai yerlərdə deyil, bunun üçün ayrılmış qapalı məkanlarda həyata keçirsinlər. Xüsusilə, bəzi idarələrdə rast gəldiyimiz kimi, nahar fasiləsi zamanı işçilərin iş otağında yeməsi, çay və su içməsi onlarla eyni otaqda oturan oruclu adama mənfi psixoloji təsir göstərir. Arzumuz budur ki, Ramazan ayında insanlar bir-birinə qarşı xüsusi ehtiramla, sayğı ilə davransınlar. Könül qırmaqdan, qəlb incitməkdən çəkinsinlər.

Unutmayaq ki, hədislərdə orucluğu Allahın ziyafəti adlandırıblar. Allahın ziyafətində hörmətsizlik etmək qəbuledilməzdir. Və unutmayaq ki, hər kəs bu ziyafətin qaydalarına necə əməl etməsindən asılı olaraq savab qazanacaq.


Tarix: 21.11.2012 / 16:25 Müəllif: [Ram] Baxılıb: 991 Bölmə: Maraqlı melumatlar
loading...