Həyatı
İmam Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi. Şeyx Şamil ilk təhsilinə Səid Xərakinin yanında başladı. Daha sonra qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin tələbəsi oldu. İmam Şamil özündən əvvəl imamət məqamında olan Qazi Məhəmməd və Həmzət Bəyin müşavirliyini etmişdi. Şamil son dərəcə sadə, təvazökar və qənaətcil bir həyatı yaşamaqda idi.
İmam Şamil müxtəlif vaxtlarda 5 dəfə evlənmişdi. Şamilin Fatimat, Cevhərat, Zahidət, Əminə və Şovanət adlı həyat yoldaşlarından Əhməd Cəmaləddin, Məhəmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin və Məhəmməd Kamil adlı 6 oğlu ilə Fatimat, Nəfisat, Nəcabət, Bəhu-Məsadu və Safiyat adlı 5 qızı olmuşdu.
Şamil imam – yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başladı. Ruslara qarşı güclü müqavimət göstərmək üçün vacib olan əskəri və mülki təşkilatları yenidən qurdu. Bir tərəfdən hərbi tədbirlər görərək düşmənə qarşı müdafiə üçün müharibəyə girişərkən, digər tərəfdən də müntəzəm olaraq ədliyə və idarə etmə mexanizmini inkişaf etdirməkdə idi. Bu zaman mədrəsələrdə təhsilə diqqət verilməkdə, fikir və sənət sahəsində böyük addımlar atılmaqda idi. Onun hakimiyyətdə olduğu zamanlarda top, barıt, digər silah-sursat istehsalı və tədarükünə ciddi fikir verilmiş, əskəri təşkilatlanmada böyük irəliləyişlər əldə edilmişdi.
İmam Şamil güclü natiqlik qabiliyyəti, qətiyyətli iradəsi və əskəri dühası ilə böyük uğurlar qazanmış, şöhrəti qısa zamanda ətrafa yayılaraq nüfuzu Dağıstan bölgəsində yaşayan xalqlar tərəfindən qəbul edilmişdi.
İmam Şamil idarə sistemini yenidən qaydaya salarkən, ölkəni naiblik və vilayətlərə ayıraraq bunların başına həm hərbi, həm də mülki işləri idarə edən naibləri təyin etdi. Üç və ya dörd naiblik bir vilayət idi. Vilayətlərin başındakı naibin rütbəsi daha böyük idi. Ayrı-ayrılıqda hər biri böyük qəhraman olan bu yüksək rütbəli naiblərdən Haqverdi Məhəmməd(Axberdilav Mohuma), Qabət Məhəmməd(Kebed Mohuma), Şuayıb Molla, Taşof Hacı, Daniyal Sultan, Nur Məhəmməd, Xiitinaf Musa, Sədullah, Düba Hacı, Hacı Murad və Şamilin böyük oğlu Məhəmməd Qazi qəzavatın adı unudulmayacaqı şəxsiyyətlərindən olmuşlar.
Şamil imam seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir. Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan əsgəri qüvvəsi də gündən-günə azalmışdı.1839-cu ildə Axulqo Təpəsində 3 min müridi ilə General Qrabbenin komandanlığındakı sayı 10 mindən artıq yüksək səviyyədə silahlanmış rus ordusuna qarşı 80 günlük müdafiəsi hərb tarixinə düşmüşdür. Şamil bu müharibədə həyat yoldaşı Cevhəratı, oğlu Səidi və bacısı Məsudəyi itirmiş, 8 yaşındakı oğlu Cəmaləddini ruslara girov vermək məcburiyətində qalmışdı.
Bu dəhşətli müharibələrdə sadəcə insan itkisi olmurdu. Ruslar aylarla davam edən müharibə nəticəsində işğal etdikləri torpaqlarda ağacları, meşələri yandırıb heç bir canlını sağ qoymadan irəliləyirdilər.
Müharibədə iştirak edən rus komandirlərindən Milyutin 80 gün davam edən Axulqo müharibəsi haqqında xatirələrində bunları deyir: "Artıq müharibəyə nəzarət və idarə komandirlərin əlindən bütünlüklə çıxmışdı. Hiddətlənərək əsəblərindən adəta dəliyə dönmüş dağlılar necə gəldi əsgərlərimizin üzərinə basqın edib, süngü ilə öldürülənə kimi döyüşürdülər. Hətta qadınlar da silahsız olduqda belə, özlərini quduzcasına süngülərimizin üzərinə atırdılar. Lakin, müvəffəqiyyət üçün hər cür fədakarlığı gözə almış rus komandanlığı inadla hücuma davam etdi. Təslim olmağı qətiyyən rədd edən dağlılar heç bir ümidləri qalmadığı halda qəhramancasına döyüşdülər. Qadınlar, uşaqlar əllərindəki xəncərlərlə ruslara hücum edir, süngülərin ucunda göz qırpmadan can verirdilər. Bəziləri isə özlərini və uşaqlarını dağdan atırdılar. Yaralılar da inanılmaz şəkildə döyüşürdülər".
Dost ölkələrdən heç bir kömək görməyən İmam Şamilin nəhayət əlindəki bütün qüvvə və qaynaqları tükəndi və 1859-cu il 6 iyununda Qunipdə General Baryatinskinin idarəsindəki 70.000 nəfərlik rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim oldu. İmam Şamili ailə üzvləri və 40-a qədər adamı ilə Peterburqa Çarın yanına apardılar. O, Rus Çarı II Aleksandr tərəfindən sarayın qapısında böyük hörmətlə qarşılanır. Çar atası I Nikolaya və onun ordusuna tam 35 il Qafqazı zindan edən zəmanənin bu böyük qəhramanını gördüyü zaman çox təsirləndi, onun saqqalından sevərək öpməkdən özünü saxlaya bilmədi. İmam Şamil bir aya qədər sarayda qonaq qaldı. Bundan sonra onun əsirlik illəri başladı. Lakin Şamil və ailəsinə əsarət çox ağır gəlirdi. 2 il içərisində Şamilin qapqara saçları ağappaq oldu. Böyük qızı Nafisat ilə gəlini – Məhəmməd Qazinin həyat yoldaşı Kərimət vərəmə yoluxub vəfat etdilər. Aradan 10 il keçəndən sora Çar onun Həccə getməsinə icazə verdi. Ancaq bir tədbir olaraq oğlu Məhəmməd Şəfini saxlayır və Həcci ziyarət etdikdən sonra dərhal Rusiyaya qayıtmasını şərt qoydu. Şamil 1870-ci ildə adamları ilə bərabər Rusiyadan çıxaraq əvvəlcə İstanbula gəldi. Sultan Əbdüləziz tərəfindən sarayda qarşılanan Şamilin İstanbula gəlməsi xəbəri yayıldı zaman şəhər bir-birinə qarışmış, xalq bu böyük qəhramanı görmək üçün saray qapısına axışmağa başlamışdı. Şamil arzuladığı son mənzilə vaxtında yetişmək üçün Sultanın məxsusi olaraq ona ayırdığı gəmi ilə yola çıxdı. Ciddə limanında Məkkə əmiri, şəhərin iləri gələnləri və böyük bir izdiham tərəfindən təntənəli mərasimlərlə İmam Şamili qarşılandı və Məkkədə şərəfli şəxslər üçün ayrılan Şürəfa dairəsində qonaq edildi.
Həcc zamanında Şamilin orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş yüz minlərlə müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökumət idarəçiləri onu Kəbənin üzərinə çıxardılar.Beləliklə insanlar onu gördülər.
Şamil həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə getdi. Mədinədə olarkən çox zəifləmiş olan İmam Şamil xəstələndi. Bütün həyatını Allah üçün cihada, ölkəsinin birliyinə həsr etmiş, əsgəri dühasını dünyaya və əbədi düşməni olan rus hökumətinə qəbul etdirən, adını dünya tarixinə "gəlmiş-keçmiş ən böyük müqavimət lideri" olaraq yazdıran İmam Şamil 4 fevral 1871-ci ildə 74 yaşında fani dünyaya gözlərini yumdu.
Tarix: 26.02.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 698 Bölmə: Maraqlı melumatlar