Bu dünyanın sonu çatdıqdan sonra başqa bir aləmin – axirət həyatının başlayacağına inam bütün ilahi dinlərdə və əqidə məktəblərində mövcuddur. Detallardakı fərqlilikləri nəzərə almasaq, bütün inanc və ideologiya təlimləri zülmlə dolmuş dünyanın sonunda Xeyirlə Şər arasında şiddətli mübarizədən (armaggeddon) sonra canlı və cansız aləmin məhv olacağını, bundan sonra bütün insanların öz əməllərinə görə cavab verəcəyini və buna uyğun olaraq əvəz alacağını bildirir. İslam ən kamil din olduğu üçün axirət inancını da ən kamil şəkildə özündə əks etdirir. Təsadüfi deyil ki, hər bir müsəlmanın inanmalı olduğu iman əsaslarından (üsulüd-din) biri məaddir. Məad (ərəb dilndən tərcüməsi «qayıdış, dönüş» deməkdir) – qiyamət günündə bütün insanların dirilərək məzardan çıxacağına, məhşər məhkəməsində mühakimə olunacağına, bundan sonra ya cənnətə, ya da cəhənnəmə aparılacağına inam deməkdir.
Lakin təəssüf ki, digər iman əsasları ilə (Allaha iman gətirmək, peyğəmbəri tanımaq və s.) ilə yanaşı, məad da bəzi insanlar tərəfindən şübhə altına alınır. Çox vaxt «bu həyatdan sonra heç nə yoxdur», «məgər kimsə o biri aləmdən qayıdıb xəbər gətiribmi» kimi düşüncələrlə məadı inkar edənlərə rast gəlirik. Əvvəla, məad əqidəsini qəbul etmək üçün heç kimin «o biri aləmdən qayıdıb xəbər gətirməsi» tələb edilmir. Dünyada elə dəyərlər, inanclar və informasiyalar var ki, onlar təcrübi (empirik) biliklə izah oluna bilməz. Çünki istər bəşəriyyətin şüur səviyyəsi, istərsə də xarici aləmdən məlumat almaq üçün istifadə etdiyimiz texnologiyalar durmadan inkişaf edir. Bu gün üçün qabaqcıl görünən elmi nəzəriyyələr və texnoloji cihazlar sabah xeyli «qocalmış» sayılır və hətta gülüş doğuracaq qədər primitiv təsir bağışlayır. Belə olan halda, hazırda bizim şüur və qavrama qabiliyyətimizin hər şeyi hesablayıb tapmaq və anlamaq üçün kifayət edəcək dərəcəyə çatdığını necə iddia edə bilərik?
Məadın mövcudluğunu həm əqli (məntiqi), həm də nəqli dəlillərlə izah etmək mümkündür. Nəqli dəlillərə gəldikdə, səmavi kitabların (Tövrat, İncil və Quran) səhifələrində rast gəldiyimiz xəbərdarlıq və müjdələr, peyğəmbərlərin hədisləri zənnimizcə kifayət edər.
Əqli dəlillər sırasında məadın vacibliyini tələb edən əsas amil – Allahın ədalətli olmasıdır. Allah hər kəsin əməllərinə uyğun olaraq əvəzini verməlidir. Əgər belə etməzsə, Onun ədalətinə və deməli, Allahlığına şübhə yaranar. Əvəz isə bəzən bu dünyada verilmir və ya bir müddət gecikdirilir. Bu, heç də Allahın bacarıqsızlığından irəli gəlmir. Əməllərə görə müsbət və ya mənfi qarşılığın gecikdirilməsinin əsas səbəbləri bəzən əməllərin xüsusiyyətindən, bəzən də maddi dünyanın xarakterindən doğur. Səbəblərdən biri budur ki, əgər Allah hər kəsin mükafatını və cəzasını bu dünyada dərhal versəydi, əməllərin səmimiyyəti itərdi. Hər kəs yalnız mükafat almaq xatirinə yaxşılıq edər, yalnız cəzadan qorxduğuna görə günahdan qaçardı. Bu zaman insanın bir parça sümük almaq ümidi ilə oynayan və ya təpikdən qorxub yaxın gəlməyən köpəkdən fərqi olmazdı. Belə olduğu halda, hansı savabdan və günahdan danışmaq olar? Ümumiyyətlə, belə olan halda həyatın mənası nə olardı? Həm Allahı danan ateistlərin, həm də dindarların gen-bol bəhs etdikləri iradə azadlığı, faili-muxtarlıq anlayışları nə ilə izah edilərdi? Axı, insanın dəyəri onun öz hərəkətlərini seçmək ixtiyarındadır. İnsan mükafat və cəzanı dərhal almır və nə zamansa alacağı barədə də yalnız qeybi sübutlara sahibdir (axı, «kimsə o biri aləmdən qayıdıb xəbər gətirməyib»). Burada hər şeyi iman və iradə həll edir.
Əməllərə görə əvəzin ya qiyamət dünyasına kimi təxirə salınması, ya da bu dünyada gecikdirilməsi hər bir fərdin öz mahiyyətini tam açmasına şərait yaradır. Əgər mükafat yaxud cəza dərhal verilsəydi, əməllə əvəzin arasındakı vaxt reqlamentini Allah hansı əsasda tənzimləməli idi ki, haqsızlıq olmasın? Bəlkə insan məsələn, kiminsə həyatını ölümdən xilas etdikdən sonra peşman olub, həmin adamı yenidən ölümün ağüşuna atacaq? Yaxud kiminsə əmlakını qəsb etdikdən sonra peşman olub tövbə edəcək, həmin malı sahibinə qaytarıb halallıq istəyəcək? Və bəlkə bu hərəkətlər birinci əməldən dərhal sonra yox, illərlə, on illərlə sonra, hətta insanın həyatının son günlərində və saatlarında baş verəcək? Məgər ömrünü mömin bir insan kimi yaşayıb, son anda bütün ibadət və savablarını dəhşətli bir cinayətlə məhv etmiş adamlar tarixdə az olubmu? Və ya islah olmasına ümid duyulmayan cinayətkarların tövbə edib düz yola gəlməsi, başqalarına nümunə olacaq həyat tərzinə üz tutması barədə xəbərləri eşitməmişikmi? Allah bəzən mükafat və cəzanı axirət dünyasına saxlamaqla insana öz həyatını axıra kimi yaşamaq imkanı verir ki, etiraz etməyə bəhanə yeri qalmasın.
Burada belə bir əks-arqument irəli sürülə bilər: əgər İslam dinində deyildiyi kimi, Allah hər kəsin kafir ya mömin olduğunu bilirsə, onda mükafatı və cəzanı qiyamətə saxlamağın mənası yoxdur. Onsuz da hər şey Allaha məlumdur; ona görə də O, hər bir əməlin əvəzini dərhal verə bilər.
Cavab: Əvvəla, əgər Allahın hər şeyi bildiyinə inanırıqsa, deməli, Onu bütün qalan sifətləri ilə də birlikdə qəbul etməliyik. Və bu halda Onun məsləhət bildiyi hər şeyin bizim şüur səviyyəmizdən daha yüksək bir hikmətə əsaslandığını etiraf etməliyik ki, əməllərə görə əvəzin qiyamətə saxlanılması da bu qəbildəndir.
İkincisi, Allahın hər şeyi qabaqcadan bilməsi o demək deyil ki, Allah insanları həmin əməli etməyə məcbur edir. Elmlə fel fərqli anlayışlardır. Yuxarıda deyildiyi kimi, əgər əməllərdə məcburiyyət olsaydı, ümumiyyətlə, mükafat və cəzanın əhəmiyyəti olmazdı.
Deyilənləri daha yaxşı başa düşmək üçün məktəb həyatına müraciət edək. Müəllim öz şagirdlərinin əksəriyyətinin savad səviyyəsini yaxşı bilir. Bununla belə, əgər onları imtahandan qabaq qiymətləndirsə, bu zaman kim həmin qiymətin düzgünlüyünə inanar? Şagirdlər onlara qarşı haqsızlıq edildiyini söyləməzlərmi? Pis qiymət alan şagird deməzmi: «Əgər mənə imtahana kimi möhlət verilsəydi, bəlkə də bilmədiklərimi öyrənib yaxşı cavab verərdim və yüksək qiymət alardım». Əksinə, yaxşı qiymət alan şagirdin də bu üstünlüyü bütün tədris ili boyunca qoruyacağına kim zəmanət verə bilər?
Bu da aydın bir həqiqətdir ki, insanlar tərəfindən törədilən bəzi əməllərin (istər yaxşı, istərsə də pis olsun) əvəzini elə bu dünyada vermək bəzən mümkün olmur. İstər həmin əməli törədən şəxsin, istərsə də onu əhatə edən adamların şəraiti ilə bağlı bəzi məhdudiyyətlər mövcuddur ki, bu işi imkansız edir. Məsələn, bəzi müsbət əməlləri dəyərləndirmək və bəzi günahları cəzalandırmaq üçün dünyada verilə bilən ən böyük əvəz də bu əməllərlə müqayisədə az görünür. Axı, cənnətdə veriləcək mükafatların ən aşağı həddə olanı bu dünyada insanın əldə edə biləcəyi ən böyük ləzzətdən daha şirindir. Həmçinin, cəhənnəmdə günahkarlara veriləcək əzablar bu dünyanın heç bir müsibəti ilə bir sırada dura bilməz.
Bu dünyada insana verilə biləcək bəzi cəza və mükafatlar onun özündən savayı, ətrafındakılara da sirayət edə bilər; bu isə ədalətin pozulması deməkdir. Məsələn, öhdəsində azyaşlı uşaqları olan bir günahkarı Allah bu dünyada cəzalandırsa, onun əziyyətini məsum körpələr də hiss edəcəklər. Əgər ata xəstələnsə, ölsə və ya kasıblığa düçar olsa, bu, onun ailəsinin və uşaqlarının dolanışığına da mütləq təsir göstərəcək və hətta onların həyatı üçün təhlükə törədəcək. Ona görə də, Allah çox vaxt əsl cəzanı qiyamətə saxlayır. Çünki Quran ayələrindən də məlum olduğu kimi, qiyamət günündə bütün əsil-nəsəb, ailə bağlılıqları aradan götürüləcək, heç kim başqasından asılı olmayacaq və heç kəs başqasının məsuliyyətinə sahib çıxmayacaq. Eyni zamanda bilinməlidir ki, günahkarlar öz əməllərinin müəyyən əvəzini bu dünyada da mütləq alırlar, çünki istənilən əməl, öz ardı ilə əvəz gətirir. Sadəcə, bəzən günaha düşən cəza o qədər ağır olur ki, bu dünyadakı cəza kifayət etmir və Allah həqiqi cəzanı axirətdə göstərir.
Axirət həyatı ilə bağlı ilk baxışda mübahisəli görünən, amma tutarlı məntiqi dəlillərə əsasalanan xeyli başqa məsələlər də vardır ki, gələcəkdə onların haqqında məlumat veriləcək.
Tarix: 21.11.2012 / 23:43 Müəllif: [Ram] Baxılıb: 1011 Bölmə: Maraqlı melumatlar