Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd ibn Osman

Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri - İmam Mehdinin xüsusi nümayəndəsi.

Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (ə) Əhməd ibn İshaqın "Kimə müraciət edək?" sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm."

Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (ə) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə təyin olunması haqqında bir məktub yetişir.

Abdullah ibn Cəfər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edilmişdi." Həmçinin, İmam Məhdi (ə) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır."

Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır.

Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdinin (ə) nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır. İmam Məhdi əleyhissəlamdan ona çoxlu məktub yetişmiş, o isə həmin məktubları öz sahiblərinə (məktub yazıb cavabını gözləyən şəxslərə) çatdırmışdır. Nəhayət, hicrətin üç yüz dörd, ya da üç yüz beşinci ilində vəfat etmişdir. O, ölümündən qabaq vəfat edəcəyi tarixi müəyyən etmiş və müəyyən etdiyi vaxtda da vəfat etmişdir.


Tarix: 26.02.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Maraqlı melumatlar
loading...